Qanunda istehlakçının “xidmət haqqı” verməsi ilə bağlı hər hansı tələb yoxdur
“Restoranlarda alınan “çay pulu” və yaxud “xidmət haqqı” barədə hər gün Azad İstehlakçılar Birliyinə istehlakçı sorğuları daxil olur. Artıq son 5 ildir bu, çox geniş yayılıb. Biznes qurumları, hamı bilməlidir ki, bütün dünyada istehlakçılara yaxşı xidmət göstərsən xidmətdən əlavə onlar sənə “çay pulu” verir. İstehlakçı düşüncəsində belə bir əhəmiyyətli an var. Baxmayaraq ki, biznes qurumları ən müxtəlif yollarla istehlakçıları soymaq istəyir. Lakin bütün hallarda istehlakçı ürəyiyumşaqdır, daim yaxşı xidmət göstərənə əvəz vermək istəyir”.
Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov söylədi.
Eyyub Hüseynovun sözlərinə görə, bəzi ölkələrdə “servis haqqı” kassa çekinə yazılmır. Məsələn, Kanadada təxminən hesabın 20 faizinə qədəri birbaşa ofisianta xidmət haqqı verilir. Ofisiant da ola bilər ki, həmin məbləği mətbəxdə ya kiminləsə bölüşdürür, ya da bölüşdürmür. Azərbaycanda isə "xidmət haqqı" kassa çekinə yazılır, müxtəlif miqdarda qoyulur. Təəssüflər olsun ki, bununla bağlı restoranlar üçün heç bir qayda mövcud deyil. Restoranların öz istəyi ilə "servis haqqı" tələbləri həyata keçirilir. Bütün hallarda istehlakçı öncədən bunu bilməli, menyuyaya baxanda görməlidir ki, müəssisəyə nə qədər “xidmət haqqı” verəcək. Azad İstehlakçılar Birliyi olaraq istehlakçılara bu çağırışı edirik ki, əvvəlcədən müəssisədən soruşun, bilin ki, orada “xidmət haqqı” alınır, ya yox. Restoran sahiblərinə müraciət edirik ki, “xidmət haqqı" ilə bağlı məlumatı menyuya daxil edin, göstərin ki, istehlakçılar bunu öncdən bilsin.

Həmsöhbətimiz vurğuladı ki, kassa çekinə yazılmış “xidmət haqqı” restoranın ümumi gəlirinə daxil olur və istehlakçı onu verməyə məcburdur. Lakin istehlakçı öncədən restoranda ondan əlavə olaraq “xidmət haqqı” alınacağını bilməlidir: ”Hər bir restoran özü “xidmət haqqı”nı müəyyən edir. Heç bir qanunvericilikdə yoxdur ki, “xidmət haqqı” nə qədər olmalıdır. Kassa çekinə yazılmadığı halda isə bəzən də restoranda istehlakçılar bu pulu birbaşa ofisiantlara verirlər. Lakin istehlakçılar “xidmət haqqı” verməyə də bilər. Qanunda istehlakçının “xidmət haqqı” verməsi ilə bağlı hər hansı tələb yoxdur. Bu, restoranların öz siyasətidir. Adətən, bu “xidmət haqqı” və yaxud da “çay pulu” orada oxuyan müğənnilərin oxunmasına gedir. Yəni, əksər hallarda, “xidmət haqqının” yeməklə əlaqəsi olmur.
E.Hüseynov bildirdi ki, restoranlardakı problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldıranda deyirlər ki, restoranlar özləri bilərlər istehlakçı ilə necə davranırlar. Çox təəssüf ki, belə vəziyyət var, istehlakçı hüquqları qorunmur, istehlakçıların soyulması, keyfiyyətdə aldadılması baş verir.
Yaqut Ağaşahqızı, “İki sahil”
İran XİN Hörmüz boğazından keçid üçün hansı hallarda ödəniş alınacağını açıqlayıb
Rusiya XİN-dən Ermənistan məhsullarına tətbiq olunan məhdudiyyətlərlə bağlı AÇIQLAMA