16 aprel 2024 02:15
276

Makron Fransası terrorçu dövlətdir

Kolonializm siyasətini XXI əsrdə belə davam etdirən Fransanın terrorçu dövlət kimi tanınması heç də təəccüblü deyil. Əslərdən bəri əsarətində saxladığı Afrikanın bir çox dövlətlərində dinc sakinlərə qarşı kütləvi qırğınlar törədən, bu günlərdə Moskvadakı «Crocus City Hall»da vaş verən terror hadisəsində də əli olan Fransanın İŞİD, «ASALA» kimi terror birləşmələri ilə əlaqələri sübuta yetirilib. Rusiya Təhlükəsizik Şurası sədrinin müavini Dmitri Medvedevin «Crocus City Hall» aktında sponsor kimi Fransa Prezidenti Emmanuel Makronun adını çəkməsi təsadüfi deyil.

Ermənistanın terror təşkilatı «ASALA»nın Fransa tərəfindən maliyyələşdirildiyi bir çox mətləblərə aydınlıq gətirir. İllərdən bəri Türkiyənin müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatlarını qətlə yetirən erməni daşnakları da Fransada toplaşmışdılar. Daşnakların qanlı əməllərini davam etdirən, Fransanın əsarəti altında olan Livanın Beyrut şəhərində yaradılan «ASALA» dəhşətli, qanlı cinayətləri ilə beynəlxalq terrorizm birləşmələrinin siyahısında ilk sıralarda yer alır. Erməni gənclərindən ibarət «Orli» qrupu da müxtəlif terror hadisələrində iştirak edərək minlərlə günahsız insanı qətlə yetirmişdir. Fransadakı «Erməni azadlıq hərəkatı”» (AOD) «ASALA» ilə birgə fəaliyyət göstərmişlər. Çoxluq təşkil edən bu faktlardan da aydın olur ki, Ermənistan kimi, Fransanın da dövlət siyasətinin əsasını terrora dəstək təşkil edir.

Torpaqlarımızı 30 il işğal altında saxlayan Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin tərkibində azərbaycanlılara ən dəhşətli işgəncələr verən bu terroçuların qanlı əməllərinin nəticələri indi aşkarlanır. PKK, İŞİD, «Əl-Qaidə»” və başqa qruplaşmalardan öz məqsədləri naminə istifadə edən, artıq müstəqilliklərini tələb edən Afrika ölkələrində illərlə müstəmləkəçilik siyasətini davam etdirən Fransanın yerli əhaliyə qarşı soyqırımlarında terrorçu birləşmələrdən istifadə etməsi sübut olunmuş faktdır. Fransanın «Lafarge» şirkətinə aid olan və Suriya ərazisində fəaliyyət göstərmiş sement zavodunun İŞİD terror qruplaşması ilə əlaqələri, müəssisənin terror qruplaşması tərəfindən maliyyələşdirildiyi təsdiqlənib. Türkiyə Milli İstihbarat Təşkilatının keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorizmə xidmət göstərən bu sement zavodu darmadağın edilib. Dünyada demokratik imic yaratmağa çalışan Fransa əslində türklər və azərbaycanlılarla yanaşı, öz vətəndaşlarının ölümündə də günahkardır. Xocalı soyqırımının törədildiyi dəhşətli günlərdə guya Fransadan ermənilərə geyim və silah gətirən, üzərində «Melkonyan» yazılan BMP zirehli maşınında oturub insanların qətlə yetirilməsini izləyən 31 media nümayəndəsinin 17-si fransız əsilli jurnalist olub. Yelisey Sarayının maliyyə dəstəyi ilə Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşilikləri beynəlxalq ictimaiyyətə «Azərbaycanlılar erməniləri öldürür!» anonsu kimi təqdim edən də Fransa təhlükəsizlik xidmətinin maliyyələşdirdiyi terrorçular olub. Fransanın Orli hava limanında fransız, ingilis, Amerika vətəndaşlarının ölümü ilə nəticələnən terror hadisəsini törədən Varujan Karapetyan məhkəmənin qərarı ilə ömürluk həbs edilsə də sonradan onu azad edib Ermənistana göndərən Fransanın hakim dairələri idi. Parisdəki Necker adına xəstəxanada 1992-1995-ci illərdə Qarabağda əsir götürülən uşaqların orqanlarını bu ölkənin təhlükəsizlik təşkilatlarının gözü qarşısında satanlar da erməni cəlladları olub. Əlcəzairdə 1,5 milyon insanı, həmçinin Vyetnamda, Mərakeşdə, Cibutidə, Çadda, Qabonda, Tunisdə 100 minlərlə yerli sakini məhv edən terrorçulara maliyyə dəstəyi göstərən, qanunsuz birləşmələri silahlandıran Fransa hakimiyyətinin özünü «insan haqlarının və demokratiyanın «vətəni» adlandırmağa haqqı yoxdur. Bu gün də özü kimi terrorçu Ermənistanı müdafiə edən rəsmi Paris haqqdan, ədalətdən danışacaq ən sonuncu dövlətdir. Bu kimi qandonduran dəhşətlər Fransanın beynəlxalq terror hadisələrində əli olduğunu təsdiqləyir.

Odur ki, «Crocus City Hall»da törədilən terror aktında Fransa xüsusi xidmət orqanlarının əlinin olduğu təkzibolunmaz reallıqdır. Rəsmi Parisin terror aktı üçün azərbaycanlı iş adamlarına məxsus konsert zalını seçməsi də düşünülmüş qanlı cinayətin tərkib hissəsidir. Məqsəd Azərbaycanla Rusiya arasında əlaqələrə xələl gətirmək, Şimal qonşumuzda çoxluq təşkil edən soydaşlarımızla yerli əhali arasında dini və etnik zəmində nifaq yaratmadır.

Qüdrətli ölkəmizin Cənubi Qafqazda Qərb və Şimal dövlətləri ilə güclü əlaqələrə malik yeganə dövlət olmasını qəbul etməyən Fransanın Avropa İttifaqı ölkələrini Azərbaycanın təbii qazından imtina ilə bağlı çağırışları da unudulmamalıdır. Rəsmi Paris dünyanın enerji bazarında Azərbaycan üçün problem yaratmağa, ölkəmizin Qərb dövlətləri ilə münasibətlərinin inkişafına mane olmağa çalışır.

İllərdən bəri erməni terrorizminin əsas dəstəkçilərindən olan, «ASALA» yerləşdiyi əsas mərkəzlərdən sayılan Fransanın «Moskva izi», terror aktından dərhal sonra Makronun Fransa Təhükəsizlik Şurasının təcili iclasını keçirərək, «Rusiyada terror aktı törədən «İŞİD-Xorasan» qruplaşması Fransada da terror hücumlarına cəhd edir» kimi «uzaqgörən» açıqlaması da rəsmi Parisin beynəlxalq terrorizmlə sıx əlaqədə olduğunu təsdiqləyr. Rusiya Təhlükəsizlik Şurasının sədrinin müavini Dmitri Medvedevin açıqlaması da təsdiqləyir ki, rəsmi Moskvanın aidiyyəti strukturlarında hadisə ilə bağlı daha dəqiq məlumatlar var. Yeri gəlmişkən, Fransanın Moskvadakı səfiri də Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona diplomatik qaydalara uyğun xəbərdarlıq edilib.

Qarabağı könüllü tərk edənlərdən ibarət legion hazırlayaraq Ukrayna cəbhəsinə göndərmək niyyətini gizlətməyən Makronun qaniçənliyi ilə insanlıq tarixinə qara səhifələr yazan erməni cəlladlarının vəhşiliklərinin eynilik təşkil etməsi düşündürücü faktdır. Bu əqidə oxşarlığı Fransanın Cənubi Qafqaz siyasətinin məqsəd və məramını da bəlli edir. Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan haylarla birgə soydaşlarımıza qarşı vəhşiliklər törədən Makron əl buyruqçusu Ermənistanın baş naziri Nikol Paşinyandan yararlanaraq Cənubi Qafqazı da murdarlamaq niyyətindədir.

Yaxın Şərqdə İsraildən, Şərqi Avropada Ukraynadan istifadə edən ABŞ-ın və Avropa İttifaqının eyni ssenarini Cənubi Qafqazda təkrarlamaq üçün «Ermənistan kartı»ndan yararlanmaq cəhdinin məqsədi bölgədə gərginliyi artırmaqdır. Zəif iradəyə malik, idarə olunan dövlət siyasətini «kökə və qamçı» prinsipi ilə tarazlayan, Rusiyadan uzaqlaşaraq Qərblə yaxınlaşan Ermənistan qarşıdakı illərdə «Ukrayna variantı» ilə üzləşəcəyini düşünmək istəmir. Son vaxtlar Azərbaycanla şərti sərhəddə baş verən təxribatlar, o cümlədən Ermənistan hakimiyyətinin tədricən sülh gündəliyindən uzaqlaşmaq cəhdləri onu deməyə əsas verir ki, qarşı tərəfin hazırkı mövqeyi kifayət qədər müəmmalı, Cənubi Qafqazda yeni münaqişə üçün təhlükəli potensialdır. İstisna deyil ki, Rusiya ilə Qərbin toqquşma poliqonu bu dəfə Ermənistan olacaq.

Ölkə daxilindəki milli birlik, həmrəylik nəticəsində İkinci Qarabağ müharibəsində qalib gələn Azərbaycanın gözlənilən təhdidlərə, təzyiqlərə cavab verməyə hazır olduğunu Qərb də, ABŞ rəsmiləri də aydın başa düşürlər. Ölkəmizi təhlükələrdən qorumaq qüdrətinə malik «dəmir yumruq» loqosunun Yeni Kaledoniyada keçirilən aksiya zamanı qaldırılması Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin ifadəsi olmaqla Cənubi Qafqaz həsrəti ilə yuxuları qaçan sərsəm Makrona xəbərdarlıqdır.

Xuraman İsmayılqızı, «İki sahil»