03 may 2024 12:43
243

Hindistan sanksiyalara baxmayaraq Rusiyadan neft idxalını artırır - "İndian Express"

Hindistan Qərbin tətbiq etdiyi sanksiyalara baxmayaraq Rusiyadan neft almaqda davam edir.

“İki sahil” xəbər verir ki,  bu barədə “The İndian Express” “Kpler” analitik agentliyinə istinadla məlumat verib.

Qeyd edilir ki, aprel ayında Rusiyadan Hindistana neft idxalının həcmi son doqquz ayın ən yüksək səviyyəsinə çatıb və gündəlik 1,96 milyon barel təşkil edib.

Bu rəqəm həm də 2024-cü ilin mart ayında qeydə alınan rəqəmlərdən 19% çoxdur.  Nəşrin məlumatına görə, apreldə Hindistanda neft idxalının ümumi həcmi sutkada 4,86 ​​milyon barel təşkil edib ki, bunun da 40,3%-i Rusiyanın payına düşüb. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya neftinin Hindistanla ödənişində heç bir problem olmadığını bildirmişdi.

Mart ayında Rusiya hökuməti yanında Maliyyə Universitetinin eksperti İqor Yuşkov Asiya bazarının inkişafının neftə tələbatın artmasına səbəb ola biləcəyi və belə bir şəraitdə OPEC+ ölkələrinin razılaşdırılmış hasilat həcminin artırılmasını nəzərdən keçirməli olduğu fikrini bildirmişdi.