06 may 2024 23:21
349

Cavid fəlsəfəsi Azərbaycan mədəniyyətinin dan yeridir

(Ədəbi təhlil)

Nеçə-nеçə   illər   əvvəl   böyük   sənətkarlarımız   özlərinə     uzun-uzadı   künyə, ləqəb-şəcərə seçərkən nədənsə təəccüblənirdim. Lakin sоnralar başa düşdüm ki, İnsan  оğlu öz nəslini, zatını heç vaxt dana bilməz. Hüseyn Cavid  kimi! O, istedadı ilə yanaşı, həm də türkəsilli, turan məfkurəli və Qurd ideallı olduğunun həmişə bəyan eləyib və təəssüf ki, onun da faciəsini yaşayıb. Cavid bununla göstərdi ki, ulu Turanın ən ümumi künyəsi qurd оğullarıdır. O, Bоz Qurd, yəni böyük Qurd inancı ilə dünyaya ilk fəlsəfi baxışımızın anatomiyasını açdı. Çox istəyərdim ki, Cavid haqqında yazanların çoxu da oz şəcərəsi və künyəsi haqqında məlumat verərdi. Bu, çox vacib məsələdir. Çünki zatı-kökü müəmmalı insanlar zamanında Cavidə cəhənnəm əzabı yaşatdılar.Bu zamanın təbirincə desək hələ də NKVD-nin şinelindən çıxan ədəbiyyatşünaslar, tənqidçi və nəzəriyyəçilərin bir qismi maskalanaraq  özlərini üzdə “ürəyiyumşaq”, “Aydan-arı…” “cavidsevər” kimi  göstərir, gizlində isə qorxunc bir varlıq olaraq tüğyan edirdi. Mənə belə gəlir ki, onlar bu gün də Cavidin əleyhinə iş aparırlar. Çünki Cavidin etnik kimliyi  turancılığın və Böyük istedadın cavidləşmiş obrazıdır.Bu möhtəşəm titulu bugünkü cavidşünas və cavidsevərlərin əlindən almaq üçün yuxularını gecə-gündüz qarışdıranlar yeni zaman, yeni məqam, yeni intiqam və yeni üsuli-idarə gözləyirlər.

Dünənə qədər “Azərbaycan əməkçilərinin mübarizəsinə yad olan əsərlər yazıb“ zamanın nəbzini tuta bilməməkdə Cavidi günahlandıranlar indi “ədalət mundiri” geyiniblər.Cavidi tənqid edənlər indi onu mədh edirlər. Onlar NKVD-nin və 37-nin “gül balaları” olmalarını qismətə bağladıqları üçün bugünkü ilahi Ədaləti həzm edə bilmirlər. Saman altından su yeritmək və “qəzəb”lərinin, “acıq”larının bədəlini geri qayramaq arzusundadılar. Bu isə xəyaldan başqa bir şey deyil. Çünki Cavidin Turan və Türk fəlsəfəsi alınmaz bir səngərdir.

Hüseyn Cavid dövrün, hakim dairələrin və siyasi rejimin deyil, yalnız və yalnız xalqının və ana dilinin nəbzini tuturdu. O, düşüncələrinin və romantikliyinin nəbzini tuturdu.

Əfsus ki, heçdir sonu türk ordusu varsın,

İstərsə bütün Hindi də, Əfqanı da sarsın,

İstərsə bütün qarşı çıxan manei yıxsın,

Turanı basıb bağrına Altaylara çıxsın,

Mümkün deyil əsla olamaz naili-amal

Etdikcə xəyanət əli bu milləti pamal.

Türk ordusu daim basaraq ölkələr almış.

Ən sonda siyasətdə basılmış da bunalmış.

İdrakı sönük başçıların qəfləti ancaq,

Etmiş, edəcək milləti həp əldə oyuncaq.

Turana qılıncdan daha ulu qüvvət

Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət.

Hüseyn Cavidin müxtəlif illərdə “Ana” (1910), “Maral” (1912), “Şeyx Sənan” (1914), “Şeyda” (1916), “Uçurum” (1917), “İblis” (1918), “Afət” (1921), “Peyğəmbər” (1923), “Topal Teymur” (1925), “Knyaz” (1929), “Səyavuş” (1932), “Xəyyam” (1934), “Şəhla” (1935), “İblisin intiqamı” (1937), Bu on dörd əsərdən beşi “Maral”, “Şeyda”, “Afət”, “Topal Teymur”, “İblisin intiqamı” dram əsərləri ədəbiyyat tariximizin və xalqımızın fikir fəlsəfəsidir. Bu fəlsəfənin kökü və başlanğıcı ədəbiyyatın klassik dövründən qaynaqlanır.

Ədəbiyyatın klassik dövr mərhələsi burjua ədəbiyyat anlayışı ilə eyni vaxtda yarandığı üçün klassisizm, regional mədəniyyət hadisəsi kimi fərqli görünürdü. Bu fərqlilikdə antik ədəbiyyata və intibah klassiklərinin təcrübəsinə daha çox meyil göstərilirdi.Əlbəttə ki, Cavid əfəndi, “klassisizm milli simadan məhrumdur!” tezisini irəli sürən və  müasir həyatı ədəbiyyat üçün maraqsız  hesab edən qərb nəzəriyyəçilərindən fərqli olaraq şərqin faciəsini və bu faciənin kontekstində ədəbi fikir fəlsəfəsinin modellərini işləyib ortaya qoymuşdur.

Klassisizm bütün hallarda kitab ədəbiyyatıdır, prinsipi Cavid klassisizminin, Cavid romantizminin əsas mahiyyətidir.

Məlumdur ki, klassik yaradıcıların əksəriyyəti saraylarda yaşayıb və öz hökmdarlarını həmişə mədh ediblər. Hüseyn Cavid isə fərqli olaraq heç vaxt saray sakini olmayıb.Onun məfkurəsində və düşüncələrində daha böyük saraylar var. Cavid o sarayları söz xəzinəsi ilə hörüb, tikib. O, sultanların tikdirdiyi qan  qoxusu gələn saraylara getmək istəmirdi. Nəinki getmək istəmirdi, onu təsəvvürünə belə gətirmirdi. Bu absurdluq sindromu idi Cavid üçün.

Cavid əfəndi öz sarayındakı fövqəl insanların əhatəsindən heç vaxt çıxıb cəlladı olan saraylara üz tutmurdu. Onun üçün mövcud olan iki saray: birində Allah eşqi, Ruh, elm, müqəddəs sayılan - Ulduz, Günəş, Ay parıltıları – mənəvi zənginlik…

İkincisində isə şahənşahlıq, müharibə, iğtişaş, çevriliş, xəyanət, ədavət, xainlik, intiqam və qana-qanla əldə olunan ləl-cəvahirat, var-dövlət…

Ali fikir və düşüncə zirvəsində dayanıb Ruh sarayının memarı olan Cavid Ucalığı hakim saray əyanlarını əlbəttə ki, heç vaxt rahat qoya bilməzdi.

Hər qulun cihanda bir pənahı var,

Hər əhli-halın bir qibləgahı var,

Hər kəsin bir еşqi, bir ilahı var,

Bənim tanrım gözəllikdir, sеvgidir.

Yaxud

Mən fəqət hüsnü-xuda şairiyəm

Yerə enməm də səma şairiyəm!

deyən şair sevgisindən və gözəlliyindən ilham ala-ala öz dünyasına, öz Tanrısına şükr edir. Düşüncələrinin rahatlığına qapanır. Sığındığı Ruh sarayının ona bəxş etdiyi ilham və  poetik dünyanın ağuşunda və nurunda dincəlir.

Ulu Cavid “Peyğəmbər” əsərində yazır:

Peyğəmbər:

Öylə bir əsr içindəyim ki, cihan

Zülmü vəhşətlə qavrulub yanıyor.

Yüz çevirmiş də tanrıdan insan,

Küfrü haq, cəhli mərifət sanıyor.

yaxud:

Ah, şu elmasparələr sərpən

Gecə çoq möhtəşəm...fəqət onu bən

Seyrə daldıqca sanki məhv olurum.

Qəlbim oynar da, çırpınır ruhum.

Anlamam bir şu ölçüsüz, şu dərin,

Bu qaranlıq, çiçəkli pərdə niçin?

Bəni yalnız düşündürən şu məal.

Həp bu, yalnız bu, daima bu sual.

Şu siyah çarşaf ən böyük əngəl,

Uça bilsəydim, iştə ən əvvəl

Onu yırtar da, parçalar da həmən.

Qavuşurdum o hüsni-mütləqə mən.

Şərq klassisizmə xas olan Allahın və peyğəmbərin mədhi onun konservativliyi ilə bağlı idi. Bu şərq klassisizmin əsas forması olan sufi ədəbiyyatında, lirik poeziyada – qəzəl, diyuq, rübai formasında özünü göstərirdi.

Fəqət bir Tanrı ki, sana

Böylə bir gözəllik vermiş.

Nədən xor baqarsın ona,

Niçin etməzsin pərəstiş?

deyən müəllif qadının sevgisini, Tanrı sevgisinin yanında heç olduğunu göstərir və onu dinə inanmağa çağırır.

Azərbaycan klassisizminin təcəssümü Füzuli ədəbi məktəbi olsa da klassik Azərbaycan ədəbiyyatı XIX əsrə qədər bu klassisizmin prinsipləri əsasında inkişaf etmişdir. M.F.Axundov müasirliyi Azərbaycan ədəbiyyatına gətirərkən böyük ustad Fizulini “formalist” adlandırması da yuxarıda dediyimiz ictimai fikrin əsas inkişaf prinsipləri ilə bağlı idi. Hüseyn Cavid çox gözəl dərk eləyirdi ki,  sufizm islam mədəniyyətində ancaq poeziya formasında təzahür edir. Daha doğrusu, dini mətn forması kimi islam mədəniyyətində poeziya simvolu kimi yaşamaqdadır və bu gün də ona müraciət edənlər az deyil. Odur ki, yazırdı:

Bəni anlatma ki eşq, aləmi-sevda nə imiş?

Bilirəm bən səni, get! Hər sözün əfsanə imiş.

Get, gülüm, get, gözəlim! Başqa bir aşiq ara, bul!

Duydum artıq sənin eşqindəki məna nə imiş!

Şair burada dini qadağalara məhəl qoymadan insanların təbii hissiyyatlarını sentimentalistlər kimi onun şəxsi həyatı şəklində poeziyaya gətirir. Çünki sentimentalistlər demokratik əqidəli adamlar olmaqla sevgi kimi zərif və  daha incə hisslərini ədəbiyyat hadisəsinə çevirirdilər.

Çünki röyada gördüyün uçurum

Səni eylər bu feyzdən məhrum,

Baş verir səndən öylə bir hərəkət

Ki, bütün xalq edər həman nifrət.

Alçalır, ruhun alçalır... Ancaq,

Səni alçaldan ehtiras olacaq.

Göründüyü kimi xam xəyalın, nəfsin, ehtirasın qurbanı olduğunu Şeyx Sənanın dili ilə mistik-fəlsəfi yozumla təqdim edir. Ruhun poetik tamlığına xələl gəlməsin deyə, onu kölgəsiz görmək istəyir.

O, “Qoca bir Türkün vəsiyyəti” şeirində yazır:

Namus, vicdan insanlarda iki böyük qanatdır,

Onlar ilə Adəm oğlu yüksək göylərdən aşar.

Namus, vicdan bizlər için daimi bir həyatdır,

Türk еli həp o hiss için doğmuş, onunla yaşar.

Bir millətin tarixidir kökü, yurdu, yuvası,

Tarixiniz baş ucundan hərgiz əskik olmasın.

“Altay” dağı, “Makan” çölü, həm də “Yasın” ovası”

Birər aydın səhifədir, hər türk gərək anlasın.

Hər əsərində milli ab-hava və milli koloriti tərənnüm edən, canı və qanından gələn dəyərləri misralara hopduran Cavid öz kökünə və dogma vətəninə möhkəm tellərlə bağlılığını nümayiş etdirirdi.

Ümumiyyətlə, milli kolorit anlayışı “tanımayan klassist ədəbiyyatdan” fərqli olaraq romantiklərdə millilik, kimlik, etnik bünövrəlik, milli dəyərlər, adət-ənənə və bir sözlə, milli keyfiyyət daha güclü idi. Bu onlarda millətçilik hissiyyatları formasında biruzə verirdi.

Çünki o dövrdə xalqın fərdi koloritinin gücü də romantizmin yaranmasını tələb edirdi. Mən deyərdim ki, onları ədəbiyyata məhz həmən milli kolorit dediyimiz keyfiyyət gətirmişdi. Əbəs yerə deyil ki, dünyada ilk milli şairləri də romantizm hərəkatı yetişdrdi. Bunlar Hüqo, Bayron, Şelli, Puşkin kimi dahi sənətkarlar da romantizm hərakatının yetirmələri idilər.

Romantizmin klassik dövrü Böyük Fransa inqilabından XIX əsrin birinci yarısına qədərki mərhələni əhatə edir. Azərbaycanda isə XX əsrin əvvəllərində realist cərəyanla eyni vaxtda meydana gəlib. Hadi, Cavid, Səhhət kimi simaların romantizm cərəyanının yetişdirdiyi ən böyük söz sahibləri sayılır.

Cavid romantizminin ən dramatik kulminasiyası onun özünün ruh kimi realist qiyafədə zühür olunması və metafizik anlamda enerjinin itməməsi prosesinin İlahi varlığa olan dönüşüdür.

Uzaq Sibirin Şevçenko qəbristanlığının 59 saylı məzarında 41 il qərib-qərib uyuyan Cavidi öz vətəninə gətirən İnsan mən deyərdim ki, məhz Cavidin yarımçıq qalmış arzularını və əsərlərini özü yazıb başa çatdırmışdı.O, ulu öndər Heydər Əliyev idi. Mən belə başa düşürəm ki, Heydər Əliyev Cavid üçün ən son əsər və ən son söz idi.

Onun Tanrı qarşısında elədiyi bu savab bir iş bütün insanlarda xeyir-dua kimi səslənir. Ruhların yaşadığı böyük bir məmləkətin  bütün  müqəddəs kitabları açılaraq hökmdar rəhminə dualar oxunur. Allah nidasını üstündə saxlayan bu şəxsiyyət dahi Cavidin Ruhuna böyük bir məqbərə də tikdirəcək.(Bu barədə 1997-ci ildə “Elm” nəşriyyatında kütləvi tirajla çap olunan “Qalxın Cavid gəlir” kitabımda geniş məlumat vermişəm.

Doğrudan da Cavid vücudunu bütün edən hissəciklər (sümüklər) öz maddiliyini İlahi müqəddəsliyin mövcudluğuna qovuşdurdu. Bu qovuşuq insanı öz-özünə göstərməklikdir. Bu qovuşuqluq:

nədir, kimdir İnsan?-sualına əsl fəlsəfi cavabdır.Bu, böyük İlahi möcüzə və həqiqətdir. (Bu barədə 1999-cu ildə Bakı Bələdiyyə Teatrında tamaşaya qoyulan “İnsan və İblis” dramımda fikir fəlsəfəsi və reallıqlar sindromu geniş təhlil olunur.).

Bəlkə Cavid hissələri böyük bir təriqətin hissəcikləridir?! Bəlkə Tanrı onları köməyə çağırıb - Millət üçün, İnsan üçün, Bəşər üçün…?! Bəlkə insanın və insanlığın  çatışmayan sütunlarıdır Cavid hissələri?! Cavid hissələnsə belə, öz bütövlüyünü ömür yazısına köçürür. Bu bütövlük Cavid fəhmindən, Cavid fenomenindən, Cavid-Ruh vəhyindən yer üzünə səpələnib. Cavidlik dünyanı öz problemlərindən xilası üçün baş verir. Cavid öz ziyarətini böyük Ədəbiyyata etmişdi, onun özünü ziyarət edənlər isə Yeri axtarmağa üz tuturlar.Mənə belə gəlir ki, o ruh göylərdən çox həm də yerdədir. Yer adlı planet əhatəcə böyük olsa da, Cavid o ərazidə zühür olunub. O, yerə-göyə sığmır.

Cavid öz ölümü ilə sübut elədi ki, o, heç bir təriqətin konstitusiyasına sığmır. O, İnsanın səma və torpaq fəlsəfəsini tamamladı. Cavid dünyanın bütün torpaqlarından sərhədləri götürdü. Cavidin sümükləri düşüncə və fikir ağırlığından çəkisi qədər dərk olunandır.

Cavidi və Cavid yükünü aparmaq nə qədər asandısa, bir o qədər də müşküldür. Ona hər kəsin gücü çatmır. Cavid isti və soyuq kainat fəlsəfəsində yenilik idi. O, şimalın soyuqluğu ilə şərqin istiliyi arasında dayanan əbədiyyət və ədəbiyyat  məfkurəsi  idi.

Əmir Pəhləvan