27 may 2024 16:51
182

MSK daimi seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinə yekun vurub

Bu gün seçici siyahılarının çapı və saxlanması şəraiti ilə tanışlıqdan sonra Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.

“İki sahil”in xəbərinə görə, iclasda 2024-cü ilin daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiqi və ictimailəşdirilməsi məsələsinə baxılıb.

MSK üzvləri bütün digər vasitələrlə bərabər, informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da faydalanmaqla siyahıların dəqiqləşdirilməsi prosesinin və görülən işlərin daha da təkmilləşdirildiyini, səmərəliliyin yüksəldiyini xüsusi qeyd ediblər.

İclasda cari ilin əvvəllərindən may ayının sonunadək reallaşdırılan irimiqyaslı fəaliyyət barədə ətraflı məlumat verilib.

MSK sədri Məzahir Pənahov dəqiqləşdirmə prosesinə yaxından köməklik göstərən Daxili İşlər və Ədliyyə nazirlikləri, yerli icra hakimiyyəti orqanları, digər aidiyyəti qurumlara təşəkkürünü bildirib.

Komissiyanın iclasında 2024-cü ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək, siyahıların məntəqə və dairə seçki komissiyaları tərəfindən təsdiq olunması üçün aidiyyəti üzrə dairə seçki komissiyalarına göndərilməsinə, tərtib edilmiş seçici siyahılarının qanunvericiliklə müəyyənləşdirilmiş qaydada və müddətdə təsdiq olunması işinin müvafiq dairə seçki komissiyalarına həvalə edilməsinə, Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib edilərək, Seçki Məcəlləsinin tələbləri nəzərə alınmaqla təsdiqləndikdən sonra Komissiyanın internet saytında yerləşdirilməklə ictimailəşdirilməsinə qərar verilib.

Qeyd edək ki, dəqiqləşdirmə prosesinin sonunda ölkə üzrə vahid seçicilər siyahısına 6 milyon 326 min 764 seçici daxil edilib. Onların 47.55 faizi kişi, 52.45 faizi isə qadınlardır.