05 iyun 2024 11:35
7484

“SOS” MMC Müstəqillik Gününü Cümhuriyyət Muzeyində qeyd etdi - VİDEO/FOTO

Mayın 28-də Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ildönümü qeyd edilib.

“İki sahil” xəbər verir ki, bu münasibətlə “Security Operation Services” (“SOS”) peşəkar mühafizə xidmətinin kollektivi Azərbaycan Xalq Cümhuriyyətinin qurucu liderlərinin həyat və fəaliyyəti ilə yaxından tanış olmaq üçün Gəncə şəhərində yerləşən Azərbaycan Xalq Cümhuriyyəti Muzeyini ziyarət ediblər. 

Muzeydə AXC-nin keçdiyi ağır yoldan, onun qurucularının çətin şəraitdə apardığı mübarizədən ətraflı bəhs edilib.

Daha sonra “SOS” MMC-nin rəhbəri muzeyin xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd olunub ki, 1918-ci ildə Şərqdə ilk demokratik respublika məhz Azərbaycanda yaradılıb. Çar Rusiyasının süquta uğraması ilə yaranan tarixi şəraitdən istifadə edən Azərbaycan xalqı qurucu liderlərin öndərliyi ilə öz müstəqil dövlətini yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində ölkə ərazisində yaşayan bütün azsaylı xalq və etnik qruplar təmsil olunurdu.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişininin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

“Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir;

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir;

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir;

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir;

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır;

Müəssislər Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti Hökumət durur”.

Azərbaycan Milli Şurasının həmin iclasında Fətəli Xan Xoyskinin rəhbərliyi ilə AXC-nin ilk müvəqqəti hökumətinin tərkibi də təsdiqlənib.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumətinin tərkibinə daxil idi:

Fətəli xan Xoyski - Nazirlər Şurasının sədri və daxili işlər naziri

Xosrov Paşa bəy Sultanov - hərbi nazir

Məmmədhəsən Hacınski - xarici işlər naziri

Nəsib bəy Yusifbəylı - maliyyə naziri və xalq maarif naziri

Xəlil bəy Xasməmmədov - ədliyyə naziri

Məmmədyusif Cəfərov - ticarət və sənaye naziri

Əkbər Ağa Şeyxülislamov - əkinçilik naziri və əmək naziri

Xudadat bəy Məlik-Aslanov - yollar naziri və poçt-teleqraf naziri

Camo bəy Hacınski - dövlət nəzarətçisi.

1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə müqavilə bağlanıb. Bu müqavilə əsasında Osmanlı imperatorluğu Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Eyni zamanda bu müqvilə əsasında hərbi yardım da göstərilib.

Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski olub. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərdikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını daşnak-rus qüvvələrindən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.

1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin təklifi əsasında AXC-nin üçrəngli dövlət bayrağı qəbul edilib. Daha əvvəl Cümhuriyyətin bayrağı yalnız qırmızı rəngdə idi.

1918-ci il dekabrın 7-i saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin binasında (hazırda AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan parlamentinin təntənəli açılışı olub. Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə çıxış edib.

Çox mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, Cümhuriyyət Hökuməti təhsili, səhiyyəni inkişaf etdirirdi. Ölkədə məktəblər, gimnaziyalar, qız məktəbləri yaradılırdı. O cümlədən Parlament 1919-cu il sentyabrın 1-də Bakı Dövlət Universitetinin təsis olunması haqqında qanun qəbul etdi. 

İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət, milli ordu quruculuğu, milli valyutanın buraxılması, demokratik idarəetmə, dünya dövlətləri tərəfindən Azərbaycan müstəqilliyinin tanınması və digər sahələrdə əvəzsiz xidmətlər göstərib.

AXC gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə öz mövcudluğunu cəmi 23 ay qoruya bildi. 23 ay­dan sonra - 1920-ci il aprelin 28-də erməni daşnaklarının vasitə­çiliyi, Sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriy­yəti işğal olundu.

1991-ci ildə sovet imperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdi

Prezident İlham Əliyevin 15 oktyabr 2021-ci il tarixdə təsdiqlədiyi “Müstəqillik Günü haqqında” Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü elan edilib. Bu tarixə qədər 28 may Respublika Günü kimi qeyd olunub. Müstəqillik Günü 1991-ci ildən 2021-ci ilədək Respublika Günü adlandırılıb.