16 iyun 2024 00:49
285

“Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru”

Şuşada Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə beynəlxalq konfrans keçirilib

İyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş “Türk Dövlətləri Təşkilatı: geosiyasi reallıqlar və qlobal kataklizmlər fonunda yeni strateji hədəflərə doğru” mövzusunda beynəlxalq konfrans keçirilib.

“İki sahil” xəbər verir ki,  əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və tədbirdə iştirak edən dost ölkələrin müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqları salamlayaraq Şuşa Bəyannaməsinin imzalanmasının əhəmiyyətinə diqqəti cəlb edib. O bildirib ki, Azərbaycan və Türkiyənin dövlət başçılarının imzaladığı Şuşa Bəyannaməsi ilə dövlətlərimiz arasında mövcud olan sarsılmaz, əbədi qardaşlıq münasibətləri bir daha bütün dünyaya bəyan edildi: “Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfərlə erməni işğalından azad edilən Şuşada digər azad edilmiş ərazilərimizdə olduğu kimi, dövlətimizin başçısının tapşırığı ilə dərhal genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. 2020-ci ilin noyabrında Azərbaycanın qəhrəman oğullarının işğaldan azad etdiyi Şuşa xarabalığı xatırladırdı. Hər yer dağıdılmış tikililər, viran qoyulmuş yurdlardan ibarət idi. Bu füsunkar şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Azərbaycan Prezidentinin tapşırığı ilə məscidlərin dərhal bərpa edilməsi işinə başlanılıb. Nəticədə 4 il ərzində şəhərdə 4 məscid tam bərpa edilib, biri şəhərdə, digəri isə Daşaltı kəndində olmaqla 2 yeni məscidin inşasına başlanılıb. Ümumilikdə şəhərdə dağıldılmış 200-dək tarixi və mədəniyyət abidəsindən bu günədək 18-i bərpa edilib. Mühəndis infrastrukturunun yenidən qurulduğu Şuşada aparılan bütün işlər şəhərin müfəssəl Baş planına uyğun olaraq həyata keçirilir. Artıq 960 nəfərlik yeni tam orta məktəb tikilərək istifadəyə verilib, rayon mərkəzi xəstəxanasının inşasının isə cari il ərzində yekunlaşdırılması planlaşdırılır”.

Xüsusi nümayəndə diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas vəzifə Ermənistanın apardığı işğalçı siyasət nəticəsində yurdlarından məcburi köçürülmüş vətəndaşlarımızın öz ata-baba yurdlarına qaytarılması və məşğulluğunun təmin edilməsidir: “Böyük qürur hissi ilə bildiririk ki, artıq Şuşa öz sakinlərinə, buradan didərgin salınan soydaşlarımız isə öz doğma şəhərlərinə qovuşub. Mərhələli şəkildə həyata keçirilən geridönüşün ilk günü məhz Ulu Öndər Heydər Əliyevin doğum gününə - mayın 10-na təsadüf edib”.

Sonra Yeni Azərbaycan Partiyasının media qurumu olan Yeni TV-nin hazırladığı “Biz birlikdə güclüyük!” adlı film nümayiş olunub.

Daha sonra beynəlxalq konfransın Milli Məclisin deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi Ramil Həsənin moderatorlğu ilə “Türk Dövlətləri Təşkilatı: qlobal təhlükəsizliyə regional töhfə” mövzusunda I plenar sessiyası keçirilib.

Plenar sessiyada çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını İslam dünyasının mədəniyyət paytaxtı Şuşada salamlayıb və dəvəti qəbul edərək tədbirdə iştirak edən dost ölkələrin nümayəndələrinə təşəkkürünü bildirib.

YAP Sədrinin müavini qeyd edib ki, hazırda tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycanın müstəqil dövlət kimi inamlı inkişafı bilavasitə lider amili ilə əlaqədardır: “Müasir Azərbaycan reallığı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti, əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi ilə bağlıdır. Müdrik dövlət xadimi istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək xalqımız üçün taleyüklü məsələlərin həllinə nail olmuşdur. Ulu Öndər müstəqillik dövründə ölkəmizi tənəzzüldən qurtararaq inkişaf yoluna çıxarmışdır. Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması və xalqın öz Liderinin ətrafında sıx birləşməsi müstəqil dövlət quruculuğunu təmin etmiş, dövlətçilik tariximizin taleyüklü mərhələsi məhz bu dövrdə başlamışdır. Azərbaycan müstəqilliyin ilk illərində iqtisadi tənəzzül və siyasi xaos ilə üzləşmiş, qonşu Ermənistan mövcud geosiyasi şəraitdən və ölkəmizin böhran vəziyyətində olmasından istifadə edərək torpaqlarımızı işğal etmişdi. Belə bir ağır vəziyyətdə - 1993-cü ildə Azərbaycan xalqı Ulu Öndərə ölkəmizin xilası naminə respublikaya rəhbərlik etməsi üçün qətiyyətli çağırış etmişdi. Ümummilli Liderin xalqın çağırışına səs verərək 1993-cü il iyunun 9-da Bakıya qayıtması, iyunun 15-də isə Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi Azərbaycanın Qurtuluşunu təmin etdi”.

YAP Mərkəzi Aparatının rəhbəri qeyd edib ki, müdrik dövlət xadimi mürəkkəb tarixi mərhələdə liderlik missiyası yerinə yetirməklə milli həmrəyliyin təmin olunmasına, ölkənin inkişafına, dövlət maraqlarının qorunmasına və dövlətçilik ənənələrinin yaşadılmasına xidmət edən misilsiz işlər gördü, böyük tarixi nailiyyətlərə imza ataraq Azərbaycan üçün aydın perspektivləri müəyyən etdi: “Beləliklə, Heydər Əliyev siyasəti xalqımıza ən dəyərli milli-siyasi sərvətimiz olan Azərbaycanın dövlət müstəqilliyini bəxş etdi və ölkəmizin yüksəlişi təmin olundu”.

Tahir Budaqov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin Türk dünyasında da xidmətləri bu gün böyük minnətdarlıqla xatırlanır və olduqca yüksək dəyərləndirilir: “O, istər fərqli siyasi-ideoloji mühitin, o cümlədən sərt qadağaların mövcud olduğu SSRİ dönəmində, istərsə də Azərbaycanın mürəkkəb geosiyasi şəraitdə çoxsaylı çağırışlarla üzləşdiyi müstəqillik dövründə Türk dünyasında birlik və həmrəyliyin təmin olunmasına, türk dövlətləri ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirmişdir. Çoxəsrlik tarixi köklərə, milli-mənəvi dəyərlərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri müasir tariximizdə Heydər Əliyevin təşəbbüsü əsasında Araz çayı üzərində inşa olunaraq əzəli Azərbaycan torpağı - qədim türk yurdu Naxçıvanla Türkiyəni birləşdirən “Ümid” körpüsü ilə yeni məzmun almışdır. Ulu Öndər “bir millət, iki dövlət” olaraq səciyyələndirdiyi Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi istiqamətində prinsipial siyasət həyata keçirmiş, nəticə etibarilə, iki qardaş ölkənin dostluq və tərəfdaşlıq əlaqələri dünyada nümunəvi xarakter almışdır. Türkdilli ölkələrin səylərinin birləşdirilməsi ilə gələcəyə yönəlik birgə fəaliyyətin həyata keçirilməsini olduqca vacib amil kimi dəyərləndirən Ulu Öndər qeyd etmişdir: “Özünün yeni yüksəliş dövrünü yaşayan çağdaş Türk dünyası bəşər sivilizasiyasına yeni misilsiz nümunələr vermək iqtidarındadır. Bu gün öz suverenliyini əldə etmiş bir çox türk cümhuriyyətlərinin bu sıraya qoşulması Türk dünyasının gələcəyinə işıqlı ümidlər oyadır. İqtisadi, siyasi və mədəni həyatın sıx telləri ilə birləşməyə başlamış türk xalqları yeni dünyanın mühüm amillərindən birinə çevrilməkdədir”. Türk dövlətləri ilə münasibətlərin inkişafını Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə bu istiqamətdə mühüm addımlar atılmış və bugünkü uğurlarımızın təməli qoyulmuşdur”.

YAP Sədrinin müavini diqqətə çatdırıb ki, Ümummilli Liderin siyasi varisi – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli maraqlara əsaslanan, müasir dövrün reallıqları və çağırışlarına cavab verən çoxşaxəli siyasətində türk dövlətləri ilə ortaq mənəvi dəyərlərə və müştərək strateji maraqlara əsaslanan münasibətlərin inkişafı xüsusi yer tutur: “Dövlət başçısı Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinə, xüsusilə də Türk Dövlətləri Təşkilatının gücləndirilməsinə böyük önəm verir. Prezident İlham Əliyevin ideya və təşəbbüsü əsasında 2009-cu il oktyabrın 3-də imzalanan Naxçıvan Sazişi ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması, mütəmadi olaraq mühüm qərarların qəbul olunduğu Zirvə görüşlərinin keçirilməsi və digər amillər çoxtərəfli əlaqələrin gücləndirilməsi üçün etibarlı zəmin yaratmış, bu təsisat uğurlu inkişaf yolunu keçərək beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuza malik Türk Dövlətləri Təşkilatına çevrilmişdir”.

YAP Sədrinin müavininin sözlərinə görə, möhtəşəm hərbi və diplomatik qələbələr qazanaraq ərazi bütövlüyü və suverenliyini təmin edən Azərbaycanın regionda formalaşdırdığı reallıqlar türk dövlətləri üçün də yeni imkanlar yaratmışdır: “Postmüharibə dövründə atılan addımlar bölgədə etibarlı təhlükəsizlik və çoxtərəfli əməkdaşlıq baxımından olduqca önəmlidir. Xüsusilə, 3 il öncə bu gün - 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması təkcə iki qardaş ölkə arasında əlaqələrin strateji tərəfdaşlıqdan müttəfiqlik zirvəsinə yüksəlməsi ilə əlamətdar deyil, eyni zamanda, regionda və bütövlükdə Türk dünyasında sabitlik, rifah və inkişaf üçün əlverişli zəmin yaratmışdır. Hazırda Cənubi Qafqazın lider dövləti olan, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycanın fəal təşəbbüsləri Türk dünyasında dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafına xidmət etməklə yanaşı, gələcəyə hesablanmış yeni perspektivlər də yaradır. Postmüharibə dövründə kommunikasiyaların bərpası ilə əlaqədar ölkəmizin nümayiş etdirdiyi geosiyasi iradə bu kontekstdə xüsusi qeyd edilməlidir. Şübhəsiz ki, qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması və Orta dəhlizin inkişaf etdirilməsi türk dövlətlərinin yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gəlməsini, Türk dünyasında kommunikasiya və inteqrasiyanın güclənməsini də şərtləndirəcək. Bütün bunlar isə nəticədə yeni dünya nizamı şəraitində Avrasiyada, o cümlədən Türk dünyasında geosiyasi fəallığın artmasına təkan verəcək, uzunmüddətli hədəflərə nail olmağa real zəmin yaradacaqdır. Təqdirəlayiq haldır ki, Türk Dövlətləri Təşkilatında birləşən dost ölkələr siyasi, mədəni, humanitar sferada, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm, ekologiya sahələrində işbirliyi ilə yanaşı, təhlükəsizlik və müdafiə məsələlərini də xüsusi diqqət mərkəzində saxlayırlar. Fəal siyasi dialoq şəraitində iqtisadi əlaqələrin genişləndirilməsi isə başlıca strateji hədəflərdən biri kimi böyük əhəmiyyət daşıyır. Bu məqamda Türk Dövlətləri Təşkilatına üzv olan tərəfdaş dövlətlərin işğaldan azad edilmiş torpaqlarımızın - Qarabağda və Şərqi Zəngəzurun bərpası prosesində fəal iştirakını və ölkələrimiz arasında “yaşıl enerji” konsepsiyası əsasında perspektivli əməkdaşlığın önəmini ayrıca diqqətə çatdırmaq istəyirəm. Bu, sarsılmaz dostluq və qardaşlıq nümunəsi olmaqla yanaşı, ortaq təşəbbüslərin və birgə fəaliyyətin məhz sağlam və firavan gələcəyə istiqamətləndiyini təsdiqləyir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində sistemli fəaliyyət həyata keçirilir. Diqqətə çatdırmaq istəyirəm ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması bu baxımdan mühüm əhəmiyyətə malikdir. Bütün bu reallıqlar fonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın bariz nümunəsi və dövlətimizin müvafiq sahədə fəaliyyətinin yüksək qiymətləndirilməsidir”.

“Hər birimizə məlumdur ki, müasir dövrdə beynəlxalq münasibətlər sistemində olduqca gərgin proseslər və ciddi geostrateji dəyişikliklər baş verir. Qlobal kataklizmlər fonunda yeni geosiyasi reallıqların və müxtəlif çağırışların meydana çıxdığı bir dönəmdə dövlətçilik maraqlarının, o cümlədən tarixi ənənələrin və milli-mənəvi dəyərlərin qorunması hər zaman olduğundan daha aktual və vacibdir”, - deyən YAP Sədrinin müavini əlavə edib ki, belə bir şəraitdə Türk dövlətlərinin milli maraqlara əsaslanan siyasət həyata keçirərək həmrəylik nümayiş etdirməsi və nəticəyönümlü əməkdaşlığı gücləndirməsi əsas prioritetlərdəndir.

Tahir Budaqov qeyd edib ki, ortaq milli-mənəvi dəyərlər və köklü tarixi ənənələr üzərində təşəkkül tapmış qardaşlıq əlaqələri fonunda böyük mənəvi-siyasi əhəmiyyəti olan “türk birliyi” ideyası müxtəlif ölkələrdə məskunlaşmış, tarixi ənənələrlə müasirliyin vəhdətini yaratmış türk millətinin ortaq dəyəridir: “Bu gün Türk Dövlətləri Təşkilatının məhz bu ideya əsasında məqsədyönlü fəaliyyəti yeni dünya nizamının yaranmaqda olduğu hazırkı şəraitdə ölkələrimiz arasında tərəfdaşlığın güclənməsinə, regional inteqrasiyanın sürətlənməsinə xidmət edir, dövlətlərimizin milli gücünün artmasını və müasir beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsini şərtləndirir. Milli maraqlara və müasir çağırışlara əsaslanan birgə fəaliyyətimiz və ortaq təşəbbüslərimiz ölkələrimizə inkişaf, regiona isə firavanlıq və sabitlik vəd edir, Türk dünyası üçün parlaq perspektivlər yaradır”.

Tahir Budaqov vurğulayıb ki, bugünkü konfrans Türk dünyasında hakim siyasi partiyalar arasında əlaqələrin genişləndirilməsi və əməkdaşlığın dərinləşdirilməsi məsələlərinin müzakirəsi baxımından da olduqca önəmlidir: “Konfransın növbəti plenar sessiyası məhz partiya diplomatiyasına həsr olunacaq və bu məsələlər ətrafında fikir mübadiləsi aparılacaqdır. Amma qısaca  qeyd etmək istəyirəm ki, sıralarında 700 mindən artıq Azərbaycan vətəndaşını birləşdirən hakim Yeni Azərbaycan Partiyası Türk dünyasında partiyalararası əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır və qardaş xalqların, dost ölkələrin siyasi partiyaları ilə işbirliyinin genişləndirilməsi üçün məqsədyönlü addımlar atır. Bir qədər öncə izlədiyimiz filmdə bu barədə məlumat verildi. Əlavə etmək istərdim ki, iki gün öncə Bakı şəhərində Yeni Azərbaycan Partiyası ilə Qazaxıstanın "AMANAT" partiyası və Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası arasında imzalanmış memorandumlar da türk dövlətləri arasında partiyalararası əlaqələrin inkişafına dəyərli töhfədir. Onu da qeyd etməliyəm ki, partiyalarımız arasındakı sıx təmaslar təkcə ikitərəfli münasibətlərin inkişafını əhatə etmir, həm də Türk dünyasında çoxşaxəli əməkdaşlığa hədəflənmişdir”.

“Nəzər yetirdiyimiz məqamlar əminliklə söyləməyə əsas verir ki, sarsılmaz qardaşlıq əlaqələrinə və səmərəli tərəfdaşlıq münasibətlərinə malik türk dövlətləri bundan sonra da həmrəylik nümayiş etdirərək yeni strateji hədəflərə doğru birlikdə inamla irəliləmək əzmində və qüdrətindədirlər. Ölkələrimizin birgə səyləri ilə Türk Dövlətləri Təşkilatının nüfuzlu regional güc mərkəzinə çevrilməsi artıq reallıqdır və əminəm ki, onun qlobal beynəlxalq münasibətlər sistemində rolu getdikcə artacaqdır. Biz hakim siyasi partiyalar olaraq qarşımızda duran bütün vəzifələri layiqincə yerinə yetirməklə bu prosesə öz töhfəmizi verməyə hazırıq. Ümid edirəm ki, Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümünə həsr olunmuş beynəlxalq konfransımız Türk dünyası üçün aktual məsələlərin müzakirəsi baxımından əhəmiyyətli olacaq və səmərəli ideya platforması kimi məhsuldar nəticələrlə yadda qalacaqdır. Fürsətdən istifadə edərək qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar, xalqlarımıza isə sülh və firavanlıq arzulayıram”, - deyə YAP Sədrinin müavini vurğulayıb.

 

Çıxış edən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü Efkan Ala Azərbaycan-Türkiyə əlaqələrinin tarixində məhək daşı olan Şuşa Bəyannaməsinin imzalanmasının üçüncü ildönümü münasibətilə təbriklərini çatdırıb: “Doğrusunu deyim ki, bu il daha çox bəxtiyaram. Çünki artıq Şuşadan - Xarıbülbül diyarından avtobuslara minərək Xocalıya, Xankəndiyə gedəcəyik. Oralara əvvəllər olduğu kimi, daha kənardan baxmayacağıq. Bu tarixi müvəffəqiyyətə imza atan qardaş Azərbaycan xalqını bir daha ürəkdən təbrik edirəm. Bu Qələbə hamımıza böyük bir ərmağandır. Biz hər zaman Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü regionda sülhün açarı kimi qiymətləndirmişik. Uzun illər Azərbaycan torpaqlarının işğalına qarşı birlikdə mübarizə apardıq. Beynəlxalq aləmdə bu məsələ ilə bağlı nümunəvi birlik nümayiş etdirdik. Türkiyə Cümhuriyyətinin Prezidenti başda olmaqla bütün vəzifəli şəxslər bu mübarizənin önündə getdilər. Əslində, bütün bunlar qardaş olaraq bizim vəzifəmiz idi. Biz qardaşlıq borcunu yerinə yetirdik. BMT-də,  ATƏT-də,  İƏT-də, eləcə də NATO-da hər zaman Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb etdik. Bütün bunlar, bir daha təkrar edirəm, bizim vəzifəmiz idi”.

Qardaş ölkələr arasında münasibətlərin digər türk dövlətləri üçün nümunə olduğunu bildirən E.Ala deyib: “İllərlə Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və digər məsələlərdə biz həmişə bir yerdə olmuşuq, birliyimiz bundan sonra da davam edəcək. Azərbaycan və Türkiyə arasında əlaqələri strateji müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsi həm də bizi ortaq hədəflərimizə aparan yol xəritəsidir”.

E.Ala bildirib ki, TDT-yə üzv və müşahidəçi ölkələrin hakim partiya təmsilçilərinin iştirakı ilə Şuşada bir araya gəlməyin rəmzi mənası var: "Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Xankəndi, Xocalı və Azərbaycanın işğaldan azad edilmiş digər torpaqlarına rahat gedə bilirik. Birinci Qarabağ müharibəsində öz doğma torpaqlarının işğalı nəticəsində canını qurban verən qardaşlarımızın xatirəsini daim əziz tuturuq”.

“Diplomatiya və siyasət bambuk ağacı kimidir. Bu ağacın toxumunu torpağa əkərsən, ona qulluq edərsən, amma birinci ilində heç tərpənməz. Nə qədər qulluq etsən, ikinci ildə də tərpənməz. Üçüncü, dördüncü illərdə də belə olar. Ancaq beşinci ilin sonunda cəmi 6 həftədə 27-30 metrə çatar. Diplomatiya da belədir.  Bir il, iki il eyni yerdə dura bilərik. Ancaq son nəticə effektiv olur. 44 gün ərzində Qarabağı 30 illik işğaldan azad etmək mümkün oldu. Diplomatiya, siyasət və güc bir araya gəldikdə məhz bu cür tarixi Zəfər əldə etmək olur. Bəli, bundan təxminən 4 il əvvəl qəhrəman Azərbaycan oğulları Cənubi Qafqazda misilsiz bir Qələbə əldə edərək illərdən bəri donmuş arzuları yaşıllaşdırdılar”, - deyə AK Parti Sədrinin birinci müavini söyləyib.

Efkan Ala daha sonra bildirib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bu torpaqlar uğrunda canını fəda edən şəhidlərimizi bir daha rəhmətlə anır, “ruhları şad olsun” deyirik. Türkiyə xalqı “Bir millət, iki dövlət” fəlsəfəsinə sadiq qalaraq Qarabağ Zəfərinin sevincini böyük coşqu ilə yaşadı. Bəli, qədim Şuşa bütün İslam-Türk dünyasının bir parçası olan Vətən torpağıdır. Şuşa böyük sənətkarlar, şairlər yetirərək Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı olmuşdur. Şuşa 2023-cü ildə Türk dünyasının, bu il isə İslam dünyasının mədəniyyət paytaxtı elan olunub. Bütün bunların fonunda bir daha demək lazımdır ki, Qarabağ Zəfəri sadəcə bir işğalın sonu deyil, həm də rifaha, təhlükəsizliyə və əməkdaşlığa açılan yeni bir qapıdır”, - deyə E.Ala vurğulayıb.

AK Parti Sədrinin birinci müavini deyib ki, Şuşa Bəyannaməsini Türkiyə-Azərbaycan qardaşlığının, dostluğunun ən gözəl nümunəsi kimi dəyərləndirmək olar: “Bütövlükdə, dərin və sağlam təməllər üzərində qurulan münasibətlərimiz Şuşa Bəyannaməsi ilə son dərəcə möhkəmləndirilib. Bu sənəd gücünü müstəsna əlaqələrimizdən, ortaq tariximizdən, dilimizdən, mədəniyyətimizdən, adət-ənənələrimizdən və bütün bunların əsasında dayanan könül bağlılığımızdan almaqdadır. Bu, təkcə iki qardaş ölkə arasında əməkdaşlığın dərinləşməsinə deyil, bütövlükdə regionda sülhə, təhlükəsizliyə xidmət edir. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini də artırır. Əməkdaşlığa dair bütün sahələri əhatə edən Bəyannamə sülhə yol açır və regionda inteqrasiya prosesini stimullaşdırır. Regional və qlobal miqyasda baş verən böyük  dəyişikliklər fonunda Şuşa Bəyannaməsinin dəyəri bir daha özünü göstərir. Bu tarixi sənəd birliyimizi bundan sonra daha da irəliyə aparacaq. Dünya miqyasında bənzəri olmayan Türkiyə-Azərbaycan qardaşlığı əbədi yaşayacaq”, - deyə AK Parti Sədrinin birinci müavini bildirib.

Çıxış edən Qazaxıstanın “AMANAT” Partiyasının İcra katibi Daulet Kəribek ilk olaraq beynəlxaq konfransa dəvətə görə təşəkkür edib, bu platformanın Türk Dövlətləri Təşkilatının inkişafına və daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını bildirib. Onun sözlərinə görə, tədbirin qardaş Azərbaycanın mədəniyyət beşiyi, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmiş Şuşa şəhərində təşkil edilməsinin xüsusi önəmi var: “Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev cari ilin mart ayında Azərbaycana dövlət səfəri zamanı Şuşada olub. Qarabağın yenidən dirçəldilməsi bizi sevindirir. Burada aparılan işləri, sürətli inkişafı öz gözlərimlə gördüm. Qazaxıstan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qətiyyətli dəstəyini hər zaman ifadə edib. Fürsətdən istifadə edərək, ərazi bütövlüyünü beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq təmin etməsi münasibətilə qardaş Azərbaycan xalqını təbrik edirəm”.

Daulet Kəribekin sözlərinə görə, dünyada mürəkkəb proseslərin baş verdiyi müasir dövrdə beynəlxalq hüquq normalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir: “Hazırda dünyada geosiyasi eskalasiya müşahidə olunur. Gərginlik bütün istiqamətlərdə - siyasi, iqtisadi, humanitar sahələrdə müxtəlif dəyişikliklərə səbəb olur və bu, beynəlxalq hüquq böhranını dərinləşdirir. Risk və təhdidlərin artması artıq günümüzün reallığıdır. Amma istənilən böhran bir gün bitir. Bunu tarix sübut edir”.

Beynəlxalq hüququn aşınma mərhələsində olduğunu deyən D.Kəribek əlavə edib ki, hazırkı qlobal sistem sülhü və sabitliyi təmin etmək iqtidarında deyil: “Baş verənlərin fonunda, təbii ki, inamsızlıq artır. Birbaşa dövlətlərarası toqquşmalarla yanaşı, proksi və hibrid müharibə texnologiyalarının aktiv istifadəsi müşahidə olunur, həmçinin nüvə müharibəsi ritorikası vardır”.

“Sevindici haldır ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq müstəvidə rolu artır. Hazırkı çətin geosiyasi şəraitdə TDT beynəlxalq siyasəti rasional və praqmatik xətlər üzərində saxlayan qüvvələrdən biri olmaqda davam edir. Bu təşkilat beynəlxalq müstəvidə itkiləri minimuma endirmək yolunda bir körpü rolunu oynayır. TDT-nin dövlət başçılarının müxtəlif istiqamətlərdə inteqrasiyanı daim dərinləşdirmək istiqamətində məqsədyönlü addımlar atmaları olduqca vacibdir. Müasir beynəlxalq siyasətdə Türk dünyasının əhəmiyyəti və rolu artıb. Hazırkı şəraitdə qlobal təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsində əsas pay “orta güclər”in üzərinə düşür. Prezident Kasım-Jomart Tokayevin Sinqapurda mühazirəsi və “Euronews”da məqaləsi bu mövzuya həsr olunub. Yeni “orta güclər”in rolundan danışan Kasım-Jomart Tokayev qlobal təhlükəsizlik həm mühüm imkanlar yaradan, həm də ciddi risklərə səbəb olan dəyişikliklərə diqqət çəkib. Qazaxıstan Prezidenti Sinqapura dövlət səfəri zamanı təqdim etdiyi mühazirədə Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin təşviqinə dair səyləri nümunə göstərib”, -deyə “AMANAT” Partiyasının İcra katibi vurğulayıb.

 Hazırda Qazaxıstanın TDT-nin sədri olduğunu deyən D.Kəribekin sözlərinə görə, builki gündəm “Türk zamanı” şüarı ilə yadda qalıb. O qeyd edib ki, Türk dünyası 8 prioriteti əsas hədəflər kimi müəyyənləşdirib: “Bu, ənənələr, birləşmə, islahatlar, bilik, güvən, investisiyalar, vasitəçilik və enerji məsələsidir. Qazaxıstan bütün bu prinsipləri daxili siyasətində təcəssüm etdirir. Çətin geosiyasi vəziyyətə baxmayaraq, Qazaxıstanda Kasım-Jomart Tokayevin rəhbərliyi ilə davamlı və sistemli şəkildə islahatlar aparılır”.

“İyunun 13-də Bakıda “AMANAT” partiyası və Yeni Azərbaycan Partiyası arasında Memorandum imzalanıb. Bu, dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinə dəstək məqsədi daşıyır. Ümumiyyətlə, partiyalararası əməkdaşlıq qardaş türk dövlətlərinin birliyinin daha da möhkəmlənməsinə xidmət edir. Fürsətdən istifadə edərək, türk dövlətlərinin hakim partiyalarını ikitərəfli əməkdaşlığı gücləndirməyə çağırıram. Əminəm ki, bu konfrans əlaqələrimizi möhkəmləndirməyə, qlobal kataklizmlərə qarşı effektiv mübarizə aparmağa kömək edəcək yeni strateji məqsədlər üçün başlanğıc nöqtəsi olacaq”, - deyə D.Kəribek vurğulayıb.

Çıxış edən Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatası sədrinin müavini Aktam Xaitov yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib, müqəddəs Qurban bayramı münasibətilə təbriklərini çatdırıb. Özbəkistanın xarici siyasətinin mühüm prioritetlərindən birinin məhz dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatlarla strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin formalaşdırılması olduğunu deyən A.Xaitov Azərbaycanı Özbəkistanın zamanın sınağından çıxmış etibarlı tərəfdaşı kimi dəyərləndirib. Ölkələrimizin ortaq dilə, adət-ənənələrə malik dost dövlətlər olduğunu vurğulayan A.Xaitov son illər əlaqələrimizin keyfiyyətcə yeni səviyyəyə yüksəldiyini deyib. Onun sözlərinə görə, dövlət başçılarının siyasi iradəsi Özbəkistan-Azərbaycan çoxşaxəli tərəfdaşlıq və dostluq münasibətlərinə yeni ruh verib. Dövlət başçılarının qarşılıqlı etimada əsaslanan münasibətləri Azərbaycanla Özbəkistan arasında səmərəli əməkdaşlığın genişlənməsinə töhfə verir”.

“Biz görürük ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda xalqın rifahının daha da yaxşılaşdırılması, ölkənin siyasi, iqtisadi və hərbi qüdrətinin, habelə beynəlxalq nüfuzunun artırılması istiqamətində mühüm addımlar atılır. Biz qardaş və yaxın dost olaraq Azərbaycan xalqının bu nailiyyətlərinə ürəkdən sevinirik”, - deyə A.Xaitov vurğulayıb.

O qeyd edib ki, konfransın keçirildiyi Şuşa şəhəri Qarabağın incisi, Qafqaz mədəniyyətinin məbədi adlandırılır: “Şəhər görkəmli elm və mədəniyyət xadimlərinin doğulduğu yerdir. Şuşa 2023-cü ildə Türk dünyasının, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan edilib. Ötən il Xivə ilə Şuşa qardaşlaşmış şəhərlərə çevrilib. Bu şəhər Azərbaycanın tarixi ədaləti bərpa etməsinin bariz nümunəsidir. Bu, Özbəkistan xalqının əziz dostu Heydər Əliyevin böyük arzusu idi. Bu arzu Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən reallaşdırıldı. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, Özbəkistan Qarabağ torpağında mədəniyyət obyektlərinin bərpasına töhfə verməyə hazırdır. Belə ki, ötən il Füzulidə Şavkat Mirziyoyev İlham Əliyevlə birlikdə Özbəkistanın dəstəyi ilə tikilən Mirzə Uluqbek adına 1 nömrəli məktəbin açılış mərasimində iştirak edib. Məktəb səmimi dostluğun simvoluna çevrilib”.

Azərbaycanla yeni və daha  möhkəm əməkdaşlıq körpülərinin qurulduğunu diqqətə çatdıran A.Xaitov əlavə edib ki, dövlətlərarası münasibətlərdə mühüm istiqamətlərdən biri hakim partiyalar arasında əməkdaşlığın gücləndirilməsidir.

Vaxtilə Türk Şurasının tarixi-mədəni bağlar əsasında yaradıldığını deyən A.Xaitov vurğulayıb: “Son illər hamımız beynəlxalq münasibətlərdə güclü təlatümlərin şahidi olduq. Dəyərlər sistemində dərin transformasiya prosesi gedir. Təəssüf ki, belə genişmiqyaslı və son dərəcə ziddiyyətli proseslərin təsiri Mərkəzi Asiya regionundan da yan keçmir. Belə çətin vəziyyətdə ölkələrin, o cümlədən Özbəkistanın milli maraqlarına cavab verən düzgün yolu tapmaq, təbii ki, asan deyil. Bu şəraitdə biz dünyanın bütün ölkələri ilə qarşılıqlı faydalı əlaqələri inkişaf etdirməyə çalışırıq. Eyni zamanda, davam edən böhranın mənfi nəticələrinin aradan qaldırılmasına, ticarətin, investisiyaların, nəqliyyat əlaqələrinin bərpasına və yeni şəraitdə inkişafına, elektron ticarətin geniş tətbiqinə, onun potensialından daha dolğun istifadəyə xüsusi diqqət yetirilməlidir”.

A.Xaitov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı ümumi qlobal təhlükəsizliyə öz regional töhfəsini verməyə qadirdir. Onun sözlərinə görə,  Özbəkistan TDT-nin bütün üzvləri ilə strateji tərəfdaşlıq əlaqələri qurub: “Yəni biz beynəlxalq münasibətlərdə davam edən indiki proseslərə təşkilatın inkişafında yeni mərhələnin başlanğıcı kimi baxırıq və birlikdə istənilən təhdidləri dəf etməyə, mövcud potensialdan tam istifadə etməyə hazır olmalıyıq. Eyni zamanda, TDT-nin bu gün formalaşan yeni dünya düzənində mühüm yer tutduğunu vurğulayırıq. Əsas məqsədimiz təşkilat daxilində qarşılıqlı hörmət və etimad prinsiplərini gücləndirmək, bütün maneələri birlikdə aradan qaldırmaqdır. Ümumiyyətlə, Türk dünyası qarşısında çox mühüm vəzifələr dayanır. Bu, ilk növbədə, iqtisadi əlaqələrin, sənaye və investisiya layihələrinin həyata keçirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsinə aiddir. Gələcəkdə TDT ölkələrinin elektron ticarət platformalarının inkişafına yönəlmiş tədbirlər həyata keçirməsi vacibdir. Regionumuzun nəqliyyat və tranzit potensialının artırılması strateji əhəmiyyət kəsb edir. Mərkəzi Asiya vasitəsilə əsas dünya bazarlarına, həmçinin Azərbaycan və Türkiyədən Avropa ölkələrinə çıxışın təmin edilməsi böyük önəm daşıyır. Nəqliyyat dəhlizlərinin inkişafı və logistika infrastrukturunun yaradılması ümumi maraqlarımıza tam cavab verir. Özbəkistan ekologiya sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. Bəşəriyyət iqlim dəyişikliyindən yaranan problemlərdən ciddi şəkildə təsirlənir. Bu vəziyyət hamımızdan təcili tədbirlər həyata keçirməyi tələb edir”.

Milli Məclisin deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi Ramil Həsən isə bildirib ki, türk dövlətləri arasında əlaqələr davamlı olaraq inkişaf edir. Onun sözlərinə görə, türk xalqlarını ortaq mədəniyyət, adət-ənənələr, milli-mənəvi dəyərlər, tarixi köklər birləşdirir və bu amillər qarşılıqlı səmərəli fəaliyyət üçün təməldir.

Türk dövlətlərinin coğrafi-strateji baxımdan dünyanın əhəmiyyətli bölgəsində yerləşdiyini deyən R.Həsən qeyd edib ki, bu dövlətlərin regionda sabitliyin və sülhün qorunub saxlanılmasında rolu getdikcə artır: “Həqiqətən də, bu gün Türk dünyası beynəlxalq müstəvidə birlik nümunəsi kimi çıxış edir. TDT isə qardaş ölkələrimizi bir araya gətirən güc mənbəyi kimi dünyada özünü təsdiq etməkdədir. Bütün bunlar liderlərimizin atdıqları addımların parlaq təcəssümüdür. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, biz birlikdə güclüyük və bizim Türk dünyasından başqa ailəmiz yoxdur”.  

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın moderatorluğu ilə “Ortaq dəyərlərlə müasirliyin vəhdəti: partiya diplomatiyası yeni dialoq platforması kimi” mövzusunda keçirilən II plenar sessiyada çıxış edən YAP Sədrinin müavini, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov bildirib ki, qədim Türk dünyasının və bu dünyanın tərkib hissəsi olan ayrı-ayrı türk xalqlarının, türk dövlətlərinin öz mövcudluqlarını qoruyub saxlamasını və inkişafını şərtləndirən ən mühüm amillərdən biri, bəlkə də, birincisi bu günə qədər yaşatdıqları ortaq dəyərlər və türkçülük məfkurəsidir: “Dünyada xalqların, millətlərin hər hansı ideologiya ətrafında birləşməsi ilə bağlı müxtəlif nümunələr var. Türk xalqlarını birləşdirən dəyərlər isə bütün digər nümunələrdən fərqlənir. Çünki biz eyni soykökə, eyni tarixə malikik, eyni dildə danışırıq. Ortaq məqsədlərə çevrilə bilməyən ortaq dəyərlər sadəcə olaraq bir ideologiya, məfkurə, düşüncə çərçivəsindən kənara çıxa bilməz. İnanıram ki, türk xalqlarının, türk dövlətlərinin artıq formalaşmış ortaq məqsədləri birliyimizin güclənməsinə xidmət edəcək”.

Yeni Azərbaycan Partiyasının Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin hakim partiyaları ilə əlaqələrinin inkişafına toxunan Əli Əhmədov partiya diplomatiyasının əhəmiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, bugünkü tədbir də YAP-ın partiya diplomatiyasından səmərəli istifadəyə verdiyi önəmin bir nümunəsidir: “Hakim siyasi partiyaların öz xarici əlaqələrindən istifadə etməklə dövlətin və xalqın taleyüklü məsələlərinə verdiyi töhfələrin bariz nümunəsini YAP-ın 44 günlük Vətən müharibəsi zamanı göstərib. Belə ki, həmin vaxt Azərbaycanın haqq səsini beynəlxalq aləmə çatdırmaq üçün YAP tərəfindən dünyanın çox sayda siyasi partiyalarına müraciətlər edilib və nəticədə ölkəmizi dəstəkləyən cavablar alınıb. Azərbaycanla ən böyük həmrəyliyi isə, təbii ki, türk dövlətləri göstərib. Heydər Əliyev siyasətinin və Prezident İlham Əliyevin qətiyyətli diplomatiyasının nəticəsi kimi Azərbaycan Vətən müharibəsindəki Zəfəri ilə öz ərazi bütövlüyünü tam təmin etdi. Bu Qələbənin təmin olunmasında türk dövlətlərinin ölkəmizə dəstəyi olduqca əhəmiyyətli və dəyərlidir”.

2020-ci ilin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk dünyası üçün əlamətdar olduğunu bildirən YAP Sədrinin müavini xatırladıb ki, 30 il ərzində işğal altında olan Qarabağ torpağı Azərbaycanın müzəffər Ordusu tərəfindən azad edildi, ölkənin ərazi bütövlüyü bərpa olundu, tarixi haqsızlığa son qoyuldu: “Bu Qələbənin əldə olunması bir sıra ciddi səbəblərlə əlaqədardır. İlk növbədə, İkinci Qarabağ savaşında qazanılan Qələbənin kökündə dayanan başlıca amil Azərbaycan dövlətinin gücü və qüdrətidir. Digər səbəb isə Azərbaycan cəmiyyətinin nümayiş etdirdiyi birlikdir. Bu savaş dönəmində hamı bir yumruq kimi birləşdi. Bizim möhtəşəm Qələbəmizin digər mühüm amili isə Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, əsgərlərimizin qəhrəmanlığıdır”.

Əli Əhmədov qələbənin əldə olunmasında ölkəmizə böyük mənəvi-siyasi dəstək göstərmiş qardaş Türkiyənin xüsusi rolunu da qeyd edib. O bildirib ki, müharibə başlayan ilk andan Türkiyə dövləti, Türkiyə vətəndaşları Azərbaycanın yanında olduqlarını qəti şəkildə bəyan etdilər: “Müharibənin davam etdiyi günlərdə biz bu dəstəyi hiss etdik. Dünyada elə bir iki dövlət tapmaq olmaz ki, onlar arasındakı əlaqələr Türkiyə və Azərbaycan arasında olan münasibətlər kimi səmimi və etibarlı olsun. Bu qardaşlıq əsrlər boyu çoxsaylı sınaqlardan çıxıb”.

YAP Sədrinin müavini işğaldan azad edilən ərazilərimizin bərpası işində də Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Azərbaycanın yanında olduğunu xüsusi vurğulayıb.

O, partiya diplomatiyasının Türk dünyasında əməkdaşlıq imkanlarının genişlənməsində faydalı olacağına əminliyini bildirib.

Çıxış edən Ulusal Birlik Partiyasının sədri, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel qeyd edib ki, köklü tarixə əsaslanan və böyük gələcəyə doğru inamlı addımlar atan Türk Dövlətləri Təşkilatı 200 milyona yaxın əhali sayı, təqribən 4.5 milyon kvadrat kilometrə çatan ərazi və 2 trilyon dollara çatan iqtisadi potensialı ilə artıq güc mərkəzinə çevrilib.

O bildirib ki, tarixi ənənələrə, ortaq dəyərlərə malik TDT-nin beynəlxalq nüfuzu getdikcə artır: “Bu təşkilatın geosiyasi fonda əhəmiyyəti böyükdür”.

Ü.Üstel qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin TDT-yə müşahidəçi qismində üzv seçilməsi qürurvericidir. O, buna dəstək verən bütün qardaş ölkələrə minnətdarlıq edib.

Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti əlaqələrindən bəhs edən Baş nazir ölkələrimizin əməkdaşlığı istiqamətində mühüm səylər göstərdiklərini, əlaqələrin intensivləşdiyini diqqətə çatdırıb. “İnanıram ki, çox yaxın gələcəkdə əlaqələrimiz daha da dərinləşəcək və möhkəmlənəcək. Ümidvarıq ki, Şimali Kipr Türk Cümhuriyyəti tezliklə TDT-yə tamhüquqlu üzv qəbul ediləcək”, - deyən Ünal Üstel ölkəsinə dəstəyə görə Türkiyə və Azərbaycana təşəkkür edib.

Ü.Üstel vurğulayıb ki, 2023-cü ildə Ulusal Birlik Partiyası, AK Parti və Yeni Azərbaycan Partiyası arasında tarixi bir əməkdaşlıq müqaviləsi imzalanıb: “Bu müqavilənin imzalanmasından sonra partiyalar arasında dialoq da genişlənib”.

AK Parti Sədrinin Xarici əlaqələr üzrə müavini, TBMM-nin üzvü Zafer Sırakaya çıxışında qeyd edib ki, dünyada qarşıdurmaların və qeyri-sabitliyin getdikcə artdığı və qlobal rəqabətin sürətləndiyi bir dövrdə yaşayırıq: “Belə çətin bir mərhələdə dünyanın iqtisadi güc mərkəzlərinin dəyişdiyini və coğrafiyamızın cəlbedici məkana  çevrildiyini də müşahidə edirik. Belə bir mühitdə artıq Türk dünyası olaraq aramızdakı bağların güclənməsinə hər zaman olduğundan daha çox ehtiyac duyuruq”.

Zafer Sırakaya qeyd edib ki, Türk dünyasında birliyi möhkəmləndirəcək sağlam addımlar atılması zəruridir. “Türkcə danışan ölkələrin dövlət başçılarının zirvəsi" olaraq başladığımız prosesin sonunda bu gün tam təminatlı bir təşkilata sahibik. Türk Dövlətləri Təşkilatı  bu gün beynəlxalq arenada diqqətlə izlənilən, üçüncü ölkələrin əməkdaşlıq etmək istədiyi bir qüvvəyə çevrilib. Burada liderlərimizin birlik və bərabərlik içində, güclü bir Türk dünyası vizyonuna sahib olmalarının təsiri çox böyükdür”.

AK Parti Sədrinin müavini deyib ki, Türkiyədə ötən ilin fevralında baş vermiş zəlzələdən sonra TDT-yə üzv olan qardaş ölkələrdən göstərilən dəstək Türkiyə xalqının yaddaşına silinməz şəkildə həkk olunub: “Bu münasibətlə bir daha təşkilat üzvlərinə minnətdarlığımızı bildiririk. Bu ağır hadisədən sonra Azərbaycanın təklifi əsasında Türkiyə ilə həmrəylik nümayiş etdirmək məqsədilə Ankarada toplanan TDT-nin Fövqəladə Zirvə Toplantısında mühüm qərarların altına imza atdıq. Bu zirvə toplantısında Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı anlaşma imzalandı və TDT çərçivəsində təbii fəlakətlərə və fövqəladə hallara birlikdə müdaxilə etmək üçün Mülki Müdafiə Mexanizminin yaradılması qərara alındı. Türk dünyası olaraq, qlobal rəqabətin mərkəzində çiyin-çiyinə işləməyə davam edirik. Bunu açıq şəkildə ifadə etmək istəyirəm ki, bütünləşmiş bir Türk dünyası bölgəmizin sabitliyi üçün zərurətdir”.

Z.Sırakaya daha sonra vurğulayıb: “Orta Dəhliz kontekstində nəqliyyat sahəsində də əməkdaşlığımızı artırmaq istiqamətində böyük potensialımız mövcuddur. Atalarımız bizə ortaq bir tarix qoyub. Bu ortaq tarixdən bizi əsrlər boyu uzaq tutmağa çalışanlar oldu, amma artıq “Əsr Türk əsri olacaq” deyərək qurduğumuz Türk Dövlətləri Təşkilatının ortaq gələcəyimizin təməl daşı olacağına inamımız və güvənimiz tamdır”, - deyə TBMM-in üzvü vurğulayıb.

Plenar sessiyada çıxış edən Fides-Macar Vətəndaş İttifaqı Partiyasının üzvü, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilki Macarıstanda keçirilən son prezident seçkilərindən, Avropa İttifaqının və AŞPA-nın ikili standartlarından bəhs edib. Azərbaycanda qadınlara səsvermə  hüququnun Avropa ölkələrindən öncə verildiyini bildirən Attila Tilki qeyd edib ki, indi həmin ölkələr demokratiyadan danışırlar: “Bizim türklərlə qohumluğumuz olduğu üçün çox qürurluyuq. Çünki bilirik ki, biz birlikdəyik”.

Azərbaycanda olduqları üçün özlərini xoşbəxt  hiss etdiklərini deyən Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri ilə bağlı ölkəmizə təbriklərini çatdırıb. O, ölkəsinin Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini vurğulayıb: “Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakıda enerji konfransında görüşündə  demişdi ki, Azərbaycan çox vacib ölkədir. Köhnə dost ən möhkəm  dostdur”.

Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə Qarabağın incisi, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhərini yenidən ziyarət etməkdən məmnun olduğunu deyib. O, bu diyarda Şuşa Bəyannaməsinə həsr olunmuş konfransların keçirilməsinin ənənə halını aldığını bildirib. O deyib ki, Yeni Azərbaycan Partiyasının bu yöndə apardığı işlər çox önəmlidir.

Azərbaycanın haqq yolunda olduğunu deyən TBMM-nin üzvü qeyd edib ki, tarixi ədalət uğrunda mübarizə məntiqi yekununa çatıb: “44 günlük Vətən müharibəsindən sonra 23 saatlıq antiterror tədbirləri həyata keçirildi. Daha sonra Qazaxın 4 kəndi diplomatik yolla azad edildi. Bununla da Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün Azərbaycanın hər tərəfində üçrəngli dövlət bayrağı dalğalanır”.

Ş.Ayrım Azərbaycan Prezidenti İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrinin önəmini vurğulayaraq deyib ki, bu gün Türk dünyasının birliyi qaçılmazdır: “Türk dünyası Türkiyə və Azərbaycanın dövlət başçıları Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə qürur duyur”.

Ş.Ayrım, həmçinin Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına mütləq qayıdacaqlarına inamını ifadə edib.

Sonra YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun moderatorluğu ilə “Türk Dünyası - 2040”: gələcəyə konseptual baxış” mövzusunda III plenar sessiya keçirilib.

Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri Aygün Attar çıxışında bildirib ki, Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi sadəcə iki dövlət arasında strateji müttəfiqlik sənədi deyil, bütün Türk dünyasında birlik ruhunu tərənnüm edir: “Eyni zamanda onu da qeyd etmək istəyirəm ki, İstanbulda keçirilən 8-ci Zirvə görüşündə qəbul edilən “Türk Dünyası – 2040” vizyon sənədi uzunmüddli hədəfləri əks etdirir. Dünya miqyasında baş verən hadisələr strateji baxışa sahib olmaq zərurətini doğurub. “Türk Dünyası – 2040” sənədində təsvir edilən coğrafiya bu təşkilata üzv dövlətlərin olduğu Avrasiya coğrafiyasıdır. Avrasiyada ehtiyac duyulan əsas amillərdən biri TDT çətiri altında sağlam işbirliyidir”.

A.Attarın fikrincə, 2009-cu ildə qəbul edilmiş Naxçıvan Bəyannaməsində yer alan müddəalar suverenlik, bərabərlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını özündə ehtiva edən beynəlxalq hüququn əsas prinsipləridir: “Bu gerçəkliyin “Türk Dünyası – 2040” sənədində də öz əksini tapması çox önəmlidir”.

Plenar sessiyada Qırğız Respublikasının Azərbaycandakı səfiri Kayrat Osmonaliyev Azərbaycanın tarixi torpağı olan Qarabağın dirçəliş simvoluna çevrilən Şuşada keçirilən beynəlxalq konfransda iştirakından məmnunluğunu bildirib.

“Bu gün əminliklə deyə bilərik ki, Türk Dövlətləri Təşkilatı özünü təsdiqləyib və dünya siyasətində mühüm platformaya çevrilib. Təşkilatımızın institusional strukturu formalaşdırılıb. 2040-cı ilə qədər, demək olar ki, bütün qarşılıqlı fəaliyyət sahələrində türk dövlətlərinin əməkdaşlığının və inteqrasiyasının dərinləşdirilməsi nəzərdə tutulur”, - deyə Kayrat Osmonaliyev qeyd edib.

Ölkəsinin Türk dünyasında inteqrasiyanın tərəfdarı olduğunu diqqətə çatdıran diplomat bugünkü konfransın TDT-nin əməkdaşlıq perspektivləri baxımından əhəmiyyətli olduğunu vurğulayıb. “Düşünürəm ki, tədbirin iyulda Şuşada keçiriləcək TDT-nin dövlət başçılarının qeyri-rəsmi sammiti ərəfəsində baş tutması olduqca əlamətdardır”, - deyə Kayrat Osmonaliyev diqqətə çatdırıb. 

O, Qırğızıstan ilə Azərbaycan arasında əlaqələrin ikitərəfli və çoxşaxəli tərəfdaşlıq səviyyəsində olduğunu deyib.

Azərbaycan xalqını 15 İyun -Milli Qurtuluş Günü və Qurban bayramı münasibətilə təbrik edən diplomat bildirib: “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəsinin dövlətçilik tarixində müstəsna xidmətləri vardır. Xalqın gücü müdrik rəhbərin başçılığı ilə onun birliyindədir. TDT-nin də gücü onu təsis edən dövlətlərin birliyindədir”.

Türk Ticarət və Sənaye Palataları Birliyinin baş katibi Adem Kula isə çıxışında bildirib ki, Türk Dövlətləri Təşkilatının üzvü olan və qurumda müşahidəçi qismində təmsil olunan ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, ticarət, investisiya əlaqələrinin dəstəklənməsi, nəqliyyat infrastrukturunun yaxşılaşdırılması qarşıda duran əsas hədəflərdəndir: “Türk dünyasının 2040-cı ilə qədərki inkişaf strategiyası bir çox sahələri əhatə edir. Ən prioritet olanlardan biri isə, şübhəsiz ki, ortaq iqtisadiyyatın inkişaf etdirilməsidir. Odur ki, türk dövlətləri arasında maliyyə və investisiya cəlbedicililiyinin artırılması, elektron ticarətin, eləcə də kiçik və orta sahibkarlığın sürətli inkişafına nail olunması xüsusilə diqqətdə saxlanılmalıdır”.

O qeyd edib ki, gələcəyə konseptual baxış qismində nəzərə alınmalı vacib məsələlərdən biri də türk dövlətlərinin iqtisadi inkişafının sürətləndirilməsidir: “Ortaq ticarəti təmin edən mərkəzləşmiş qurumun yaradılması məqsədəuyğun olardı. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qarşılıqlı ticarət əlaqələri zamanı gömrük məsələləri də öz həllini tapmalıdır. Sərbəst ticarət bizim 2040-cı il hədəflərimizə daha tez çatmağı təmin edəcək strateji addımlardandır”.

Adem Kula türk coğrafiyasının çox böyük arealı əhatə etdiyini, eyni zamanda, bu məkanda yerin üstü kimi altının da həddindən artıq zəngin olduğunu bildirib: “Türk dünyası planetimizin böyük ehtiyatlara - neft-qaz və digər təbii sərvətlərə malik bölgələrindəndir. Həmçinin Türk dünyası gələcəkdə dünyanın geosiyasi mənzərəsində mühüm enerji məntəqələrindən biri kimi nəzərdən keçirilir. Bu isə Türk Dövlətləri Təşkilatının təkcə regional deyil, eyni zamanda, beynəlxalq əhəmiyyətini də son dərəcə artırır, qurumun iqtisadi və siyasi inkişafını şərtləndirir”.

Çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun layihə rəhbəri Nuri Aksu bildirib ki, hazırda türk xalqlarının ortaq mədəniyyətini qorumaq və inkişafını sürətləndirmək təmsil etdiyi qurumun əsas vəzifələri sırasındadır. O bildirib ki, yaradıldığı gündən bu təşkilat hər zaman öz fəaliyyətini türk xalqları arasında mədəni əlaqələrin genişləndirilməsi istiqamətində qurub.

İşğaldan azad edildikdən sonra Şuşaya ilk səfərini xatırladan Nuri Aksu şəhərdə qısa müddətdə görülən işlərin heyranedici olduğunu deyib: “Şuşada ortaq mədəni irsimizə qarşı törədilmiş vandalizm aktları məni çox sarsıtmışdı. Hər ziyarət etdiyimizdə buna şahid oluruq. Ermənilərin bu təxribat əməllərinin dünya ictimaiyyətinə çatdırılması üçün Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sistemli fəaliyyət həyata keçirilir”.

“Türk Dövlətləri Təşkilatının İstanbul Zirvəsində qəbul edilən “Türk Dünyası - 2040” sənədi bizim yol xəritəmizdir. Biz yol xəritəsinə uyğun olaraq 2040-cı il hədəflərimizə doğru  inamla addımlayırıq”,- deyə Nuri Aksu bildirib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə bildirib ki, bu gün Türk dünyası inkişaf edir və güclənir. Onun sözlərinə görə, hazırda dünyada baş verən mürəkkəb proseslər strateji təhlil və konseptual baxış tələb edir: “Biz beynəlxalq təşkilatların bu gün hansı vəziyyətdə olduğunun, onların hansı qərarlar qəbul etdiyinin və hansı fəlakətlərlə üz-üzə olduqlarının canlı şahidiyik. Bizim atdığımız hər bir addım məhz strateji təhlilə əsaslanır. Bunun da kökü – təməli var. Bu, Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin uzaqgörən siyasəti, türk dövlətləri rəhbərlərinin gələcəyə strateji baxışlarıdır. Vətən müharibəsində qalib gələn Azərbaycan illər boyu strateji siyasət apardı, konseptual yanaşmalar gündəmə gətirdi. Müharibə bitəndən bir müddət sonra isə  Şuşa Bəyannaməsi imzalandı. Bu Bəyannamə gələcəyə strateji baxışı ifadə edir”.

S.Seyidov qeyd edib ki, Şuşa Bəyannaməsi bütövlükdə Türk dünyasının önəmini artırır: “Bu sənədin imzalanmasından bir neçə ay sonra -  2021-ci ilin noyabr ayında İstanbulda keçirilən Zirvə toplantısında mühüm sənəd qəbul olundu. Həmin sənəddə bu gün müzakirə etdiyimiz bütün mövzular əksini tapıb. Sənəddə xarici siyasət və təhlükəsizlik məsələləri, iqtisadi inkişaf, inteqrasiya və digər mühüm məsələlər öz əksini tapıb”.

Beynəlxalq konfrans Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Beynəlxalq konfransın iştirakçıları Şuşanın tarixi məkanları, şəhərdə aparılan tikinti və bərpa-quruculuq işləri ilə tanış olublar.