29 iyun 2024 02:57
235

Biz birik, birlikdəyik…

Türkdilli ölkələrin birliyi təkcə geosiyasi deyil, həm də iqtisadi əhəmiyyətinə görə böyük önəm daşıyr 

Hazırda dünyadakı kataklizmlər, münaqişə ocaqları hər bir ölkəni məcbur edir ki, mövcud qarşıdurmalardan uzaqlaşmağın geosiyasi variantlarını tapsın. Bunun üçün ilk növbədə balanslı siyasət yürütməklə bərabər, həm də dostların əhatəsini genişləndirmək lazım gəlir. Bu tendensiya indi daha çox Azərbaycana lazımdır. Çünki ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi Qələbəsini hələ də həzm edə bilməyən böyük dövlətlər  və onların himayə etdiyi revanşist Ermənistanın təhdidi mövcuddur.

Elə buna görə də Azərbaycan indiki məqamda qonşuları ilə dinc yanaşı yaşamaq prinsipi ilə bərabər, həm də türkdilli dövlətlərin birliyinin qurulmasına cidd- cəhdlə çalışır. Məhz son illər Türk Dövlətləri Təşkilatının (TDT) güclənərək proseslərə təsir imkanlarını artırması bu qurumda bir araya gəlmiş dövlətlərin böyük uğurudur. Sözügedən təşkilatın qurulmasında və addım-addım inkişaf edərək güc mərkəzinə çevrilməsində Azərbaycanın rolu danılmazdır. Prezident İlham Əliyev bu birliyin əhəmiyyətini qiymətləndirərək deyib ki, ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur.

Təbii ki, dövlətimizin rəhbərinin bu mövqeyi ölkəmizin türk dünyası ilə bağlı siyasətinin əsas qayəsidir. Eyni zamanda Azərbaycanın türk dünyasının birliyinə xidmət edən təşəbbüsləri ardıcıl xarakter daşıyır. Bu ay Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Bakıda keçirilən plenar iclası uğurlu nəticələri ilə diqqət çəkdi. Həmçinin gələn ay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü də keçirilməsi planlaşdırılır. Həmin tədbirin keçirilməsi də Prezident İlham Əliyevin təşəbbüsüdür. Məhz bu kimi  təşəbbüslər türk dövlətləri arasında davamlı təmaslara, birliyin gücləndirilməsinə müsbət təsir göstərir.

Zirvə görüşünün məhz Şuşa şəhərində keçirilməsinin çox böyük mənəvi və tarixi dəyəri var. Çünki Şuşa bu gün türk dünyasının Zəfər və həmrəylik rəmzinə çevrilib. Postmüharibə dövründə işğaldan azad edilərək özünün yeni həyatına qədəm qoymuş Şuşada çox sürətlə bərpa- quruculuq işləri aparılır. Eyni zamanda, bu dövr ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin Şuşaya səfərləri reallaşıb. Digər önəmli məsələ isə odur ki, Qarabağın və Şərqi Zəngəzurun xarabalıqları üzərində qurulan yeni şəhər və qəsəbələrimizdə TDT-yə üzv ölkələrin də  qardaş payıları var. Xüsusilə iğaldan azad edilmiş rayonlarda Özbəkistan və Qazaxıstanın təşəbbüsü, maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi inşa edilərək fəaliyyətə başlayıb. Bu yaxınlarda isə Azərbaycan Prezidenti ilə Qırğızıstanın dövlət başçısı birgə Ağdam rayonunda məktəb binasının təməlini qoydular. TDT-də müşahidəçi üzv kimi fəaliyyət göstərən Macarstanın maliyyə dəstəyi ilə Cəbrayıl rayonunda məktəb inşa ediləcək. Həmçinin azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər.

Türkdilli ölkələrin birliyi təkcə geosiyasi deyil, həm də iqtisadi əhəmiyyətinə görə böyük önəm daşıyır.  Qeyd edək ki, bu gün Türkiyə 761,4 milyard, Qazaxıstan 181,7 milyard, Özbəkistan 57,9 milyard, Azərbaycan 48 milyard, Türkmənistan 48 milyard və Qırğızıstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Bu, kifayət qədər böyük həcmdir. Türk dünyası ölkələrinin tarixi İpək Yolu üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsində də önəmli rola malik olmağa şərait yaradır. Statistik göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzərindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləşməsi TDT-yə üzv dövlətlərin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, TDT-yə üzv ölkələrin dünya iqtisadiyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir və bu rəqəm 2019-cu ilin dünya üzrə mal ticarət dövriyyəsi (Merchandise Trade) ilə müqayisə edildikdə 2,8 faizdən çox olması görünür.

TDT-yə daxil olan ölkələr arasında xarici ticarət əməliyyatlarının həyata keçirilməsində Türkiyə 84 faizlə ilk sırada yer alır. Digər yerləri Qazaxıstan (8 faiz), Türkmənistan (5 faiz), Özbəkistan (3 faiz) tutur. Türkiyənin siyahıda ilk sırada olması enerji ticarətinin dövriyyəsi ilə əlaqədardır. Belə ki, Azərbaycanın enerji məhsulları ixracında Türkiyə TDT ölkələri arasında yüksək paya malik yeganə dövlətdir. Ölkəmizin  təbii qaz ixracının 17 faizi, xam neftin isə 1 faizi Türkiyəyə ixrac edilir.

Bu iqtisadi əlaqələri daha da genişləndirmək üçün Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də digər türkdilli ölkələrin də qoşula biləcəyi TANAP qaz kəməri kimi daha geniş imkan yaranıb. Respublikamızın qeyri-neft ixracına liderlik edən pambıq və kimya sənayesi məhsullarının böyük hissəsi də qardaş ölkəyə ixrac edilir. Onu da qeyd edək ki, Azərbaycanın türkdilli dövlətləri ilə azad ticarət sazişləri və Türkiyə ilə preferensial ticarət sazişi mövcuddur. Beynəlxalq nəqliyyat qovşaqlarının mərkəzində yerləşən Azərbaycanın beynəlxalq əhəmiyyətliliyi  günbəgün artır. Ona görə də Türkdilli Dövlətlər Təşkilatında kombinə edilmiş daşımalara dair saziş hazırlanır. Bu, bütün növ yüklərin daşınmalarını Azərbaycan üzərindən nəqlini nəzərdə tutur. Saziş nəinki Azərbaycana, hətta təşkilatın digər üzvlərinə də geniş iqtisadi dividentlər gətirəcəkdir.

Elçin Zaman, «İki sahil»