24 iyun 2024 16:45
642

“Vətən sənə canım fəda” adlı tədbir keçirilib - FOTO

İyunun 24-də YAP Masallı rayon təşkilatı aparatında 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə “Vətən sənə canım fəda” mövzusunda görüş keçirilmişdir.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyevin eləcədə Vətən müharibəsində Şəhid olanların əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. 

Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev tədbir iştirakçılarını 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə təbrik etmiş, Azərbaycan silahlı qüvvələrinin yaranma tarixindən, ümummilli lider Heydər Əliyevin ordu quruculuğundakı xidmətlərindən, son illərdə ordu quruculuğu sahəsində görülən işlərdən, ordumuzun qazandığı uğurlardan, o cümlədən 1994-cü il Horadiz əməliyyatı, 2016-cı ilin Aprel zəfəri, 2018-ci il Günnüt qələbəsi və 2020-ci ilin payızındakı 44 günlük Vətən müharibəsindən bəhs etmişdir. Bildirilib ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazdı. Rəşadətli Ordumuzun şücaəti, Vətən torpaqları uğrunda apardığı ölüm-dirim savaşı sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq, ədalət öz yerini tapdı.

S.Əliyev qeyd edib ki, bu gün güclü Azərbaycan Ordusu istənilən döyüş tapşırığını, hücum əməliyyatını yerinə yetirməyə qadirdir, şəxsi heyətin döyüş ruhu yüksəkdir. Ordumuz ən müasir silah və sursatlarla, zirehli texnikalarla, zenit-raket qurğuları, hərbi hava qüvvələri və s. vasitələrlə təchiz olunub. Bütün bunlar Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Tədbirdə Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin sədri Nahid Rəhimov, gənc fəallardan Vüqar Məmmədov, Lətifə Həsənova və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı Şanlı Qələbədən bəhs ediblər.