29 iyun 2024 23:37
190

Belqradda terrorçuluqda şübhəli bilinən şəxs saxlanılıb

Serbiyada terrorçuluqda şübhəli bilinən 1999-cu ildə Belqradda anadan olmuş İqor Despotoviç saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Serbiyanın daxili işlər naziri İvitsa Daçiç məlumat verib.

Nazirliyin saytında yerləşdirilən məlumata görə, İ.Despotoviç iki il əvvəl internetdə cihada çağırış edən bir neçə qrupa rəhbərlik edib. Onun İsrailin Belqraddakı səfirliyi yaxınlığında Serbiya Daxili İşlər Nazirliyinin əməkdaşını yaralayan terrorçunun şəriki olduğu ehtimal edilir.

Saxlanılan şəxsin terrorçu ilə gündəlik əlaqədə olduğu və buna görə də onun terror aktının maddi-texniki təminatı və təşkilində bilavasitə iştirak etdiyinə dair şübhələr var.

Xatırladaq ki, iyunun 29-da bir nəfər İsrail səfirliyini qoruyan Serbiya Daxili İşlər Nazirliyinin zabitini arbaletlə boynundan yaralayıb. Hücum edən asayiş keşikçisinin cavab atəşi ilə zərərsizləşdirilib. Xəsarət alan hüquq-mühafizə orqanının əməkdaşı Belqrad xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib və əməliyyat olunub. İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, diplomatlardan heç biri xəsarət almayıb.

Serbiya Daxili İşlər Nazirliyinin rəhbəri bunun terror aktı olduğunu bildirib. O, terror təhlükəsi ilə əlaqədar ölkədə qırmızı həyəcan elan edib.

Daçiçin sözlərinə görə, hücumu 25 yaşlı Serbiya vətəndaşı həyata keçirib. İlkin məlumatlara görə, o, radikal islamçı hərəkatın tərəfdarı olub.

Məhərrəm Ağalaroğlu, “İki sahil”