03 iyul 2024 11:28
139

ADA Universitetinin nümayəndə heyəti Corc Vaşinqton Universitetində olub

ADA Universitetinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin nümayəndələri ABŞ-a səfər ediblər. Onlar ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə təqdim etdiyi ikili diplom proqramları barədə Rəhbər Komitənin iclasında iştirak ediblər.

Bu barədə "İki sahil"ə ADA Universitetindən məlumat verilib.

Səfər çərçivəsində ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov və elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin rəhbərlik etdiyi nümayəndə heyəti ADA Universitetinin Vaşinqton Mərkəzi ilə tanış olub. Burada onlar elektrik və elektroenergetika mühəndisliyi ixtisası üzrə 2024-cü ilin yanvar ayından etibarən Vaşinqtonda təhsilini davam etdirən 14 tələbə ilə görüşüblər. Tələbələr öz təcrübələrindən danışıb, multikultural mühitdə təhsil almağın onların akademik və şəxsi perspektivlərini genişləndirdiyini vurğulayıblar.

Səfərin ikinci günündə Rəhbər Komitənin iclası keçirilib və bir sıra məsələlər müzakirə olunub. İclasda ADA-nın professor-müəllim və işçi heyətinin peşəkar inkişafı ilə bağlı müzakirələrlə yanaşı, yeni təqdim edilən Kompüter Mühəndisliyi və Yüksək Performanslı Hesablamalar proqramı barədə danışılıb.

Nicat Məmmədli bu proqramlarda iştirak edənlərin ölkəmizin insan resursunu təşkil etdiyini və insan resursunun davamlı peşəkar inkişafının Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Müşavir, həmçinin ADA nümayəndələrinin Corc Vaşinqtonu təmsil edən həmkarları ilə təcrübə mübadiləsi aparmaq üçün müntəzəm olaraq Vaşinqtona səfər etməsinin vacibliyini əlavə edib.

Görüş zamanı Kompüter Elmləri və Data Analitikası proqramına dördüncü dəfə aparılmış qəbul üzrə 20 tələbənin yay və payız semestrləri üçün Vaşinqtona gözlənilən səfəri müzakirə olunub.

Növbəti gün Corc Vaşinqton Universitetini ziyarət edən ADA heyətini universitetin Mühəndislik və tətbiqi elmlər fakültəsinin dekanı Con Lak və digər professor və administrativ heyəti qarşılayıb. Ziyarətçilər universitetin kampusuna, o cümlədən ən müasir sinif otaqlarına və laboratoriyalarına ekskursiya ediblər.

Xatırladaq ki, ADA Universiteti Corc Vaşinqton Universiteti ilə əməkdaşlıq edərək ikili diplom proqramları təklif etməyə 2020-ci ildən etibarən başlayıb. Kompüter elmləri və data analitikası, eləcə də elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom təqdim edən magistr proqramlarına indiyə qədər ümumilikdə 121 tələbə qəbul edilib. Qeyd edilən magistr proqramları “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə 2019-2023-cü illər üçün Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilir.

Qeyd edək ki, yeni təqdim edilən kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar ixtisasına qəbul 2025-ci ildən etibarən aparılacaq.