04 iyul 2024 11:02
147

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar təlimlərə cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində ötən dövrdə 570-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "İki sahil"ə veriulən məlumata görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas qruplara aid şəxslərin yaradıcı potensialının inkişafına, həmçinin onların reabilitasiyası və cəmiyyətə inteqrasiyasına dəstək işləri aparılır.

2021-ci ilin oktyabr ayında açılışı olan mərkəzdə rəqs, təsviri incəsənət, dulusçuluq, musiqi, dərzilik, modelyerlik, xalçaçılıq, toxuma, tikmə, bədii oyma, floristika, bağçılıq və landşaft dizaynı, audio-səsyazma, fotoqrafiya, kulinariya, səhnə ifaçılığı, kapoeyra, badminton və s. üzrə təlimlər təşkil edilir. Təlimləri uğurla başa vuranlara sertifikatlar təqdim edilib.

Hazırda burada 180 nəfər benefisiar təlimlərdə iştirak edərək bacarıqlarını təkmilləşdirir. Onlardan 136 nəfəri əlilliyi olan şəxslər, digərləri aztəminatlı ailələrdən olanlar, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar və ailə üzvləridir.

Mərkəzdə həssas qrupların yaradıcı potensialının inkişafına dəstək göstərilməsi ilə yanaşı, beynəlxalq metodikalar üzrə onlarla bağlı kompleks reabilitasiya, sosial pedaqoji inkişaf və psixoloji dəstək işləri də aparılır.