04 iyul 2024 12:35
437

Sosial şəbəkələr psixologiyamıza necə təsir edir? - EKSPERTDƏN AÇIQLAMA

Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq. Sosial şəbəkələr bizlərə bir çox üstünlüklər təqdim etməkdədir, lakin hər sahədə olduğu kimi sosial şəbəkələrdən də normadan çox istifadə bir sıra fiziki və psixoloji fəsadlarla nəticələnə bilir. 

Bəs, sosial şəbəkələr psixologiyamıza necə təsir edir? Bu təsiri minumuma endirmək üçün nələrə diqqət etməliyik? Sosial şəbəkələrdən doğru qaydada necə istifadə etməliyik? 

Faydası da var...

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva mövzu ilə bağlı “İki sahil”ə özəl açıqlamasında diqqətə çatdırdı ki, bu gün sosial şəbəkələrlə bağlı cəmiyyətdə fikirlər müxtəlifdir. Bəziləri sosial şəbəkələrdən istifadəyə qarşı olsalar da, çoxluq sosial şəbəkələrdən istifadənin tərəfdarıdır. Bu da əsassız deyil. Bir çox işlərimizin həll olunması, ən son baş verən informasiyaların əldə olunması, o cümlədən yeni insanlarla əlaqələrin qurulması istiqamətində sosial şəbəkələr başlıca vasitələrdir.

Psixoloqun sözlərinə görə, sosial şəbəkələrin bir sıra üstünlükləri vardır. Aktiv sosial şəbəkə istifadəçiləri üçün sosial medya yeni insanları və topluluqları tanımaq üçün ideal vasitədir. Digər üstünlüklərindən biri də dünyanın hansı nöqtəsində olmağından asılı olmayaraq dost, yaxın insanlar, ailə üzvləri ilə rahat əlaqə yaratmaq imkanını təqdim edir. O cümlədən, öz fəaliyyətini, yaradıcılıq işlərini ən qısa zamanda və az xərclə tanıtmaq üçün sosial şəbəkələr ən unikal metoddur.

Zərəri də...

Təranə Paşayeva diqqətə çatdırdı ki, təəssüf ki, sosial şəbəkələrin faydaları olduğu kimi insanların həyatına və psixologiyasına da mənfi təsirləri var. Bu neqativ xüsusiyyətlər həddən artıq çoxdur. Sosial şəbəkələrin zərərləri bunlardır: Xüsusilə, gənclərdə və uşaqlarda şəxsiyyətin formalaşması dövründə mənfi təsirlər yaradır. Bu, onların özlərinin qane etmədikləri tərəflərini daha çox kəşf etmələrinə və özlərini daha qeyri-adekvat görməsinə səbəb olur, insanların məxfiliyinə xələl gətirir.


Müsahibimiz vurğuladı ki, insanların əsl simasını, ümumən xasiyyətini tam dərk edə bilmədiyin üçün aldadılma, zorakılığa məruz qalma halları artır. Xüsusilə, sevgi və şəfqətə ac olan insanların onlara göstərilən diqqətdən daha çox təsirlənməsi mümkündür. Məşhur olmaq və tanınmaq istəyənlər üçün sosial media həm imkanlarla, həm də təhlükələrlə doludur. Bir çox gənclər özünü yaxşı ifadə etsə də, bu sahələrdə uğur qazansa da, bəzən insanlar çox yanlış vəziyyətlərə düşə bilirlər.

Real həyatdan uzaqlaşırlar

Həmsöhbətimiz qeyd etdi ki, bir çox insanlar sosial şəbəkələrdə var olmağa çalışmaqla yanaşı, real həyatdan uzaqlaşmağa, təcrid olmağa başlayır. Bu vəziyyət qarşısında bir çox psixoloji problemlər yaşanmağa başlayır. Ümumilikdə isə mütəmadi sosial şəbəkələrdən istifadə edən şəxslərdə zaman keçdikcə aqressivlik, stress, yuxu və qida rejimimin pozulması, depressiya halları müşahidə olunur, özüdə bilmədən həm özünə, həm də başqalarına qarşı xoşagəlməz rəftar edir. O cümlədən son zamanlar bir qrup saxta istifadəçilər tərəfindən bəzi şəxslərin şantaj edilməsi, onlara hədə-qorxu, təhqiredici mesajların göndərilməsi nəticəsində həmin insanlarda psixoloji narahatlıqlar yaranır. Bunun qarşısı vaxtında alınmadıqda sonu heç də xoş olmayan hallarla nəticələnir. Heç kimlə dərdini paylaşmayan, depressiv və tək qalmağa meyil göstərən bu insanlar hətta daha sonra özlərinə ziyan vurur, hətta sonu ölümlə nəticələnən intihara əl atırlar.

Şəxsi məlumatlarınızı bölüşməyin

Psixoloq bildirdi ki, təəssüflər olsun ki, bu gün virtual həyatdakı fəaliyyətimiz real həyatı üstələyib. Hər hansı səbəbdən dolayı, internet, sosial şəbəkələr fəaliyyətini dayandırdıqda, özümüzü böyük boşluğun içərisində hiss etmiş kimi görünürük. Amma unutmayaq ki, virtual həyat bizə təkcə fayda yox, həyatımız boyu unuda bilməyəcəyimiz fəsadlar təqdim edə bilər. Odur ki, qeyd edəcəyim amillərə diqqət etmək lazımdır. Güvənmədiyimiz, tanımadığımız insanlarla öz şəxsi məlumatlarımızı bölüşməməli, məqsədi bilinməyən qrup, səhifələrdən uzaq olmalıyıq. Həmçinin fiziki və psixoloji fəsadlarla üzləşməmək üçün vaxtımızı sosial şəbəkələrdə daha az və faydalı şəkildə keçirməli, hər hansı bir çətinliklə üzləşdikdə bunları gizlətməməli, ailəmiz, yaxınlarımızla bölüşməli, ehtiyac olarsa mütəxəssislərə müraciət etməliyik.

Yaqut Ağaşahqızı, "İki sahil"