17 iyul 2024 16:20
919

Qohum evliliklərində xəstə uşaqların doğulma riski yüksəkdir - Sahilə Səfərovadan XƏBƏRDARLIQ

Qohum evlilikləri dünyada qəbul edilməyən və hətta bir çox ölkədə qadağan olunan evlilik forması olmasına baxmayaraq, Azərbaycanda olduqca geniş yayılıb. Qohum evlilikləri dövrümüzün ən aktual problemlərindən biridir. Qohum evliliyi deyəndə cəmiyyətin müxtəlif təbəqələrində narahatlıq doğuran sualların olduğunu müşahidə edirik. Kimisi bu izdivacdan dünyaya gələcək uşağın sağlam olmasına şübhə edir, kimisə də ümumiyyətlə, qohum evliliyinin dini cəhətdən yalnış olduğunu düşünür. Hətta bəzi insanlar qan bağının eyniliyinə görə əmiqızı əmioğlu olan gənclərin övladlarının mütləq xəstə doğulacağını deyir, bəzi hallarda gəncləri bu münasibətdən çəkindirirlər. Azərbaycanda da qan qohumları arasında bağlanan nikahlar nəticəsində doğulan uşaqlarda genetik xəstəliklərin olması riski olduqca yüksəkdir.

Qhum evliliklərinin yarada biləcəyi risklərlə bağlı Abşeron Rayon Mərkəzi Xəstəxanasının uzman həkim-mamaginekoloqu Sahilə Səfərovanın fikirlərini öyrəndik.

Sahilə Səfərova "İki sahil"ə açıqlamasında qeyd etdi ki, ilk öncə qohum evliliyinin nə olduğuna aydınlıq gətirsək, daha doğru olar. Ən azı bir ortaq əcdadı olan şəxslərə “qohum”, qohumlar arasında nikahlara isə “qohum nikahları” deyilir. Qohum evliliklərinin rastgəlmə tezliyi cəmiyyətdən cəmiyyətə dəyişir. Avropa və Şimali Amerikada qohum evlilikləri çox nadir olsa da, dünyanın digər yerlərində bütün nikahların 20-50%-ni təşkil edir. Son illərdə tibbin inkişafı ilə bərabər qohum evliliklərinin sonraki nəsillərdə ciddi sağlamlıq problemlərinə səbəb olduğu faktı gündəmə gəlib. Qohum evlilikləri cəmiyyətdə genetik xəstəliklərin epidemiologiyasına təsir edən mühüm amillərdən biridir. Beləki, qohum olmayan evliliklərlə müqayisədə qohum evlilikləri deffektli və resessiv genlərin homozigot olaraq bir araya gəlməsinə və bu səbəbdən xəstə uşaqların daha yüksək nisbətdə doğulmasına səbəb olur.

Onu da bildirmək istəyirəm ki, yaxın qohumlar arasında nikahlar genetik baxımdan çox kritikdir. Yaxın qan qohumluğu olan fərdlərin eyni allelləri (qüsurlu geni daşıyan) daşıma ehtimalı daha uzaq qan qohumluğu olan şəxslərə nisbətən daha yüksəkdir. Yəni qohum cütlükdən olan uşağın fərqli allellərə (qüsurlu geni daşıyan) görə homozigot olma ehtimalı qohum olmayan cütlüklərdən olan uşaqlara görə qat-qat daha yüksəkdir. Aparılan müxtəlif araşdırmalar nəticəsində qohum evliliklərinin  qadın və kişi sonsuzluğuna, öz-özünə düşüklərə, ölü doğumlara, uşaq ölümlərinə səbəb olduğu müəyyən edilib. Bundan əlavə, qohum nikahları olan populyasiyalarda anadangəlmə anomaliyalı uşaq dünyaya gətirmə riskinin digər populyasiyalara nisbətən təxminən iki dəfə artdığı müşahidə edilmişdir. Çox zaman bu qüsurlar metabolik xəstəliklər şəklində olur. Bu xəstəliklərində təəsüflər olsunki prenatal diaqnozu çox çətindir.

Qohum evliliklərinə qadağa qoyulması həqiqətən də çıxış yoludurmu, yoxsa başqa mühüm tədbirlər həyata keçirilməlidirmi? Həkim-mamaginekoloq bu sualımıza cavabında bildirdi ki, qohum evliliklərinin sosial-iqtisadi quruluşa, dini inanc və adətlərə görə də cəmiyyətdən cəmiyyətə dəyişdiyini, hətta bəzi bölgələrdə yaxın qohumlar arasında evliliklər iqtisadi maraqlar, cütlüyün ailələrinin bir-birini daha yaxşı tanıması və coğrafi mövqe kimi səbəblərlə dəstəklənə biləcəyini nəzərə alsaq qohum evliliklərinə qadağa qoyulması təbii ki, nisbi də olsa genetik xəstə doğulan uşaqlarin sayını azaldacaq. Ölkəmizdə həm etnik mənsubiyyətindən, həm də fərdlərin böyüdüyü bölgələrdən asılı olaraq qohum evliliklərinin nisbətlərində ciddi fərqlər var. Evlənmək qərarı verən cütlüklərdə əgər qohumdurlarsa və ailədə bilinən genetik xəstəlik varsa, mütləq şəkildə detallı genetik analiz verməli və yarana biləcək fəsadlar haqqında ətraflı məlumatlandırılmalıdırlar. Təhsil və həyat səviyyəsi yüksəldikcə qohum evliliklərinin sayının azalması danılmaz faktdır. Eyni zamanda, sosial-iqtisadi inkişaf, urbanizasiya, təhsil səviyyəsinin yüksəlməsi ilə ailənin qurulmasındakı bir çox adət-ənənələr aradan qalxması, eləcə də qohum nigahlarının fəsadları haqqında marifləndirmə işlərinin aparılması da qohum nikahlarının sayında azalma səbəb olacaq.

Yaqut Ağaşahqızı, “İki sahil”