12 sentyabr 2024 12:51
328

Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır

Azərbaycanın enerji siyasəti sahəsində ilk uğurları şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” adlandırdığımız, 1994-cü ildə “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın ən iri neft şirkətləri ilə bağladığımız müqavilədən başlayır. 

Bundan başqa, Azərbaycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükəsizliyinin təmin olunması ilə bağlı digər məsələlər  2003-2014-cü illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də əks olunmuşdur. Bakı Enerji Həftəsi çərçivəsində reallaşan tədbirlərdə 30-dan çox ölkədən 300-dək şirkət olmaqla, bütün dünyanın enerji sənayesində mövcud liderlərin bir araya gəlməsi təsadüf deyildir.  Bu çərçivəsində keçirilən tədbirlər proqramında ekoloji problemlər və bu problemlərin Yer kürəsi üçün yaratdığı təhlükələr, onların qarşısının alınması yolları, eləcə də yaşıl enerji kimi mövzular xüsusi yer tutur. 

 Bundan başqa, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı, əslində, Azərbaycanın yanacaq enerjisindən bərpaolunan enerjiyə keçidinin anonsu hesab edilə bilər. Görünən isə odur ki, Azərbaycana artan maraq və Prezident İlham Əliyevin etibarlı tərəfdaş kimi qlobal nüfuzu fonunda enerji siyasətimizin uğurlarının davamlılığı təmin olunmaqla, alternativ enerjiyə keçid nəinki rahat reallaşacaq, üstəlik, Avropa istehlakçıları da məhz Azərbaycan istehsalı yaşıl enerji ilə təmin ediləcək. 

XXI əsrdə enerji siyasətinin dövlətlərin milli təhlükəsizlik prizmasından qiymətləndirildiyi bir zamanda Azərbaycanın ən ideal təminatçı olması aparıcı diplomatlar tərəfindən dəfələrlə səsləndirilib. 2022-ci il iyulun 18-də Bakıda imzalanan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu zamanı Avropa Komissiyasının prezidenti Ursula Fon der Lyayenin “Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq" fikrini səsləndirməsi bunun bariz nümunəsidir”.

 “Bir məqamı da qeyd etməliyəm ki, belə böyük regional və qlobal layihələrin həyata keçirilməsi heç də asan məsələ deyil. Əgər Azərbaycanda siyasi, iqtisadi sabitlik olmasaydı, enerjinin istehsalı və tranziti ilə bağlı lazımi infrastrukturlar tikilib qurulmasaydı, biz dünya dövlətlərinin etibarını qazana və belə nəhəng layihələrin icrasını həyata keçirə bilməzdik. 

Azərbaycanın enerji istehsalı və ixracı, enerji təhlükəsizliyi sahəsindəki nailiyyətlərini Prezident İlham Əliyevin ölkəmizdə yaratdığı bu siyasi və iqtisadi sabitliyə, qətiyyətli siyasi iradə nümayiş etdirdiyi xarici diplomatiyaya, dünya dövlətləri ilə qurduğu uğurlu əməkdaşlığa, Vətən və xalq sevgisinə borcluyuq.

Bəyim Məmmədova,
Humanitar fənlər təmayüllü məktəb-liseyin laborantı,
YAP Xətai rayon təşkilatının üzvü