17 sentyabr 2024 02:27
214

Planetimizin "yaşıl gələcəyi” naminə…

COP29 Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirəcək, eləcə də iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə əvəzsiz töhfə olacaq

Azərbaycanın COP29-a ev sahibliyi 2024-cü ilin ən mühüm hadisəsi və ölkəmizin "yaşıl iqtisadiyyat"a keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirilməlidir. COP29-a ev sahibliyi respublikamızın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun göstəricisi, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. COP29-un Azərbaycana həvalə edilməsi təklifi COP28-də qəbul edilən qərarla təsdiqlənmiş və bu sənəd müxtəlif ölkələrin, beynəlxalq təşkilatların birmənalı dəstəyi ilə qəbul edilmişdir.

Tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, “yaşıl enerji”yə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü tədbirlər daha böyük qlobal auditoriyanın diqqətinə çatdırılacaq. Belə ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, əsrin ortasına qədər 1990-cı illə müqayisədə karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.

Ölkəmizin bərpaolunan enerji potensialı son illərdə daha da inkişaf etdirilir və bu sahədə atılan addımlar mühüm nəticələr verir. 2023-cü ilin oktyabrında istifadəyə verilən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası buna əyani misaldır. Gələcəkdə ölkədə günəş və külək enerjisindən istifadə edən daha böyük enerji stansiyaları tikiləcək. 2027-ci ilə qədər 2 qiqavat gücündə, 2030-cu ilə qədər isə əlavə 5 qiqavatlıq stansiyalar fəaliyyətə başlayacaq. Azərbaycanın həm dənizdə, həm də quruda olan külək və günəş enerjisi potensialı bu sahədə dünya miqyasında önəmli nəticələrə yol açacaq.

Azərbaycan COP29 kimi qlobal tədbirin ən yüksək səviyyədə baş tutması üçün var gücü ilə çalışır. Sentyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olması bunu bir daha təsdiq edir. Dövlət başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq ərazisində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyatın hazırlığı, qonaqların yerləşdirilməsi və digər işlər barədə məlumat verilib. Həmçinin 8 hektar ərazidə qurulan "Yaşıl Zona" ilə bağlı görülən işlər məruzə edilib. Qeyd olunub ki, ölkəmizdə COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün zəruri tədbirlər görülür, lazımi infrastruktur yaradılır. Prezident İlham Əliyev görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.

Bu mötəbər tədbirə turizm sektoru da ciddi ha­zırlaşır. Texniki və təşkilati baxımdan turizm sənayesinin COP29 kimi mühüm tədbirin yüksək səviyyədə keçirilməsini təmin et­mək məqsədilə tam hazırlıqlı vəziyyətə gətirilməsi istiqamətində işlər davam edir. Azərbaycana bu tədbirlə əlaqədar səfər edəcək qonaqların rahat yerləşdirilməsi üçün mayın 23-dən vahid onlayn rezervasi­ya platforması istifadəyə verilib. Rezerva­siyaların qəbulu davam edir. “COP29-ac­commodation.bnetwork.com” ünvanında yerləşən platformada hər bir ulduz dərəcə­sinə uyğun hotellər və yaşayış kompleks­ləri təqdim edilir. Yerləşdirmənin ümumi həcmi və növləri, təhlükəsizlik, logistika baxımından əlçatanlığı və qonaqlara xid­mətlə bağlı digər sahələr beynəlxalq təcrü­bəyə və meyarlara əsaslanır.

Dövlət Turizm Agentliyi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən artıq yerləşmə obyek­tinin auditini həyata keçirib. Onlardan 207-si təsnifatdan keçirilərək ulduz dərə­cəsi əldə edib. Təsnifatdan keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün vaxt verilib və onların təkrar auditi davam edir. Agentlik re­gionlarda fəaliyyət göstərən yerləşmə ob­yektlərinin də monitorinqini aparıb. Ulduz dərəcələrinin təyin edilməsi ilə bağlı işlə­rin icrası nəzərdə tutulur.

Xidmət keyfiyyətinin artırılması məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən ho­tellərin 2 minə yaxın personalına peşə tə­limləri, eləcə də mətbəx idarəedilməsi ilə bağlı təlimlər keçirilir. Hotel və restoranlar üçün veqan və vegetarian menyular hazır­lanıb. Agentlik hotellərdə qastronomiya təlimlərinin keçirilməsi üzrə işləri davam etdirir.

Bundan əlavə, 200 turizm bələdçisinin sertifikatla təmin olunmaları, minə yaxın turizm könüllüsünün müvafiq hotellərə təhkim edilməsi üzrə də tədbirlər keçiri­lir. Milli park və qoruqların ərazisindəki təbiət və mədəniyyət abidələrində abadlıq işlərinin həyata keçirilməsi, infrastruktu­run yenilənməsi, qeyd olunan ərazilərə tur proqramların hazırlanması fəaliyyətləri də davam edir.

COP29 Azərbaycanın tarixi, milli-mə­dəni irsin tanıdılması ilə yanaşı, ölkəmizin ekoturizm, aqroturizm, məsuliyyətli və dayanıqlı turizm kimi yeni bir sahədə də geniş potensialı haqqında məlumatların ar­tırılmasına töhfə verəcək.

Bütün bunlarla yanaşı, Azərbaycan hökuməti tərəfindən COP29 konfransına hazırlıq işləri çərçivəsində ölkəmizə səfər edəcək çoxsaylı rəsmi şəxslər, nümayəndə heyətləri və digər qonaqların rahatlığının təmin olunması istiqamətində bir sıra addımlar atılır. Belə ki, tədbir iştirakçılarının viza müraciəti prosesini sadələşdirərək onların Bakıya səfərlərinin rahat və səmərəli şəkildə təmin olunması məqsədilə COP29 xüsusi vizasının əldə edilməsi üzrə müvafiq portal istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə "ASAN Viza" portalının COP29-la bağlı xüsusi viza müraciəti modulu yaradılıb. Dünyanın 200-ə yaxın ölkəsindən on minlərlə iştirakçının COP29-a qatılacağı nəzərə alınaraq portal ingilis, alman, fransız, ispan, ivrit, italyan, rus, ərəb, fars, Çin və Koreya dillərində fəaliyyət göstərir. Portal 24/7 rejimdə dəstək və tam elektron, kağız sənədsiz viza prosesini təklif edir. Həmçinin COP29 xüsusi vizasının əldə olunması qaydaları ilə elektron təlimat və məlumatlandırıcı videoçarx vasitəsilə tanış olmaq mümkündür.

Ölkəmizin COP29-a sədrliyi çərçivəsində Bakı Qlobal İqlim Şəffaflığı Platformasının yaradılması təşəbbüsünün reallaşdırılması bu mötəbə beynəlxalq tədbirə yüksək səviyyədə hazırlığa parlaq nümunə sayıla bilər. Bir neçə gün əvvəl geniş ictimaiyyətə təqdim olunmuş bu təşəbbüs iqlim şəffaflığı məsələlərinə son dərəcə böyük faydalar verəcək. Təşəbbüsün BMT səviyyəsində də təqdir edilməsi Azərbaycanın gördüyü bu işin perspektivlərinə böyük inamdan irəli gəlir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell Bakı Qlobal İqlim Şəffaflığı Platformasının fəaliyyətə başlamasını alqışlayıb. Bütün bunlar Azərbaycanın artıq qlobal problemlərin həllində əsas ölkələrdən biri olduğunu, ölkəmizin bəşəriyyətin gələcəyi naminə tapdığı həllərin effektivliyini göstərir.  Bakı Qlobal İqlim Şəffaflığı Platformasının kifayət qədər aydın məqsədləri var. İqlim şəffaflığı üzrə qlobal əməkdaşlığı mümkün qədər gücləndirmək, ölkələr arasında etimad mühiti yaratmaq və inkişaf etməkdə olan dövlətlərə İkiillik Şəffaflıq Hesabatlarının (BTR) hazırlanmasında dəstək göstərmək bu məqsədlərə daxildir.

Yaqut Ağaşahqızı,”İki sahil”