16 sentyabr 2024 18:37
157

Məşhur "Yamaha" şirkətinin prezidenti qızı tərəfindən bıçaqlanıb

Yaponiyanın Şizuoka prefekturasının polisi “Yamaha Motor Company”nin prezidenti Yoşihiro Hidakanın qızı 33 yaşlı Hana Hidakanı həbs edib.

“İki sahil” xəbər verir ki, bu haqda “Kyodo” agentliyi məlumat yayıb.

Bildirilir ki, qadın atasına hücum edərək mətbəx bıçağı ilə onun əlini kəsib. Hidakanın yarasının yüngül olduğu və həyatı üçün təhlükə olmadığı məlum olub.

Agentliyin məlumatına görə, sentyabrın 16-na keçən gecə şirkət prezidentinin qızı özü polisə zəng edib. O, atasının onu vurduğunu bildirib. Lakin “Tokyo Reporter”in məlumatına görə, hadisə yerinə gələn 61 yaşlı Hidaka yatarkən qızının ona bıçaqla hücum etdiyini deyib.

Hana Hidaka həbs edilib və atasını öldürməyə cəhddə şübhəli bilinir. Agentliyin məlumatına görə, “Yamaha Motor Company”nin prezidentinin qızı işsizdir və valideynləri ilə birlikdə yaşayır. Şirkətin özü bu məsələ ilə bağlı şərh verməkdən imtina edib, çünki məsələ hələ də araşdırılır.

“Yamaha Motor Company” Yaponiyanın məşhur motosiklet istehsalçısıdır. 1955-ci ildə Nippon Gakki Co., Ltd-dən ayrıldıqdan sonra təsis edilmişdir.