16 sentyabr 2024 19:15
153

"Changan" Avropada elektromobil istehsal etməyi planlaşdırır

Avropa İttifaqının Çində istehsal olunan elektromobillərə əlavə idxal rüsumları tətbiq etmək planları fonunda “Changan” şirkəti avtomobillərin yığılmasını Aİ-də lokallaşdırmaq niyyətini açıqlayıb.

“İki sahil” “Kommersant”a istinadla xəbər verir ki, “Çhanqan” şirkəti Avropada özünün montaj zavodunu təşkil etmək imkanını nəzərdən keçirir. Artıq Münhendə konsernin yeni filialı açılıb.

“Avropa bazarı artımda əsas rol oynayır. Yaxın gələcəkdə alternativ enerji mənbələri ilə işləyən yeni modellərin Avropada təqdimatı keçiriləcək ki, bu da “Çhanqan”a regionda mövcudluğunu gücləndirməyə kömək edəcək”, - deyə, avtomobil istehsalçısının mətbuat xidmətinin bəyanatında deyilir.

Şirkət ilk xarici montaj zavodunu 2025-ci ilin birinci rübündə Taylandda açacaq. Ardınca Cənubi və Mərkəzi Amerikada, eləcə də Avropada zavod layihələri həyata keçiriləcək. Şirkət qlobal bazarda illik satışlarını 2030-cu ilədək 5 milyon avtomobilə çatdırmağı planlaşdırır ki, bunun da təxminən 1,2 milyon ədədi ixrac ediləcək. “Chanqan”ın brendlər portfelinə Avatr, Kaicene, Qiyuan və Deepal daxildir.