25 sentyabr 2024 23:58
128

Vətən sevdalısı

Vətən naminə keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi fədakarlıqla, mərdliklə dolu olan xalqımızın igid, vətənpərvər oğlanlardan biri Daxili Qoşunların hərbi qulluqçusu çavuşu Zahir Sədi oğlu Əliyev Qarabağ bölgəsində keçirilən lokal antiterror tədbirləri zamanı Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. 4 yanvar 1987-ci ildə Lerik rayonu, Soru kəndində dünyaya göz açan Zahir Əliyev orta məktəbi başa vurub Vətənin keşiyinə yollanıb. Hərbi xidmətdən tərxis olunandan sona “Müddətdən artıq hərbi xidmət” kursuna daxil olub. Kursu bitirib çavuş rütbəsində xidmətini davam edib. O, ölümündən sona Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və "Vətən uğrunda” medalına layiq görülüb. 

Leriklilərin qürur yeri olan Zahir Əliyev cismən aramızdan getsə də, həmişə rayon sakinləri tərəfindən ehtiramla xatırlanır. Bu günlər Vətən sevdalısının  il mərasimi keçirilib.

Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları doğma kənd qəbiristanlığında Zahir Əliyevin və digər şəhidlərin məzarlarına baş çəkib, qəbirüstü abidələrinin üzərinə gül-çiçək dəstələri düzərək əziz xatirələrinə böyük hörmət və ehtiramlarını bildiriblər . Həmçinin Soru kəndində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılan bulaq-abidə kompleksi də ziyarət olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü