28 sentyabr 2024 13:48
85

Nyu-Yorkda Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilib

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiyanın və İranın xarici işlər nazirləri Sergey Lavrov və Abbas Araqçı arasında görüş keçirilib.

“İki sahil” Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, tərəflər cari beynəlxalq və regional problemlər, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Fələstin-İsrail münaqişəsi zonasında davam edən gərginlik, Cənubi Qafqazdakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər Rusiya ilə İran arasında strateji tərəfdaşlıq münasibətlərinin qurulması xəttinin dəyişməzliyini və əvvəllər razılaşdırılmış bütün birgə layihələrin həyata keçirilməsinə sadiq olduqlarını təsdiqləyiblər. S.Lavrov iranlı həmkarını onun üçün əlverişli vaxtda Moskvaya səfərə dəvət edib.

BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü də baş tutub. Üç ölkənin xarici siyasət idarələrinin rəhbərləri - Sergey Lavrov, Abbas Araqçı və Hakan Fidan Suriyada və onun ətrafında vəziyyətin inkişafı ilə bağlı hərtərəfli fikir mübadiləsi aparıblar. Suriyada vəziyyətin bu ölkənin suverenliyinə, birliyinə və ərazi bütövlüyünə hörmət əsasında hərtərəfli nizamlanmasına kömək etmək üçün Astana prosesində iştirak edən qarant ölkələrinin birgə səylərini davam etdirmək niyyəti təsdiqlənib.