05 oktyabr 2024 17:56
102

“Biman Bangladesh Airlines” Avropaya uçuşlar üçün Azərbaycanın hava məkanından istifadə edir

Banqladeşin milli aviadaşıyıcı şirkəti “Biman Bangladesh Airlines” Yaxın Şərqdəki vəziyyət, xüsusən də İsrail ilə İran arasındakı gərginlik fonunda Avropa istiqamətində uçuşlar üçün Azərbaycanın hava məkanından istifadə edir.

"İki sahil" Banqladeş mediasına istinadla xəbər verir ki, şirkətin sözçüsü Nahid İslam “Biman”ın paytaxt Dəkkədən Böyük Britaniya və İtaliyaya uçan təyyarələrinin İran və İraqın hava məkanından istifadəni dayandırdığını, alternativ olaraq Pakistan, Əfqanıstan, Türkmənistan, Azərbaycan və Gürcüstan üzərindən uçuşları yerinə yetirdiyini bildirib. O, Banqladeş və əks istiqamətə uçan digər şirkətlərin təyyarələrinin də İraq və İranın hava məkanına daxil olmaqdan çəkindiyini açıqlayıb.

Qeyd edək ki, İranın İsrailə raket hücumundan sonra İsrailin mümkün cavab addımı ehtimalı fonunda aviasiya şirkətlərinin çoxu İran hava məkanından yan keçməyə üstünlük verir. “Emirates”, “Fly Dubai” da daxil olmaqla bəzi şirkətlər isə Livan, İraq və İrana uçuşları dayandırıb.