17 oktyabr 2024 15:32
106

Siyasi fəal Kemi Seba azadlığa buraxıldı

Fransanın müstəmləkəçilik siyasətinə qarşı çıxan, Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış aktivist, siyasi fəal Kemi Seba azadlığa buraxılıb.

"İki sahil" Fransa KİV-lərinə istinadən xəbər verir ki, o, oktyabrn 14-də Parisdə, restoranda nahar edərkən polislər tərəfindən saxlanılmışdı.

Kemi Sebanın vəkili bildirib ki, o, regionun daxili məsələlərinə kənar müdaxilə, eləcə də xarici dövlətin xeyrinə casusluq faktları üzrə qaldırılan cinayət işi çərçivəsində dindirilib.

Yekunda məhkəmə Kemi Sebanın əməllərində cinayət tərkibinin olmadığına qərar verib.

Xatırladaq ki, 3 oktyabr tarixində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın Neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans keçirilib. Kemi Seba sözü gedən konfransda iştirak edib.

Qeyd edək ki, Kemi Seba Afrikanın müstəqilliyi, suverenliyi və neo-kolonial güclərə qarşı mübarizə hərəkatının simvolik liderlərindən biri kimi tanınır. O, eyni zamanda Fransız neo-müstəmləkəçiliyinin əsas tənqidçilərindən biridir. 1981-ci ildə Fransanın Strasburq şəhərində anadan olmuş K.Seba Fransanın iyrənc müstəmləkəçilik siyasətinin Afrika ölkələrinə, habelə Fransanın hələ də əsarəti altında olan dənizaşırı ərazilərinə vurduğu ziyanı açıq və kəskin şəkildə tənqid etməsi və pisləməsi nəticəsində Fransanın “qara siyahı”sına salınıb.

Fransa K.Sebanı susdurmaq üçün bir neçə dəfə həbs etmiş, lakin istədiyinə nail olmadığı üçün onu fransız vətəndaşlığından məhrum etmiş və bununla da, onu sürgünçülük həyatına məruz qoymağa cəhd edib.