31 oktyabr 2017 23:03
3339

Dərin dəniz özüllərində elektrik-quraşdırma işləri davam edir

SOCAR-ın “Neftqaztikinti” Trestinin (SOCAR NQT) 1 saylı Tikinti-Quraşdırma Bölümü (1 saylı TQB) SOCAR-ın bütün neft və qazçıxarma idarələrində, eləcə də mülki təyinatlı obyektlərdə elektrik avadanlıqlarının quraşdırılması, hava elektrik ötürücü xətlərinin, sualtı və yeraltı elektrik kabel xətlərinin çəkilməsi, elektrik yarımstansiyalarının tikintisi, tikilən mülki və sənaye təyinatlı obyektlərdə elektrik təchizatı ilə bağlı əsaslı təmir, elektro-kimyəvi mühafizə, obyektlərdə nəzarət-ölçü cihazlarının və avtomatik idarəetmə sistemlərinin quraşdırılması işlərini yerinə yetirir. Neft strategiyasının tərkib hissəsi olan dənizdə yerləşən yataqlarda neft və qaz quyularının qazılması üçün tikilən dərin dəniz özüllərinin (DDÖ) tikintisində və qazmadan sonra DDÖ və meydançalarda abadlıq işlərinin aparılmasında elektrik-quraşdırma işlərinin və DDÖ-lərarası sualtı kabel, hava elektrik ötürücü xətlərinin çəkilməsi 1 saylı TQB tərəfindən aparılır.

Onu da qeyd edək ki, Bölümün nəzdində fəaliyyət göstərən Elektrik avadanlıqlarının hazırlanması, quraşdırılması və təmiri (EAHQT) sahəsində elektrik avadanlıqlarının, nəzarət-ölçü kalonkalarının, kompleks paylayıcı məntəqələrin və müxtəlif təyinatlı elektrik dirəklərinin hazırlanması, transformator yağının qurudulması, Stasionar Elektrik Laboratoriyası ilə sınaq işlərinin aparılması və elektrik mühərriklərinin təmiri işləri yerinə yetirilir.

“Neftqaztikinti” Trestinin 1 saylı TQB-nin gördüyü işlər barədə Bölümün rəisi Bəhruz İsmayılov məlumat verdi ki, 2017-ci ilin 9 ayı ərzində SOCAR NQT-nin 1 saylı Tikinti-Quraşdırma Bölümü tərəfindən yerinə yetirilmiş işlər plana qarşı 94.5 faiz təşkil edib. Ümumilikdə qeyd edilən dövr ərzində 10.3 milyon manat dəyərində iş və xidmətlər yerinə yetirilib. B.İsmayılov vurğuladı ki, 1 saylı TQB-nin kollektivi SOCAR və Trest rəhbərliyinin onlara göstərdikləri etimadı doğruldaraq tapşırılan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir.

B.İsmayılov qeyd etdi ki, 1 saylı TQB tərəfindən köhnə hava elektrik ötürücü xətləri kabel xətləri ilə əvəz olunub, güc transformatorları quraşdırılıb, yeni yarımstansiyalar tikilərək istismara verilib. Bölüm rəisi məlumat verdi ki, 1 saylı TQB tərəfindən “Abşeronneft” NQÇİ-nin “Yığım-nəql sisteminin yenidən qurulması” obyekti üzrə yığım-nəql sistemini elektrik enerjisini təchiz etmək məqsədilə 6/0,4 kV-luq transformator yarımstansiyası (Y/S) tikilib: “2 ədəd 1600 kVA 6/0,4 kV-luq transformator, Y/S-nın 6 kV-luq paylayıcı qurğusu (PQ) 17 ədəd müasir tipli 6 kV-luq yuvalar, 0,4 kV-luq hissəsində 13 paneldən ibarət 3 ədəd şit yığılıb. Panellər müasir tipli bloklardan, rəvan işə salma qurğusundan və avtomatlardan ibarətir. Obyektdə ərazi boyu güc və nəzarət kabelləri, kabel kanallarında, kabel rəfləri üzərində, yol keçidlərində, borularda və qalan hissələrdə isə xəndəklərdə çəkilmişdir. Obyekt üzrə müxtəlif ölçülü 87253 metr kabel çəkilib. Bunlardan 14087 metr güc kabeli, 73166 metr isə nəzarət kabelləridir. Obyektin tərkibində lay suları nasosxanasının, neft nasosxanasının, drenaj blokunun yanğın nasosxanasının, inzibati-məişət və operator binasının, keçid məntəqəsinin, əl alətləri otağının, çatılı kranların, qızdırıcı sobaların, kompressorların, elektrik intiqallı siyirtmələrin elektrik işlədiciləri, idarəetmə düymələri və elektrik işıqlandırılma işləri görülüb. Ərazinin işıqlandırılması üçün 14 ədəd 14 metr hündürlüyündə projektor doru üzərində 60 ədəd partlayışa davamlı projektorlar, 174 ədəd lüminisent lampalı çıraqlar, 42 ədəd plafon tipli çıraqlar quraşdırılıb.”

Obyektdə işçi personalın və avadanlıqların təhlükəsizliyi üçün cərəyan altında olmayan metal gövdələr iki yerdən az olmamaq şərti ilə yerlə birləşdirmə dövrəsinə polad zolaq vasitəsilə 16 mm-lik polad çubuqlara qaynaq edilərək ümumi müqaviməti 40 M-dan çox təşkil etmir.

B.İsmayılov onu da bildirdi ki, “Heydər Əliyev adına Neft Emalı Zavodunun texnoloji qurğularının soyutma sisteminin təkminləşdirilməsi məqsədi ilə zavodun ərazisində su soyutma qurğusunun (qradirni) tikintisi” obyektinin iş prinsipi istehsalat prosessində yaranmış isti və yaxud su buxarının soyudulub yenidən soyutma sisteminə qaytarılmasıdır: “Obyektdə müasir standartlara cavab verən Y/S-lar quraşdırılıb və “Schneider” markalı avadanlıqlarla təchiz olunub. Ərazinin daxili işıqlanmasında müasir çıraqlar quraşdırılıb. En kəsiyinin sahəsi müxtəlif olmaqla 32,5 km güc kabelləri xəndəkdə və estakadalarla çəkilib.”

Bölümün rəisi onu da bildirdi ki, 1 saylı TQB-nin kollektivi tərəfindən hazırda dövlət əhəmiyyətli obyektlərdə elektrik-quraşdırma işləri uğurla davam etdirilir: “”Günəşli yatağı” 10 saylı DDÖ-nün yenidən qurulması” obyektində özüldə yanğından sonra işıqlanma sistemi yenidən qurulub, müasir tipli işıqlandırıcılar quraşdırılıb, kabel yolları yenilənib, təxminən 3200 metr yeni koroblar və texminən 15600 metr kabel xəttləri çəkilb. “”Neft Daşları” nda 2A saylı İNYM-nin (təshih) tikintisi” obyektində 6/0.4kV-luq yarımstansiyada müasir tipli yeni avadanlıqlar quraşdırılıb, meydançada və nasosxanada müasir tipli işıqlandırıcılar quraşdırılıb, təxminən 600 metr yeni koroblar və texminən 14300 metr kabel xəttləri çəkilib. Avadanlıqların avtomatik və yerli idarə olunması sistemi qurulub.

Bölüm tərəfindən “28 May” NQÇİ-nin “”Günəşli” yatağında 14 saylı DDÖ-də köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin qurulması” obyektində yanğın tabloları, videomüşahidə sistemi, yanğın düymələri, yanğın dedektorları, qazanalizator və lafet qüllələri quraşdırılıb, kabellərə birləşdirilib, müxtəlif ölçülərdə 34873 metr kabel xətləri çəkilib. Təxminən 1380 metr koroblar çəkilib, 110 ədəd birləşdirici qutular quraşdırılıb.

B.İsmayılov bu işlərin yerinə yetirilməsində 1 saylı TQB-nin istehsalat üzrə rəis müavini Məhəmməd Behbudovun, sahə rəisləri Fəraim Cəfərovun, Babək Məmmədovun, Sahil İsmayılovun, iş icraçılarından Rövşən Cavadovun, Ağalar Əliyevin, elektrik quraşdırıcısı-çilingərlər Elson Hacıyevin, Namiq Əliyevin, kabel şəbəkələri üzrə elektrik quraşdırıcıları Yalçın Əbdülhüseynovun, Natiq Ağayevin, yüksək gərginlikli elektrik montyorları Faiq Bayramovun, Asif Qasımovun, güc şəbəkələri üzrə elektrik qraşdırıcısı Adil Əhmədovun, elektrik montyoru Şahin Hüseynovun və digərlərinin xidmətlərinin böyük olduğunu vurğuladı: “Yerinə yetirdiyimiz iş və xidmətlərdə hər zaman SOCAR prezidenti Rövnəq Abdullayevin və “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasovun diqqət və qayğılarını hiss edirik. 1 saylı TQB-nin kollektivi üzərinə düşən işləri vaxtında və keyfiyyətlə yerinə yetirərək, ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsinə öz töhfəsini verməkdə davam edəcək.”

Orxan Vahidoğlu, “İki sahil”