26 noyabr 2026 15:04
199

SOCAR ilə “Schneider Electric” arasında Anlaşma Memorandumu imzalanıb

26 noyabr 2026-cı il tarixində SOCAR ilə “Schneider Electric” şirkəti arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, sənədi SOCAR-ın vitse-prezidenti Fuad Musayev və “Schneider Electric” şirkətinin Türkiyə və Mərkəzi Asiya üzrə klaster prezidenti və baş icraçı direktoru Mehmet Özalp imzalayıblar.

Memorandum enerji sektorunda elektrik paylayıcı infrastrukturu, sənayenin avtomatlaşdırılması, rəqəmsallaşma və enerji səmərəliliyi sahələrində tərəfdaşlığın genişləndirilməsini nəzərdə tutur. Əməkdaşlıq çərçivəsində SOCAR aktivlərində elektrik və avtomatlaşdırma sistemlərinin modernləşdirilməsi, enerji istehlakının və avadanlıqların fəaliyyətinin optimallaşdırılması üçün rəqəmsal həllərin tətbiqi, həmçinin seçilmiş obyektlərdə pilot layihələrin qiymətləndirilməsi və həyata keçirilməsi planlaşdırılır.

Eyni zamanda, tərəflər birgə layihələr, texniki xidmət və təcrübə mübadiləsi, məhsulların yerli istehsalı imkanlarının araşdırılması, eləcə də dayanıqlılıq və xalis sıfır emissiya hədəfləri istiqamətində birgə fəaliyyət göstərəcəklər.