Qonşu Gürcüstanda cari ildə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyasının təşəbbüsü ilə parlamentdə xarici təsirin şəffaflığının təmin edilməsi və ailə dəyərlərinin, milli ləyaqətin qorunması ilə bağlı iki mühüm qanunun qəbul edilməsi fonunda başlayan müxalifət - hakimiyyət qarşıdurması oktyabrın 26-da baş tutan parlament seçkilərindən sonra daha gərgin fazaya daxil olub. Seçkilərin müvafiq qurum tərəfindən təsdiqlənən nəticələrinə əsasən, hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” Partiyası on birinci çağırış Gürcüstan parlamentində 150 mandatdan 89-nu qazanıb. Kəskinləşən, tündləşən hadisələrin gedişindən aydın görünən odur ki, Qərb parlament seçkiləri zamanı hakim "Gürcü Arzusu"nun qələbəsini qəbul etmək istəmir. Beləliklə, oktyabrın 26-da baş tutan seçkilərdə Qərbin “uduzması” aqressiyanın güclənməsi üçün “təkana” çevrildi.
Gürcüstandakı sabitliyi pozmaq, ölkədə xaos yaratmaq üçün son zamanlar ABŞ və Avropa İttifaqı (Aİ) davamlı olaraq müxtəlif yollar və vasitələrlə Gürcüstana təzyiqlər göstərirlər. Bu təzyiqlərin nəticəsi olaraq illərdən bəri ölkəyə edilən yardımlar dayandırılıb. Bununla da kifayətlənməyən Qərb bütün giriş qapılarını Gürcüstanın hakimiyyət nümayəndələrinin üzünə bağlayıb. Amma Qərb nə qədər fitnəkarlıq etsə də Gürcüstan hökuməti dövlətin və xalqın maraqlarını qoruyur. Ona göstərilən müxtəlif təzyiqlərə məhəl qoymayan rəsmi Tbilisi güclü iradə nümayiş etdirərək Qərbin diktələrinə boyun əymədən öz yolu ilə addımlayır.
Gürcüstanın hazırkı rəhbərliyi Qərbin ələalma və yaxud şantaj siyasətinə boyun əymir və milli maraqlarını önə çəkir. Bundan narahat olan Qərb isə rəsmi Tbilisidən qisas almaq üçün yeni “rəngli inqilab” ssenarisini işə salıb. Artıq Avropa İttifaqı, ABŞ Gürcüstana maliyyə dəstəyini dayandırıb. Son olaraq isə bu günlərdə Avropa Parlamenti Gürcüstanın hökumət rəhbərlərinə sanksiya tətbiq edilməsi ilə bağlı qətnamə qəbul edib.
Göründüyü kimi, dost ölkənin hazırkı rəhbərliyi güclü milli iradəyə malikdir və Qərbin ənənəvi şantaj vasitələrinə boyun əymir. Qərbə itaətkar Gürcüstan lazımdır. İ.Kobaxidze hökuməti isə real müstəqillik prinsiplərindən çıxış edir
Hakim “Gürcü Arzusu” Demokratik Gürcüstan Partiyasının Aİ-yə üzvlüklə bağlı danışıqları təxirə salmaq barədə qərar verməsi Gürcüstanda siyasi gərginlikliyi pik həddə çatdırıb. Baş nazir İrakli Kobaxidzenin noyabrın 28-də hakimiyyətin 2028-ci ilin sonuna qədər Aİ-yə üzvlük danışıqlarını gündəmdən çıxardığını və Tbilisinin Avropanın maliyyə yardımından imtina etdiyini bildirib. Qeyd edilib ki, 2009-cu ildən başlayaraq aparılan 15 illik danışıqlar nəticə verməyib. Gürcüstan ciddi təhdidlərlə üzləşərkən Avropa İttifaqının zəruri dəstəyini görməyib.
Bütün əsaslandırmalara rəğmən, Baş nazir İrakli Kobaxidzenin bu qərarı elan etməsindən sonra Tbilisidə vəziyyət gərginləşib. Qərb siyası mərkəzlərinin təsir dairəsində olan müxalifət qüvvələri küçələrə axışıb. Bu günlər qarşıdurma çağırışları ölkənin paytaxtı Tbilisi şəhərini bürüyüb. Qərbin çalğısına züy tutan, yalan vədlərə aldanmış bəzi yerli qüvvələr hüquq-mühafizə orqanları əməkdaşlarına xəsarət yetirirlər, dövlətçilik əleyhinə xoşagəlməz addımlar atırlar. Ölkədəki sabitliyi pozmağa, qarşıdurma yaratmağa çalışırlar. Özünü demokratiyanın carçısı kimi qələmə verməyə çalışan Qərb mediası və siyasi dairələr isə ənənələrinə sadiq qalaraq yenə də həqiqətdən uzaq olan informasiyalar yayır, sərsəm bəyanatlar verir, Gürcüstanın inqilabın astanasında olduğu fikirlərini qabardırlar. Gürcüstan Prezidenti Salome Zurabişvilinin aksiya iştirakçılarına dəstək verməsi vəziyyəti bir qədər də gərginləşdirib.
Demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmayanlar Ukraynanı müharibəyə sürüklədiyi kimi, Gürcüstanı da eyni qaranlıq dalana yuvarlamağa çalışır. Qərb Gürcüstanda da ənənəvi planını həyata keçirir - 2014-cü ildə Ukrayna üçün “yazılmış” ssenari bu gün Tbilisidə təkrarlanır. Küçə döyüşləri, polisə qarşı zorakılıq, “beynəlxalq dəstək” kimi analoji komponentlər Qərbin hər zaman istifadə etdiyi metodlardır. Hadisələrin inkişafı göstərir ki, Qərb Tbilisidə də Kiyev “Maydan”ını reallaşdırmaq istəyir. Ancaq Baş nazir İrakli Kobaxidzenin dediyi kimi, “Maydan” ssenarisi Gürcüstanda təkrarlana bilməz, çünki ölkədə güclü institutlar və müdrik insanlar var.
Qərbin Gürcüstanda formalaşdırdığı şəbəkə bu gün milli maraqlara qarşı çıxış edən kütləyə çevrilib. Maraqlısı budur ki, siyasi müzakirələrdə Gürcüstanın ərazi bütövlüyü, itirilmiş torpaqların geri qaytarılması müzakirə mövzusu belə deyil. Adını “narazılar” qoymuş kütlənin nədən narazı olması bütün parametrləri ilə ortadadır - onlar Qərbin Gürcüstanda öz arzularını reallaşdırmasının qarşısının alınmasından narazıdırlar. İğtişaşçılar ölkənin qarşısında dayanmış strateji məsələləri deyil, Qərbin siyasi gündəliyini yerinə yetirməyə çalışır. Halbuki Gürcüstanın qarşısında itirilmiş torpaqların geri qaytarılması kimi strateji vəzifə dayanıb. Ancaq bu fakt Tbilisini qan gölünə döndərməyə çalışan radikal müxalifət nümayəndələrini maraqlandırmır. Bu ünsürlərin öz gündəliyi var ˗ o da nəyin bahasına olursa-olsun hökuməti devirmək və hakimiyyətə Qərbin əmrlərini yerinə yetirən qüvvələri gətirmək. Bu məqsədlə Qərb ölkələri hər vəchlə ölkədə xaos yaratmaq istəyirlər. Onu da qeyd edək ki, Qərb ölkələri bir müddət əvvəl belə çirkin ssenarini Serbiyada həyata keçirməyə çalışmışdılar. Onların bütün cəhdləri uğursuzluğa düçar olmuşdu. Serbiyadan əli üzülən Qərb indi yenidən Gürcüstanı hədəf seçmişdir.
Düşünmək olar ki, axı niyə Qərb tərəfindən "rəngli inqilab"ın məkanı məhz Gürcüstan seçilir? Məlumdur ki, Tbilisi hakimiyyəti balanslı xarici siyasət yürüdərək Qərbin qan qoxulu istəklərini yerinə yetirmir. Bu addımı ilə hər şeydən əvvəl dövlətinin, xalqının mənafeyinin müdafiəsində dayanır. Gürcüstan dünyanın inkişaf etmiş ölkələri ilə, həmçinin Rusiya ilə sıx əməkdaşlıq edir. Rusiyanı sanksiyalarla çökdürməkdə israrlı olan Qərbə isə rəsmi Tbilisinin bu cür mövqe göstərməsi sərf etmir. Məhz buna görə də Qərb Gürcüstanda "rəngli inqilab"a cəhd göstərir. Bununla da gürcü xalqının müstəqilliyinə, dövlətçiliyinə zərbə vurmağa çalışır. Gün kimi aydındır ki, iğtişaşları törətməkdə məqsəd getdikcə Gürcüstanı zəiflətmək, onu Rusiyaya qarşı sanksiyalara qoşulmağa məcbur etməkdir. Gürcüstanda baş verən bu xoşagəlməz hadisələr bir daha Qərbin, ABŞ-ın iç üzünü açıb ortaya qoyur.
Gürcüstanın strateji əhəmiyyəti böyükdür. Xüsusilə də region ölkələrinin iqtisadi müstəqilliklərinin formalaşmasında böyük rol oynayan strateji neft boru və qaz kəmərləri onun ərazisindən keçir. Gürcüstan həm də Qara dəniz sahilində yerləşir ki, bu da onun strateji əhəmiyyətini artırır. Lakin son zamanlar geosiyasi maraqlarını təmin etməyə çalışan Qərbin Avrasiyanın bir çox mühüm regionlarında gərginlik ocaqları yaratmağa çalışması günümüzün reallığına çevrilib. Rusiya – Ukrayna müharibəsinin başlanmasından sonra Rusiya ilə sərhəd ölkələrini fəal şəkildə Qərb maraqlarını dəstəkləməyə cəlb etməyə cəhd göstərən “Qoca qitə” qonşumuzda da “rəngli inqilab” qığılcımı yaratmağa çalışır. Bir neçə gündür ki, Tbilisinin qanlı xaos və zorakılıq yuvasına çevirməyə cəhd edilməsi də məhz bunu göstərir. Gürcüstanda baş verənlər artıq Qərbin son barıtından istifadə etməsinin ifadəsidir. Qərbin çirkin niyyəti, alçaq məqsədi gücü xalqının gücü, qüdrəti və qətiyyəti ilə iflasa uğrayacaq. Çünki Gürcüstan xalqı bilir ki, Qərb siyasi dairələri prosesləri bu məcraya yönəlməklə ölkəni uçuruma yönəltəmk istəyir. Bu çətin, keşməkeşli günlərdə gürcü xalqı müdriklik nümayiş etdirəcək, heç bir xarici qüvvənin əlində alətə çevrilməyəcək.
Həm Gürcüstan hakimiyyəti, həm də onu dəstəkləyən gürcü xalqı yaxşı anlayır ki, xarici təsirlərə uymaq olmaz. Nicat yolu müstəqil davranmaqda, real regional birliklərdə təmsilçilikdə, ikitərəfli sərfəli əməkdaşlıqların qurulmasındadır. Əlbəttə, mövcud xüsusda Azərbaycanla əməkdaşlıq da son dərəcə vacibdir. Hesab edirik ki, Azərbaycan və gürcü xalqları bir yerdə olub, eyni hədəflərə doğru irəlilədikcə, bundan ancaq region uduşla çıxacaq, əsaslı və davamlı inkişaf təmin olunacaq. Nəzərə alaq ki, inkişafın rəhni sabitlik, nəticəsi isə firavanlıq, əmin-amanlıq və rifahdır. Onu da nəzərə alaq ki, bütün sahələrdə Gürcüstan – Azərbaycan işbirliyi, eyni zamanda, stabil və sülh mühitinin hakim kəsildiyi Cənubi Qafqaz deməkdir.
Yaqut Ağaşahqızı, “İki sahil”