Azərbaycan xalqının tarixinə qeyrət, hünər, şərəf səhifəsi kimi yazılan 44 günlük haqq savaşımızda cənub mirvarisi Lənkəran 67 şəhid verib. Bu Vətən sevdalıların hər birisi də, son damla qanına qədər yağıya qarşı döyüşərək qazanılan parlaq qələbəmizin qəhrəmanlıq simvoluna çevriliblər. Lənkəranlılar öz ölümsüzlüyə qovuşan oğulları ilə qürur duyur, onların adlarını həmişə əziz tutur, məqamında xatirələrini yad etməyi ən müqəddəs borc bilirlər.
Bəli, odlardan, alovlardan keçərək müqəddəs, ulu Qarabağımızın bağrına zəfər bayrağını sancaraq şəhidlik zirvəsinə ucalan Afərin Müqəddəs oğlu Qulamzadənin, Ülfət Qabil oğlun Babazadənin anım günündə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəsmi şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri, ziyalılar, müharibə veteranları və şəhid ailə üzvləri hər iki qəhrəmanın uyuduğu torpağı ziyarət etdilər, böyük ehtiram əlaməti olaraq məzarlarına təzə güllərdən çələng hördülər. Çıxışlarda bir daha bildirildi ki, Vətənimizin Afərin, Ülfət kimi qeyrətli, mətin oğulları 30 ildən sonra xalqımızın əbədi, əzəli torpaqlarını öz canları bahasına düşmən işğalından azad edərək bizlərə şanlı qələbə sevincini yaşatdılar. Bununla da həyatda qısa yaşasalar da, mənən əbədi günəş ömrünü qazandılar...
1999-cu ilin iyulun 13-də Lənkəranın Mamusta kəndində anadan olan Afərin Müqəddəs oğlu İkinci Qarabağ müharibəsi başlanan gündən döyüş meydanında yağı düşmənə qan uddurub. Qəhrəmanlığı, Vətən naminə fədakarlığı onunla çiyin-çiyinə vuruşan əsgərləri də qələbəyə doğru aparıb. Hər an torpaq uğrunda can qoyan və mərdliklə vuruşan Afərin Xocavənd istiqamətində gedən ölüm-dirim savaşında 21 yaşında həlak olub. Keçdiyi rəşadətli döyüş yolunun hər səhifəsi mərdliklə, eyni zamanda qürur, heyrət doğuran məqamlarla dolu olan Afərin Müqəddəs oğlu ölümündən sonra dövlət tərəfindən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda” və digər medallara layiq görülüb. Həmçinin milyonların ürəyində özünə əbədi məkan quran qəhrəmanın adına bulaq, büst, xatirə lövhəsi yaradılıb.
Lənkəran rayonunun Daşatük kəndində boya-başa çatan, varlığına düşmənə sonsuz nifrət hakim kəsilən Ülfət Babazadə Xüsusi Təyinatlı Qüvvələrin sırasında müharibəyə başlayıb. Kəlbəcər, Cəbrayıl, Füzuli Və Şuşa rayonlarının azadlığı uğrunda rəşadət nümunəsi göstərib. Döyüşdən-döyüşə bərkiyən Vətənin igid oğlu son nəfəsə qədər dığalara od qoyub. Neçə-neçə odun-alovun içindən zəfərlə çıxan Ülfət noyabrın 9-da müharibənin son günü ömrünün 21-ci ilində şəhid olub əbədiyyətə qovuşub. Beləcə, qana susamış düşməni qanda boğub ulduzlar dünyasına köç edən Ülfət Babazadə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “Azərbaycan bayrağı” ordeni, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, Kəlbəcərin, Xocavəndin, Şuşanın azadlığına görə medallar ilə təltif edilib. İndi doğma kəndində uyuduğu yeri camaat müqəddəs sayır. Gənclər Ülfətin qısa, şərəfli ömür yolunu özlərinə əsl həyat məktəbi bilirlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü