05 dekabr 2024 00:58
97

Qərb Ermənistanı revanşizmə təhrik edir

Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi qorumaq istiqamətində ardıcıl və prinsipial siyasət yürüdür.  Ölkəmizlə Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsi bölgənin strateji gündəliyinin və siyasi gündəminin aktual mövzusudur. Lakin Ermənistan sülh üçün əsas şərtləri yerinə yetirməkdən yayınmağa çalışır. İşğalçı dövlətin bu manipulyasiya və siyasi avantüralarının son məqsədi sülh prosesini ləngitmək və ya iflasa uğratmaqdır. Paşinyan hakimiyyəti regionda formalaşan inkişafı və təhlükəsizliyi təhdid edir və açılan yeni perspektivlərə zərbə vurmağa çalışır. Hazırda bir sıra Qərb ölkələri Ermənistanı sülhə yox, revanşizmə sövq etməyə çalışır. Qərb Rusiyanı çökdürmək üçün sərt və “yumşaq güc”ün hər üzünü sınaqdan keçirdi. Qarşımızda formalaşan yeganə və real mənzərə odur ki, Ukrayna ayaqlar altında qalıb. Bu gün Qərbin Ermənistanı silahlandırmaqda bir neçə məqsədi var. Məqsədlərdən biri Ermənistanı silahlandırmaqla Rusiyanın bu ölkənin hərb sistemindəki üstünlüyünü aradan qaldırmaq, həmçinin onun ərazilərindən Rusiyaya qarşı istifadə etməyə çalışmaqdır. Ermənistanda isə bu gün çox ciddi iqtisadi problemlər mövcuddur. Həmçinin bilirik ki, Ermənistanda iqtidar komandası içərisində də çöküş başlayıb. Ayrı-ayrı məmurlara qarşı Paşinyan tərəfindən sərt sanksiyalar və hücumlar həyata keçirilir. Əlbəttə ki, ölkədəki idarəetmə xaosu, cəmiyyətlə siyasi qüvvələr arasındakı uçurum Ermənistanın yeni siyasi gündəm formalaşdırmasına səbəb yaradır. Daxildəki problemlərdən diqqəti yayındırmaq üçün qəsdən Ermənistan Azərbaycanla yeni bir müharibə aparmaq və fikirləri oraya yönəltmək istəyir. Digər bir məqsəd də ondan ibarətdir ki, Ermənistan onu daim dəstəkləyən qüvvələrdən maliyyə gəliri əldə etmək üçün Azərbaycanla süni gərginlik yaratmağa çalışır. Hazırda baş nazir Nikol Paşinyan hökuməti ciddi böhran keçirir. Hökumət daxilində kadr dəyişiklikləri aparılsa da, bütün bunlar baş nazirin reytinqinə müsbət təsir etməyib. Ermənistan mediasında yer alan xəbərlərdə də vurğulanır ki, Nikol ciddi reytinq böhranı yaşayır. Sorğuların nəticələri də Nikol Paşinyanın reytinqinin aşağı düşdüyünü üzə çıxarıb. “Gallup İnternational”ın keçirdiyi son sorğunun nəticələrinə görə, respondentlərin 34,5 faizi Paşinyanı dəstəkləyib, 54,1 faizi onun fəaliyyətindən narazı olduqlarını bildirib. Nikolun altıillik hakimiyyətinin tarixə Ermənistan üçün "fəlakətli illər" kimi düşdüyünü əksəriyyət artıq qəbul etməyə başlayıb. Hətta tərəfdarları belə ondan üz döndərir. Məsələ ondadır ki, Paşinyan 2026-cı ildə keçiriləcək növbəti parlament seçkilərində qalib gəlmək arzusundadır. Əgər məqsədinə çatarsa, bu, onun 2031-ci ilə qədər hazırkı vəzifəsində qalmasını təmin edə bilər. Mövcud vəziyyət isə Paşinyanın planları ilə üst-üstə düşmür.

Təbii ki, bu, rəsmi Bakı üçün ciddi çağırışdır. Bu, həm də fundamental baxımdan sülhə və təhlükəsizliyə zərbə, reaktiv olaraq isə ikinci mərhələdə güc balansının tənzimlənməsinə qarşı atılan addımdır. Çünki Fransa, Hindistanla bərabər Yunanıstanın da Ermənistanı silahlandırması Afinanın Ankaraya verdiyi reaksiyadır. İndi də Yunanıstan köhnə silahlarını Ermənistanın əli ilə utilizasiya edərək hərb sənayesini gücləndirməyə, Qərbdən daha artıq nə oldu “qoparmaq” üçün ona yaxınlaşmaq taktikasına əl atır. Yəni, tarixi düşmənçilik, konvensional rəqabət Ermənistanın əli ilə yenilənir.

Ermənistanın təxribatçı addımları və revanşist yanaşmaları fonunda  Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi qorumaq istiqamətində ardıcıl və prinsipial siyasət yürüdür. Şübhəsiz, rəsmi Bakı  bütün təhdidlərə adekvat cavab verməyə hazırdır. Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, əgər biz real təhdid görsək, o təhdidi istənilən ərazidə məhv etmək bizim üçün böyük çətinlik yaratmayacaq. Bu gün Ermənistan Qərbin planlaşdırdığı ssenariyə aldanaraq yenidən təxribatlara əl atarsa, böyük faciə ilə qarşılaşacaq. Azərbaycan Ordusu Ermənistan tərəfindən hücuma məruz qalarsa, hərbi hədəflər harada olmasından asılı olmayaraq məhv ediləcək. Çünki Ermənistan ərazilərindən ölkəmizə qarşı potensial təhlükə yaranarsa, təhlükəsizliyi təmin etmək hüququmuzdur.

Şəmsiyyə Əliqızı, “İki sahil”