05 dekabr 2024 00:43
97

Türk dünyasının növbəti uğuru

Dövlət başçısı İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündə Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin COP29-da iştirakını  yüksək qiymətləndirdi və bunun tədbirin  önəminin daha da artırılması işinə töhfə verdiyini bildirdi 

Uğurlu nəticələri ilə dünyanın diqqətində olan COP29 türk dünyasının birliyinin, həmrəyliyinin təqdimatında da öz sözünü dedi. Dekabrın 4-də dövlət başçısı İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu ilə görüşündə  diqqəti dünyanı Azərbaycana toplayan COP29-a yönəldərək xeyli sayda dövlət və hökumət başçısının, qonaqların tədbirdə iştirakından bəhs etdi, konfransın qərarların qəbul edilməsi baxımından çox uğurlu olduğunu vurğuladı. Cənab İlham Əliyev  COP29-un Azərbaycanın potensialını və liderlik qabiliyyətini bir daha bütün dünyaya nümayiş etdirdiyini, türk dünyasının da növbəti bir uğuru olduğunu diqqətə çatdırdı. Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinin COP29-da iştirakı  yüksək qiymətləndirildi və bunun tədbirin  önəminin daha da artırılması işinə töhfə verdiyi bildirildi.   Görüşdə ölkələrimiz arasında dostluq, qardaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə, o cümlədən parlamentlərarası sahədə uğurla inkişaf etdiyi bildirilərək, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olundu.

Qeyd edək ki, COP29 çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin türk dövlətlərinin liderləri ilə ikitərəfli görüşləri oldu, eyni zamanda, bu birliyin, həmrəyliyin gələcək inkişafına yönələn sənədlər imzalandı. Onlardan biri Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçılarının imzaladıqları «Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş oldu. Bu sənəd türk dünyasının birliyinin möhkəmlənməsinə mühüm töhfə kimi dəyərləndirildi. Mərkəzi Asiya və Qafqaz regionlarında nəqliyyat, ticarət, energetika, qarşılıqlı investisiya sahələri üzrə əməkdaşlıq və inteqrasiya prosesləri genişlənir. Türkdilli ölkələrin gündəliyində yaşıl enerji sektorunun inkişaf etdirilməsi prioritetlərdən biri kimi qeyd olunub və onların yaşıl keçidlə qlobal çağırışların icrasında məsuliyyətli tərəfdaşlar olduğunu nümayiş etdirir. İmzalanmış sazişlə Mərkəzi Asiya, Qafqaz və Avropa Qara və Xəzər dənizlərinin dibi ilə çəkiləcək yaşıl kabellə birləşdiriləcək. Enerji ixrac marşrutlarının formalaşması ölkələrimizin yaşıl enerjiyə keçid prosesini sürətləndirəcək. Çünki etibarlı bazar və ixrac marşrutları olmadan istehsal güclərinin genişləndirilməsinin əhəmiyyəti bir o qədər də böyük olmur. Bu baxımdan imzalanmış saziş ölkələrimizin yaşıl enerjiyə keçidin sürətlənməsinə yeni bir impuls verəcək.

Reallıq budur ki,  Azərbaycan türk dövlətləri ilə əlaqələrini ən yüksək formada inkişaf etdirməkdə və vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıdır və bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatına  (TDT)  üzv ölkələrin inteqrasiyasına və inkişafına töhfələri hər birimizə yaxşı məlumdur. TDT-yə üzv dövlətlər Prezident İlham Əliyevin bu istiqamətdəki fikirlərini bölüşür, eyni zamanda, təşkilatın daha da inkişaf etməsi və nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərirlər. Azərbaycanın bu təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər Türk Dövlətləri Təşkilatının gələcək inkişaf trayektoriyasının nədən ibarət olacağına istiqamət verən mayak rolunu oynayır.

Onu da qeyd edək ki, dekabrın 4-də Tacikistan  Prezidenti Emoməli Rəhmon  Azərbaycan  Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı Prezident Emoməli Rəhmon COP29-un uğurlu təşkilinə görə təbriklərini çatdırıb və onun nəticələrinin qlobal iqlim gündəliyinin irəli aparılması baxımından vacibliyini vurğulayıb. Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib, Emoməli Rəhmonun COP29-un Liderlər Sammitində iştirakını və bütövlükdə Tacikistan nümayəndə heyətinin müzakirələrə fəal töhfə verdiyini məmnuniyyətlə qeyd edib. Telefon söhbəti zamanı, həmçinin  ikitərəfli gündəliyə aid olan aktual məsələlər, Tacikistanın MDB-də qarşıdan gələn sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Türk dövlətləri Azərbaycanın bu birliyə, həmrəyliyə iöhfələrini yüksək dəyərləndirir. Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında yaxın dostluq və qardaşlıq əlaqələrinin olması təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Münasibətlərimiz dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Prezident İlham Əliyev daim türkdilli ölkələrlə əlaqələrin inkişafına böyük önəm verir. Prezident İlham Əliyevin bu ilin iyulunda Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündəki çıxışında qeyd etdiyi kimi, qurum dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Biz böyük coğrafi məkanı əhatə edirik, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensialımız döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslarımız, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tariximiz, mədəniyyətimiz bizim böyük sərvətimizdir. Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.

Türk Dövlətləri Təşkilatı  dünya nizamında yeni iqtisadi, siyasi güc kimi özünü təsdiq edir. Təbii ki, çaşqınlıq içində qalan bugünkü dünya nizamında soykökü, dili, dini, mədəniyyətləri və tarixi kökləri bir-birinə bağlı ölkələr arasında dostluq, əməkdaşlıq və qardaşlığın möhkəmlənməsi vacibdir. İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası işlərinə ilk qardaşlıq hədiyyəsini verən də məhz türk dövlətləri- Özbəkistan və Qazaxıstan oldu. COP29 çərçivəsində üç qardaş ölkənin imzaladığı yeni saziş bu əlaqələri daha da möhkəmləndirəcək.  Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsi istiqamətində verdiyi yeni təkliflər və göstərdiyi səylər təşkilatın gücünü artırır. Bu təşkilatda təmsil olunan ölkələr əməkdaşlıq imkanlarının bütün potensialından səmərəli şəkildə istifadə etməlidir. Çünki türk dünyası Mərkəzi Asiyadan Avropaya qədər böyük bir coğrafiyanı əhatə edir. Bu coğrafiya təbii resurslarla zəngin olduğundan və beynəlxalq logistika marşrutları üzərində yerləşdiyindən həmişə böyük güclərin marağında olub.

Zəfərimizin reallıqları fonunda müstəqillik tariximizə mühüm qürurverici səhifələr yazıldı və yazılmaqda davam edir. 44 günlük İkinci Qarabağ müharibəsində dünyaya dostluğun, qardaşlığın, müttəfiqliyin nümunəsini nümayiş etdirən Azərbaycan və Türkiyə 2021-ci il 15 iyun-Milli Qurtuluş Günündə növbəti dəfə diqqəti Qarbağın tacı, türk dünyasının, eyni zamanda, İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya yönəltdi. İki qardaş ölkə arasında Müttəfiqlik  Bəyannaməsi imzalandı. Azərbaycan və Türkiyə prezidentlərinin imzaladıqları bu sənədin məhz Milli Qurtuluş Günündə, həmçinin Şuşada imzalanmasının rəmzi mənası vardır. Bu mühüm addım bir tərəfdən müstəqilliyimizin daimiliyinin, sarsılmazlığının, digər tərəfdən isə tarixi Zəfərimizin yaratdığı reallıqların təqdimatının və qəbulunun nümayişi oldu. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki,  qardaş Türkiyə Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir. İmzalanan Şuşa Bəyannaməsində  göstərilən məkanın da xüsusi rolu var. Bu, sənədin  əhəmiyyətini artıran mühüm məqamlar sırasındadır. Onu da qeyd edək ki, bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə  arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini özündə ehtiva edən   ilk rəsmi sənəddir.

Şuşa Bəyannaməsi regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu. Dövlətimizin başçısının Şuşa Bəyannaməsinin imzalanması mərasimində söylədiyi «Bu gün həyatımızda əlamətdar gündür, tarixi bir gündür. Bu gün biz qardaş ölkənin əziz Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı Qarabağ torpağında, Şuşa torpağında salamlayırıq. Mən fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqı adından əziz qardaşımı Şuşada, Qarabağda salamlamaq istəyirəm» fikirləri bu mühüm addımın hər iki tərəfdə  yaratdığı sevincin, qürurun aydın ifadəsi oldu.  Bu məqam da xüsusi qeyd edildi ki, qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə   ilk dəfə olaraq  Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. İmzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır.

Hər bir ölkənin əlaqələrinin inkişafında iqtisadi amil xüsusi rol oynayır. Bu baxımdan deyə bilərik ki, Azərbaycan və Turkiyənin  siyasi iradəsi, qətiyyəti sayəsində birgə həyata keçirilən enerji, nəqliyyat layihələri regionla  əməkdaşlığın inkişafında, dövlətlər, xalqlar arasında əlaqələrin möhkələnməsində əhəmiyyətli rol oynayır.   İllər keçdikcə beyünəlxalq  miqyas alan bu əməkdaşlığın bariz nümunəsi olan TANAP-ı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti layihələrin müjdəçisi kimi dəyərləndirdi. Hazırda əsas hədəflərdən biri Cənub Qaz Dəhliyinin mühüm tərkib hissələri olan TAP-ın və TANAP-ın genişləndirilməsi, Azərbaycanın qaz ixrac etdiyi ölkələrin sayını artırmaqdır. Şuşa  Bəyannaməsində də  əksini tapan  vacib məsələlərdən biri  iqtisadi sahədə əməkdaşlıqdır. Belə ki, Bəyannamədə xüsusi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq. Bu dəhliz daha çox iqtisadi əhəmiyyətə malik olacaq. Sənəddə qeyd edilir ki, tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər. Bəyannamə, eyni zamanda, hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsində, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasında, tətbiqində, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasında, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətli rol oynayır.  Bu da İkinci Qarabağ müharibəsindən  sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün  Türkiyə ilə  Azərbaycanı dəmir yolu və  avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik  Bəyannaməsində bu məsələnin əks olunması böyük məna daşıyır.

Azərbaycan və Türkiyəni birləşdirən bir çox amillər var. İlk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Reallıq budur ki, Azərbaycan və Türkiyə hazırda  dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstərir. İki ölkənin münasibətlərinin təqdimatında  böyuk öndərlər Heydər Əliyevin və Mustafa Kamal Atatürkün  tarixə əsaslanan  çağırışları  əhəmiyyətli rol oynayır. Mustafa Kamal Atatürkün «Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir» tezisinin davamı olaraq Ulu Öndər Heydər Əliyev «Biz bir millət, iki dövlətik» söylədi.  Bu fikirlərə söykənərək dövlət başçısı İlham Əliyev bildirir: “Heydər Əliyev demişdir ki, Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. Bu gün biz bunu isbatlayırıq. Bütün atalarımızın, əcdadlarımızın ruhu şaddır. Çünki Türkiyə və Azərbaycan bir yerdədir. Atam demişkən, "Bir millət, iki dövlət", əlavə etmək istəyirəm, bir yumruq!»

Şuşa Bəyannaməsində tərəflərdən hər hansı birinin  müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflərin birgə məsləhətləşmələr aparacağı və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcəyi, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəkləri öz əksini tapıb. Bu müddəa  Ermənistana və ona havadarlıq  edən dövlətlərə bir mesaj oldu. Türkiyə bununla açıq şəkildə bəyan edir ki, Azərbaycanın yanındadır və  bu müttəfiqlik yalnız iqtisadi-siyasi  deyil, həm də hərbi amillə təsdiqlənir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir təhdid olacağı təqdirdə Türkiyə bizim tərəfimizdə hərbi dəstəklə olacaq.

Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır. Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdiyi kimi, Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü  Türkiyənin  gücüdür. Azərbaycan və Türkiyə hər zaman bir yerdə olub və bundan sonra da bir yerdə olacaq. Şuşa Bəyannaməsinin imzalanmasından ötən üç ildən artıq  dövrdə iki müttəfiq ölkənin münasibətlərinin yüksələn xətlə inkişafı da diqqətdən kənarda qalmır. Qarşılıqlı  səfərlər, imzalanan sənədlər bu birliyi daha da möhkəmləndirir. Hələ bundan sonra imzalanacaq daha çox sənədlər olacaq. Əlaqələrin inkişafında  media və təhsil sahəsinə də xüsusi diqqət göstərilir. Belə ki, Ortaq Media Platformasının, həmçinin Türkiyə-Azərbaycan Universitetinin yaradılması bunun bariz nümunəsidir. Əlaqələrimiz bütün sahələrdə uğurlu inkişaf edir. Şuşa Bəyannaməsi əbədi və sarsılmaz olan Azərbaycan və Türkiyə birliyini daha da gücləndirəcək.

Qeyd etdiyimiz kimi, dünya bu birliyin nə qədər sarsılmaz, möhkəm təmələ əsaslandığını  44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı andan bu günədək  hadisələrin gedişində daha aydın şəkildə görür. Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu yuxarıda qeyd etdiyimiz səfəri çərçivəsində  Qərbi Azərbaycan İcmasında da oldu. Azərbaycan-Türkiyə qardaşlığından geniş bəhs edərək bu reallığı bir daha qeyd etdi ki,  ölkəsi hər zaman Azərbaycanın yanındadır.  Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərimizin inkişaf etdiyini, Türkiyənin bu istiqamətdə Azərbaycana bütün dəstəyi verdiyini, artıq keçmiş məcburi köçkünlərin də öz doğma torpaqlarına qayıtmağa başladığını önə çəkən Mövlud Çavuşoğlu  ölkəmizin sülhpərvər siyasətini təqdir etdi.  Bildirdi ki, Azərbaycan qaçqınların geri qayıdışı məsələsində beynəlxalq hüquqa uyğun davranır. Qarabağ Zəfərindən sonra Azərbaycanın sülh təşəbbüslərinə toxunan TBMM-in üzvü bildirdi ki, bütün dünya Azərbaycanın Ermənistana qarşı səmimi davranışının şahididir. Amma Ermənistan vaxtilə işğal etdiyi Azərbaycan torpaqlarındakı bütün maddi-mədəni irsi dağıdıb. Türkiyə olaraq bizim mövqeyimiz ondan ibarətdir ki, azərbaycanlı qardaşlarımız tarixi torpaqlarına geri dönməlidirlər. Həmçinin bu məsələyə dünya ictimaiyyətinin diqqətinin artırılması da vacibdir.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım isə  Ankarada deputatlardan ibarət Azərbaycan  nümayəndə heyəti ilə görüşündə  qeyd edib ki, Ermənistanın konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinə son qoyulması Cənubi Qafqazda uzunmüddətli sülhün təminatıdır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bütün region üçün əhəmiyyətlidir. O da xüsusi qeyd edilib ki, Türkiyədə xəyal olunan hər şey gerçəkləşib:  «Biz Azərbaycanın müstəqilliyini arzu edirdik və bu, baş verdi. Biz Xocalının azad ediləcəyinə ürəkdən inanırdıq və bu, baş verdi. Bu gün biz Zəngəzur dəhlizinin açılışından söhbət edirik. Əminəm ki, bu da tezliklə baş verəcək!»

Göründüyü kimi, Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu dərin köklərə malik olmaqla yanaşı, bu birliyin, həmrəyliyin möhkəmləndirilməsinə bütün səviyyələrdə səylər göstərilir. Bu reallıq daim önə çəkilir ki, tarixin bütün dönəmlərində türklər özlərinin qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri ilə seçilib və  dünyanın ən üstün dəyərlərə malik sivilizasiyalarından birinə sahib olublar. Türk sivilizasiyası dedikdə bəşəriyyətin inkişafına saysız-hesabsız töhfələr vermiş, qədim mədəniyyətə, incəsənətə, hərtərəfli elmə və biliyə, həmçinin sağlam gücə malik olan sivilizasiya nəzərdə tutulur. Bəşər sivilizasiyası tarixində özünəməxsus yeri olan türk sivilizasiyası əsrlər boyu şərəfli yol qət edərək hazırkı inkişaf səviyyəsinə çatıb. Dünya güclərinin ikili standartlara əsaslanan siyasətinin davam etdiyi bir dövrdə Türk dünyasının birliyinin zəruriliyi özünü daha aydın şəkildə göstərir. Vətən müharibəsindəki tarixi Zəfərimizdən sonra bu birliyin daha da möhkəmləndiyi diqqətdən kənarda qalmır. Dünya türk dünyasının birliyinin şahidi oldu. Ümumilikdə türk dövlətləri arasında əlaqələr bütün sahələrdə uğurla inkişaf edir. Hazırda dünya bu birliyi işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində aydın şəkildə görür. Xalqımız da böyük türk dünyasının önəmli bir parçası olaraq fundamental dəyərlərə malik zəngin türk sivilizasiyasından faydalanmaqla yanaşı, bu sivilizasiyaya öz töhfəsini verməkdən böyük qürur duyur. Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir. Türk dövlətlərini birləşdirən ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər ölkələrimizin qarşılıqlı fəaliyyətinin əsasını təşkil edir.

Yeganə Əliyeva, «İki sahil»