NATO üzvləri Ukraynaya təhlükəsizliyi üçün 40 milyard avroluq maliyyə vədini yerinə yetirmək istiqamətində çalışırlar.
“İki sahil” xəbər verir ki, bunu alyansın Baş katibi Mark Rutte mətbuat konfransında deyib.
O qeyd edib ki, NATO-nun Ukraynaya yardımı bu ilin sonuna kimi çatdırılmasını gözləyir: "Ancaq biz Ukraynaya mübarizəsində dəstək olmaq üçün daha çox kömək etməliyik. Çünki Ukrayna mülki əraziləri və kritik infrastrukturu hədəf alan amansız bombardmanlarla üzləşir. Biz bu münaqişənin trayektoriyasını birdəfəlik dəyişmək üçün kifayət qədər dəstək verməliyik".
Baş katib Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə yeni ali nümayəndəsi Kaya Kallasın dəstəyindən də söz açıb: "Dünən bizim sıralarımıza Aİ-nin yeni ali nümayəndəsi Kayak Kallas da qoşuldu. Aİ bizim üçün vacib tərəfdaşdır və biz Ukraynaya dəstəyimizdən tutmuş müdafiə istehsalının artırılmasına qədər bir sıra məsələlərdə əməkdaşlıq edirik. Biz təhlükəsizlik və kibertəhlükəsizlik istiqamətində Aİ ilə sıx əməkdaşlıq edəcəyik".
Mark Rutte NATO ölkələrinin xarici işlər nazirlərinin görüşünün ilk günündə - 3 dekabrda müzakirə olunan məsələlərə də diqqət çəkib: "Dünən biz İranın yaxın qonşuluğunda sabitliyi pozan rolunu, yaraqlı qruplara və Rusiyaya Avropadakı qeyri-qanuni müharibəsində dəstəyini müzakirə etdik. Rusiya, Çin, Şimali Koreya və İranın artan əməkdaşlığı üzləşdiyimiz təhlükələrin qlobal xarakterini göstərir. Bu hadisələr isə hətta ABŞ-ni də təhdid edə bilər".