27 dekabr 2024 18:17
166

Milli həmrəylik gələcəyin uğur formuludur

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ən yeni tariximizin əsas istiqamətverici amillərindən biri kimi dövlətçiliyimizin dünəninə, bu gününə və sabahına işıq tutur.

Müstəqil Azərbaycan dövlətçiliyinin memarı, böyük siyasi və ictimai xadim, Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranma dövrünü xatırlasaq, gözümüzün önündə ağ-qara rənglərdə təsvirlər canlanacaq - o dövrün Azərbaycanı çətin sınaqlarla üz-üzə dayanmışdı. 1988-ci ildən Qarabağda vüsət alan separatizmin gücləndiyi, Xankəndinin işğal edildiyi, Naxçıvanın blokadaya alındığı, Azərbaycanın haqq səsinin, tarixi həqiqətlərin beynəlxalq aləmdə eşidilmədiyi günlərdə Ulu Öndər Heydər Əliyev Naxçıvanda qəbul etdiyi tarixi qərarlarla müasir, gənc Azərbaycanın milli-ideoloji dayaqlarını formalaşdırmışdır. 1991-ci ilin dekabrın 16-da Naxçıvanda qəbul edilmiş qərar sözün hər bir mənasında gələcək uğurlarımız üçün yol açmışdır.

Bu günün prizmasından geriyə boylandıqda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi haqqında qərarın mərhələ-mərhələ Azərbaycan dövlətçiliyinin formalaşmasındakı rolunu daha aydın görmək mümkündür. Ulu Öndər Heydər Əliyev Naxçıvan Ali Məclisinin 1991-ci il 16 dekabr tarixli iclasında dünya azərbaycanlılarına üz tutaraq onları birliyə, həmrəyliyə, Azərbaycanın köməyinə səsləmişdir. Bu birlik, həmrəylik isə yaxın gələcəkdə bir neçə dəfə Azərbaycanı dağılmaqdan xilas edəcəkdi, gələcək nailiyyətlərinin əsas istinad mənbəyinə çevriləcəkdi.

1993-cü ilin iyununda milli birliyimiz, həmrəyliyimiz Azərbaycanı xilas etmək üçün vahid qərara gəldi, Ulu Öndər Heydər Əliyev Bakıya dəvət edildi, Milli Qurtuluşumuzun əsası qoyuldu. Heydər Əliyevin çağırışı ilə xalq bir yumruğa çevrilərək öz dövlətini qorudu. 1995-ci ilin martında bu milli birlik dövlətə düşmən kəsilənlərə qarşı mübarizədə əsas silaha çevrildi.

Bəli, bu bizim keçdiyimiz çətin, ağrılı yollar idi. Amma milli həmrəyliyimiz yalnız dövlətin düşmənlərdən qorunması üçün sipər rolunu oynamadı, həm də inkişaf tariximizdə yeni bir mərhələ başlatdı. 1991-ci ildə dünya azərbaycanlılarına edilən tarixi müraciət Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən birinə çevrildi. Xaricdə yaşayan azərbaycanlıların vahid ideologiya və amallar uğrunda birləşdirilməsində bu qərarın tarixi rolu oldu.

Heydər Əliyev dünya azərbaycanlılarına müraciətində deyirdi: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir... Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.

Beləliklə, 31 dekabr tarixinin həmrəylik gününə çevrilməsi dünyanın istənilən nöqtəsində yaşayan azərbaycanlıları milli azərbaycançılıq məfkurəsi ilə bağlı prosesə fəal şəkildə cəlb etdi. Heydər Əliyevin çağırışı pafos notlarından uzaq idi. Bu çağırış həm özündə Azərbaycanın etnik-mədəni rəngarəngliyini, həm dövlətin gələcək taleyini, həm də coğrafi gerçəkliklərini əks etdirirdi. Bu çağırış müdrik dövlət adamının ölkənin gələcək taleyi ilə bağlı uzaqgörən strategiyasına əsaslanırdı, bu strategiyanın dönməzliyini təmin edirdi. Təsadüfi deyildir ki, verilən tarixi qərar qısa bir müddətdən sonra hər cür emosionallıqdan uzaq, mükəmməl azərbaycançılıq ideologiyasına, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevrildi. Heydər Əliyev müdrik siyasəti ilə ölkəmizdə əsrlər boyu formalaşmış çoxmədəniyyətlilik ənənəsini, multikultural dəyərləri, tolerantlığı, insan hüquqlarının aliliyini özündə ehtiva edən son dərəcə mütərəqqi milli-ideoloji konsepsiyanın konturlarını müəyyənləşdirərək multikulturalizm fenomeninin formalaşmasına nail oldu. Xalqın azərbaycançılıq ideologiyası ətrafında birləşməsi ilə işıqlı gələcəyə yol açıldı. Ulu Öndər Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsini, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas vəzifələrdən biri kimi irəli sürürdü. Bu dəyərləri qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək və onu qorumaq əzmindədir.

Ulu Öndər Heydər Əliyev milli həmrəyliyi ideologiya kimi irəli sürür, milli-mənəvi dəyərləri həm də siyasi varlığımız olan dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi. Bu isə nəticə etibarı ilə tarixinin ən güclü dövrünü yaşayan, bütöv, suveren Azərbaycana aparan yol idi.

Heydər Əliyev siyasi irsinin, dövlətçilik ənənəsinin layiqli davamçısı, cənab İlham Əliyev 2003-cü ildən bu strategiyanı yeni, müasir çağırışlara uyğun şəkildə daha da zənginləşdirdi. Yorulmaz və fenomenal fəaliyyəti ilə ötən 21 ildə dövlətin bütün dayaqlarını mükəmməl şəkildə gücləndirən cənab İlham Əliyev paralel olaraq dünya azərbaycanlıları ilə ölkəmizin sərhədləri daxilində yaşayan vətəndaşlarımızın vəhdətini təmin etdi. Xaricdə yaşayan soydaşlarımız xalqımızın Qarabağ uğrundakı mübarizəsini sözün hər bir mənasında tamamlayırdı. 2016-cı ildə Aprel döyüşləri günlərində, 2020-ci ilin yayında Tovuz hadisələri zamanı, nəhayət Vətən müharibəsində və antiterror tədbirləri dönəmində bütün dünya azərbaycanlıları vahid məram uğrunda birgə savaş aparırdı. Səngərdə əlində silah düşmənə qarşı vuruşan şanlı əsgərlərimizin ədalət uğrunda mübarizəsini qlobal dünyaya təqdim etmək məsuliyyəti dünya azərbaycanlılarının şərəfli vəzifəsinə çevrilmişdi. Milliyyətindən, sosial statusundan, yaşadığı ölkədən asılı olmayaraq hər bir azərbaycanlı Ulu Öndər Heydər Əliyev tərəfindən 1991-ci ildə Naxçıvanda əsası qoyulan milli həmrəylik yolunun əsgərinə çevrilmişdi.

Cənab İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V qurultayında çıxışında bildirib: “Biz hamımız - həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Mən deyirdim ki, biz hər birimiz hər gün bu müqəddəs günü yaxınlaşdırmalıyıq, öz əməyimizlə, işimizlə, hərə öz yerində və torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi”.

Bu fikirlər milli birlik və həmrəyliyimizin ən dəqiq təsviridir. Müqəddəs amal uğrunda aparılan birgə mübarizənin nəticəsi isə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin olunmasıdır. Bu gün hər birimiz Azərbaycanın yenidən qurulması, daha da dirçəlməsi, yeni inkişaf mərhələsinə qədəm qoyması üçün səfərbər olmuşuq. İşğaldan azad edilən torpaqlarımızda həyat yenidən canlanır, on illərlə öz ata-baba yurdlarına həsrət qalan vətəndaşlarımız evlərinə qovuşurlar. Azərbaycanın yeni tarixi yazılır. Bu gün hər birimiz fəxrlə deyirik: “Qalib Lider İlham Əliyev kimi müdrik şəxsiyyətin öndərliyi ilə inkişaf edən Azərbaycanın xoşbəxt vətəndaşlarıyıq”.

Azər Badamov,
​Milli Məclisin deputatı