Qırx dörd günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərimizin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün ciddi addımlar atılır. Yeni avtomobil və dəmir yolları, körpülər, tunellər, hava limanları, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su elektrik stansiyaları tikilir.
Bu gün Qarabağın və Şərqi Zəngəzurun yenidən dirçəldilməsi üçün çox böyük layihələr həyata keçirilir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə etdikləri hər səfər xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Çünki bu səfərlər zamanı Qarabağda və Şərqi Zəngəzurda yeni müəssisələrin təməli qoyulur, açılışlar edilir, həmin rayonların sosial-iqtisadi inkişafı üçün ciddi bazalar, infrastruktur yaradılır. Erməni vandalizminin qurbanı olan tarixi və dini abidələrimizin, məscidlərimizin bərpası istiqamətində də işlər uğurla həyata keçirilir. Həmin abidələrin yenidən qurulub ərsəyə gəlməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsləri və rəhbərliyi ilə Fondun reallaşdırdığı layihələrin əhatə dairəsi olduqca genişdir.
Bu gün genişmiqyaslı layihələrin uğurla reallaşdırılması sayəsində Qarabağ və Şərqi Zəngəzur nəhəng tikinti meydanını xatırladır. Artıq Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərində, Laçın, Füzuli şəhərlərində, Xocalıda və digər ərazilərdə keçmiş köçkünlər firavan həyat sürürlər.
Uzun müddətin və böyük maliyyənin tələb olunmasına rəğmən hazırda Azərbaycan dövləti tərəfindən heç bir donorun -digər dövlətlərin və beynəlxalq təşkilatların yardımı olmadan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bütün bunların sayəsində vətəndaşlarımız öz yurdlarına, yeni evlərinə köçürülür. Dekabrın 27-də növbəti köç karvanı ilə doğma yurda- Xocalı rayonunun Ballıca kəndinə dönən ailələrə yeni mənzillərinin açarlarının təqdim olunması bunun əyani təsdiqidir. Onu da qeyd edək ki, Ballıca kəndinə dönən ilk köç dekabrın 13-də reallaşıb. Bu mərhələdə 27 ailə olmaqla, 152 nəfər Ballıca kəndinə köçürülüb. Dünən isə 21 ailə olmaqla, 119 nəfər keçmiş məcburi köçkün dogma yurdu- Ballıcaya qovuşub. Ballıcalılar- keçmiş məcburi köçkünlər 32 ildən sonra öz vətənlərinə qayıtmalarının sevincini yaşayıb, evlərində məskunlaşıblar. Tarixi Zəfərimizlə başa çatan qırx dörd günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş digər ərazilərdə olduğu kimi, Ballıca kəndində də həyat yenidən canlanır. Böyük Qayıdışla bağlı kənddə bütün infrastruktur yenidən qurulub. Kənd elektrik enerjisi, içməli su, təbii qaz və sürətli internetlə təmin olunub.
Bəli, Böyük qaydış prosesi hazıda uğurla davam etdirlir. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan güclü iqtisadiyyata malik olan dövlətdir. Tarixinin ən qüdrətli və şərəfli dövrünü yaşayan Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yalnız öz iqtisadi gücünə arxalanaraq böyük işlər görür. Təbii ki, bu istiqamətdə həyata keçirilən tədbirlər Böyük Qayıdışın sevincini yaşayan insanlarımızda qürur hissi oyadır.
Qətiyyətlə demək olar ki, işğaldan azad olunmuş ərazilərin sürətlə bərpa edilməsi, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdış Proqramının uğurla reallaşdırılması məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin, Azərbaycan dövlətinin gücünün və qüdrətinin əyani göstəricisidir. Azərbaycan tarixi Zəfər yürüşünü inamla davam etdirərək işğaldan azad edilmiş ərazilərimizi cənnətə çevirərək bir daha öz qüdrətini bütün dünyaya nümayiş etdirəcək.
Zahid Rza, “İki sahil”