İkinci Qarabağ müharibəsinin başa çatmasından dörd il ötməsinə baxmayaraq, Fransa kimi ölkələr və bəzi Avropa təsisatları yenə də Azərbaycanın yaratdığı reallıqlarla barışmaq istəmir, respublikamıza qarşı qərəzli münasibət sərgiləyirlər. Həmin dairələr məğlub Ermənistanın sülhə doğru gələn yollarını bloklamağa cəhd edirlər.
Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova verdiyi geniş müsahibədə işğalçı Ermənistanı dəstəkləməklə sülh prosesinə maneələr yaratmağa çalışan Fransa kimi ölkələrə əsaslandırılmış ciddi mesajlarını çatdırıb. Prezident İlham Əliyevin sözügedən müsahibədə səsləndirdiyi fikirlər, dilə gətirdiyi həqiqətlər Fransa Prezidenti Emmanuel Makronun siyasi karyerasına öldürücü zərbədir. Sözügedən müsahibədə diqqət çəkən məqamlardan biri Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi ilə bağlı fikirlərdir. Müsahibəsində Fransanın ikitərəfli münasibətlərin korlanmasına gətirib çıxaran pozuculuq mövqeyinə diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “İkinci Qarabağ müharibəsi başlayanda onlar açıq şəkildə işğalçıların tərəfini tutdular. Bu, ilk belə siqnal idi ki, münasibətlərimizdə heç də hər şey qaydasında deyil. Lakin onların tərəfindən verilən siqnal idi. Sonra onlar bu nəticələri hər halda qəbul etməyə məcbur oldular, amma bununla yanaşı, əllərindən gələni etdilər ki, prosesə zərər versinlər. Bu yaxınlarda Baş nazir vəzifəsindən qovulmuş cənab Barnye hələ 2020-ci ildə fransız siyasətçisi qismində Qarabağa qanunsuz şəkildə səfər etmişdi. Yəni, bütün bu müdaxilə cəhdləri ona gətirib çıxardı ki, münasibətlərimiz, sadəcə, böhran həddinə çatdı, sonradan daha da pisləşdi”.
Bu gün Azərbaycanla Fransa arasında münasibətlərin hədsiz dərəcədə gərginləşməsinin bütün məsuliyyəti Yelisey Sarayının indiki sahibinin üzərinə düşür. “Prinsipcə, bizim Fransa ilə heç vaxt problemimiz olmayıb. Hətta deyərdim ki, Fransa ilə hər hansı bir Avropa ölkəsindən daha çox əməkdaşlıq edirdik. Bu, Fransada Makronun hakimiyyətə gəlişinə qədər idi. Mənim atam 1993-cü ildə Prezident seçildikdən sonra ilk rəsmi səfərini Fransaya edib. Çünki onlar birinci olaraq onu dəvət edirdilər. Mən Prezident olduqda, 2003-cü ildə, həmçinin ilk ölkə olaraq Fransadan dəvət aldım və birinci səfərim bu ölkəyə oldu. Sonra biz fəal əməkdaşlıq edirdik, burada çoxlu fransız şirkəti işləyirdi. Bizdə Fransanın 13 şəhəri ilə qardaşlaşmış şəhərlər var”, - deyə Prezident İlham Əliyev bildirib.
Prezident İlham Əliyev sözügedən müsahibəsində onu da vurğulayıb ki, Fransa ola bilər ki, nə vaxtsa böyük ölkə, dahi mütəfəkkirlər, böyük alimlər, yazıçılar ölkəsi olub. Amma indi belə deyil. Hazırda Makron rejimi mahiyyət etibarilə Fransanı uğursuz dövlətə çevirir. Makron bu zərbəni haqq etmişdi. Çünki o, təcavüzkar Ermənistanın yanında dayanaraq ölkəmizə qarşı ədalətsiz siyasət yürüdürdü. Prezident İlham Əliyevin də vurğuladığı kimi, Fransa Azərbaycanı nüfuzdan salmaq üçün hər üsuldan istifadə edirdi. Erməni lobbisinin nökərinə çevrilən Makron Azərbaycanla münasibətlərin korlanmasının əsas günahkarıdır.
Fransa zəngin tarixi və böyük potensialı olan bir dövlətdir. Xüsusilə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olması Fransa üçün çox ciddi öhdəliklər yaradır - bu ölkə beynəlxalq hüququn və təhlükəsizliyin təmin olunmasına cavabdehlik daşıyır. Ancaq Fransanın Ermənistanın işğalı illərində Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq keçmiş Dağlıq Qarabağ probleminin həllinə hər hansı bir töhfə verməməsi, əksinə prosesləri pozması və sonrakı mərhələlərdə qalib Azərbaycana təzyiq göstərməyə çalışması bu ölkənin öz siyasətində ikili standartlardan, selektiv yanaşmalardan çıxış etdiyini bütün cəhətləri ilə ortaya qoyur.
Bu gün Fransada açıq şəkildə etiraf olunur ki, Makronun bütün istiqamətlərdə həyata keçirdiyi siyasət iflasa uğrayıb. Daxili və xarici siyasətdəki uğursuzluqlar, parlamentdə impiçmentinə cəhdlər göstərilməsi, cəmiyyətin onu iqnor etməsi, müxtəlif görüşlərdə insanların ünvanına nalayiq sözlər söyləməsi, sifətinə sillə vurulması, tez-tez yumurta atəşinə “qonaq” edilməsi, gözlənildiyi kimi, Yelisey Sarayının sahibində özünəinam hissini azaldıb və müəyyən komplekslər yaradıb. Afrikada, Sahel regionunda iflasla üzləşən, Niger, Burkino-Faso və Malidən qovulan, Çaddan çıxmağı tələb olunan, Seneqalda, Livanda uğursuzluqla, Azərbaycanda və Gürcüstanda tam iflasla qarşılaşan Fransa, eyni zamanda, məhz Makronun bərbad siyasəti ucbatından hazırda daxili siyasi böhran məngənəsində çabalayır.
Azərbaycanın fransız kolonializminin iyrənc simasını ifşa etməsi Yelisey Sarayında qıcıq doğurur. Azərbaycan Fransanın "dənizaşırı ərazilər" adlandırdığı kiçik dövlətlərin təbii ehtiyatların amansız şəkildə istismar etməsini, talamasını dünya gündəminə daşıyır. Rəsmi Bakı Makron diktaturasının, Makron rejiminin Yeni Kaledoniyada, Mayot adasında, digər yerlərdə törətdiyi qanunsuzluqları, zorakılıqları ifşa edir. Azərbaycan Prezidentinin çıxışları Fransa liderinin ədalətsiz siyasətinin güzgüsünə çevrilir. Makron isə Bakıdan ona ünvanlanan haqlı tənqidlərdən ciddi nəticə çıxarmaq və öz siyasətinə düzəliş etmir. Müsyo Makron, yaxşı olmazmı ki, Azərbaycana zərər vermək əvəzinə, Fransanı hazırkı böhrandan çıxarmaq haqqında düşünəsiniz?..
Yaqut Ağaşahqızı, “İki sahil”