27 dekabr 2024 23:43
132

Kənd təsərrüfatının siyahıyaalınması: Azərbaycanın aqrar sektoruna statistik baxış

Prezident İlham Əliyev: Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Bu, sosial, iqtisadi sahədir, qeyri-neft sektorunun inkişafı üçün dəstəkdir

Kənd təsərrüfatı - ərzaq təhlükəsizliyinin təmin edilməsində, iş yerlərinin yaradılmasında, kənd yerlərinin inkişafında mühüm rol oynayan fundamental iqtisadi sahədir. İqlim dəyişikliyi, əhalinin artımı və ərzaq bazarında rəqabətin artması kimi qlobal çağırışlar fonunda kənd təsərrüfatının dəqiq, aktual və hərtərəfli təhlilinin aparılması günümüzün tələbi kimi ortaya çıxır. Bu istiqamətdə işlərin təşkili üçün ən effektiv vasitələrdən biri kənd təsərrüfatının siyahıyaalınmasının aparılmasıdır.

Kənd təsərrüfatının siyahıyaalınması - ölkədə kənd təsərrüfatının bütün əsas aspektləri üzrə təfsilatı məlumat əldə etmək üçün aparılan kompleks statistik sorğudur. Bu sorğu torpaqdan istifadə vəziyyəti, əkin sahələrinin strukturu, suvarma, mal-qaranın sayı və sürü dövriyyəsi, təsərrüfatların istehsal göstəriciləri, əmək resursları və digər imkanları barədə geniş məlumat almaq fürsətini verir. Siyahıyaalmanın keçirilməsi təkcə kənd təsərrüfatı sektorunun mövcud vəziyyətini qiymətləndirməyə deyil, həm də onun güclü və zəif tərəflərini görməyə, bu sahədəki tendensiyaları müəyyən etməyə imkan verir. Bu mühüm informasiya mənbəyi dövlət tərəfindən fermerlərə dəstək üçün effektiv strategiya və proqramların işlənib hazırlanmasında, eyni zamanda aqrar sektora cəlb ediləcək investisiyaların istiqamətinin müəyyənləşdirilməsində xüsusi əhəmiyyətə malikdir.

Dünya ölkələrinin təcrübəsində kənd təsərrüfatı siyahıyaalmaları adətən on ildə bir dəfə keçirilir. Nəzərə alsaq ki, sonuncu dəfə keçirilmiş kənd təsərrüfatının siyahıyaalmasından  ötən on il ərzində ölkədə kənd təsərrüfatı istehsalçılarının fəaliyyətində, sayında, strukturunda, inzibati ərazi bölgüsündə dəyişikliklər baş vermişdir, bu halda sosial-iqtisadi inkişaf sahəsində çağdaş problemlərin həllinə ünvanlanacaq tədbirlər kənd təsərrüfatı məhsulu istehsalçıları haqqında ətraflı məlumatların toplanması üçün yeni siyahıyaalmanın keçirilməsi zərurətini ortaya qoyur.

Kənd təsərrüfatı siyahıyaalmasından bəhs edərkən bu mühüm statistik tədbirin tarixinə qısa nəzər salmaq məqsədəuyğun olardı. Beləliklə, 19-cu əsrdən başlayan kənd təsərrüfatı siyahıyaalmaları 1835-ci ildə Norveçdə, 1840-cı ildə ABŞ-da, 1846-cı ildə Belçikada, 1852-ci ildə Uruqvayda, 1866-cı ildə Böyük Britaniyada, 1888-ci ildə Argentinada, 1895-ci ildə Macarıstanda, 1896-cı ildə Kanadada, 1897-ci ildə Bolqarıstanda keçirilmişdir. 1905-ci ildə Romada Beynəlxalq Kənd Təsərrüfatı İnstitutunun (IIA) yaradılmasından sonra bir çox dövlətlər bütün dünyada kənd təsərrüfatı siyahıyaalmalarının vahid əsaslarla keçirilməsi barədə razılığa gəldilər. Beləcə 1929-1930-cu illər üçün ilk Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramı (WCA) hazırlandı və 60-a yaxın ölkədə tətbiq edildi. Proqramın 1940-cı il üçün nəzərdə tutulan növbəti mərhələsi İkinci Dünya müharibəsinin başlaması səbəbindən tamamlana bilmədi. 1945-ci ildə Beynəlxalq Kənd Təsərrüfatı İnstitutunun əsasında Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) yaradıldı və 1950-ci ildən başlayaraq hər on ildən bir yenilənən vahid Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramının hazırlanması təmin edildi. Hal-hazırda dünya ölkələri tərəfindən tətbiq olunan mövcud Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramının 2020-ci il raundu 10-cu proqramdır və 2016-2025-ci illəri əhatə edir.

Ölkəmizdə kənd təsərrüfatının siyahıyaalınması ilk dəfə 1921-ci ildə keçirilib. Sonrakı illərdə isə kənd təsərrüfatının ayrı-ayrı sahələrinə dair sorğu və uçotlar reallaşdırılıb. 1932-ci ildən sonra kənd təsərrüfatı sahəsində kollektivləşmə və sovxoz quruculuğu ilə əlaqədar iri təsərrüfatlar meydana gəldiyindən genişmiqyaslı kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsinə ehtiyac qalmayıb. Kolxoz və sovxozlar üzrə kənd təsərrüfatına dair müvafiq statistik məlumatlar bu təsərrüfatların təqdim etdikləri dövlət statistika hesabatlarının əsasında əldə edilib, əhalinin şəxsi yardımçı təsərrüfatları üzrə məlumatlar isə müəyyən seçmə müşahidə və uçot məlumatları əsasında toplanıb.

Müstəqil Azərbaycan Respublikasının tarixində kənd təsərrüfatının siyahıyaalınması ilk dəfə 2005-ci il iyunun 1-dən 30-dək olan dövrdə keçirilib. Həmin siyahıyaalmanın hazırlanıb keçirilməsi işi Dövlət Statistika Komitəsi və onun yerli orqanları tərəfindən yerinə yetirilib, nəticələr 8 cilddən ibarət olmaqla məcmuələr toplusu şəklində nəşr edilərək məlumat istifadəçilərinə təqdim olunub.

Aqrar sektorda həyata keçirilən islahatlar və cəlb edilən investisiyalar nəticəsində meydana çıxan yeni iqtisadi şərait kənd təsərrüfatına dair daha geniş və dolğun məlumatların əldə edilməsini zəruri edirdi. Bu məqsədlə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 28 dekabr tarixli 357 nömrəli Qərarı qəbul edildi və 2015-ci il iyunun 1-dən 30-dək olan dövrdə Azərbaycanda ikinci dəfə kənd təsərrüfatının siyahıyaalınması keçirildi. Toplanmış məlumatlar əsasında kənd təsərrüfatındakı vəziyyəti hərtərəfli qiymətləndirməyə imkan verən 15 cilddən ibarət məcmuələr nəşr edilərək istifadəçilərə təqdim olundu.

Qeyri neft-qaz sektorunun inkişafı, rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsullarının istehsalı və emalına nail olmaq istiqamətində görülən dövlət dəstəyi tədbirləri, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişaf etdirilməsi, istehsalçıların müvafiq istehsal vasitələri ilə təminatının gücləndirilməsi sonuncu kənd təsərrüfatı siyahıyaalmasından sonrakı dövrdə də davam etdirilmiş, bu sahəyə cəlb edilmiş investisiyaların həcmi artmışdır.  

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinə birbaşa dövlət dəstəyi olaraq subsidiyaların və vergi güzəştlərinin verilməsi, kənd təsərrüfatı təyinatlı əksər maşın və texniki vasitələrin idxal rüsumundan azad olunması kimi alətlərin tətbiqi bu sahədə inkişafa öz bəhrəsini verməkdədir. Son illər ərzində dövlət dəstəyi hesabına regionlarda soyuducu anbarların, müasir taxıl elevatorlarının və digər logistika obyektlərinin qurulması, habelə yol-nəqliyyat infrastrukturunun inkişafı, meliorasiya-irriqasiya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi hesabına suvarma suyu ilə təmin olunan torpaqların əhatəsinin genişlənməsi, gübrə, pestisid ilə təminatın yaxşılaşdırılması fermerlərin bazarlardakı mövqeyini möhkəmləndirmişdir. Aqrar bölmədə həyata keçirilən islahatların informasiya təminatının zənginləşdirilməsi məqsədilə kənd təsərrüfatında baş verən proseslər haqqında aktual məlumatların əldə edilməsini təmin etmək üçün Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması çərçivəsində Azərbaycanda da bu mühüm tədbirin həyata keçirilməsinə zərurət var idi.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 fevral tarixli, 3672 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı”nın 5.1.2.9-cu bəndində 2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının növbəti siyahıyaalınmasının keçirilməsi ilə bağlı tədbir öz əksini tapır.

Bu Sərəncamın icrası olaraq “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 4 oktyabr tarixli, 357 nömrəli Qərarı ilə ölkə üçün müstəsna əhəmiyyətə malik olan bu tədbirin 2025-ci ilin 15 iyul - 15 avqust tarixlərində keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirin mütəşəkkil keçirilməsini təmin etmək məqsədilə Nazirlər Kabinetinin sözügedən qərarı ilə Tədbirlə Planı təsdiq edilmiş, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, digər aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilmiş və İstiqamətləndirici Komitə yaradılaraq tərkibi təsdiq edilmişdir.

Siyahıyaalma kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaalma vərəqələrinin Dövlət Statistika Komitəsinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə keçiriləcək. 

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının tövsiyələrini və beynəlxalq təcrübəni, siyahıyaalmanın planşet tipli kompüterlər vasitəsilə keçirilməsinin üstünlüklərini (yekun məlumatların əldə olunmasına 7-8 ay az vaxt tələb olunur, 340-dan artıq kompüter operatorunun 6 ay müddətinə, 73 nəfər siyahıyaalma qrupu rəhbərinin şəhər və rayonlar üzrə nümayəndəsinin 9 ay müddətinə işə qəbul edilməsinə, 1,2 milyon siyahıyaalma vərəqəsinin çap olunmasına ehtiyac qalmır, siyahıyaalma məlumatları birbaşa elektron daşıyıcılara daxil edildiyi üçün operatorların səhv etmə ehtimalı aradan qalxır, yekun məlumatların keyfiyyəti artır və s.), habelə ölkəmizdə İKT-nin tətbiqinin genişləndirilməsi zəruriliyini nəzərə alaraq 2025-ci ildə ölkəmizdə kənd təsərrüfatının siyahıyaalınmasının ilk dəfə olaraq planşet tipli kompüterlərdən istifadə etməklə sorğu yolu ilə (CAPI üsulu: Computer Assisted Personal Interviewing – kompüter vasitəsilə şəxsi müsahibə) keçirilməsi nəzərdə tutulmuşdur.

İlkin hesablamalara görə 1,2 milyondan çox ev təsərrüfatının siyahıyaalma ilə əhatə olunacağı planlaşdırılır. Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş normativlərə uyğun olaraq kənd təsərrüfatı siyahıyaalınmasının keçirilməsi məqsədilə hər 120 təsərrüfata bir nəfər sayıcı olmaqla 10 mindən çox sayıcı və hər 10 sayıcıya 1 nəfər olmaqla mindən çox təlimatçı-nəzarətçinin işə cəlb edilməsi nəzərdə tutulur. Bu zaman həm sayıcı, həm də təlimatçı-nəzarətçi üçün tapşırığın yerinə yetirilməsinə 40 təqvim günü müəyyən edilmişdir.

Siyahıyaalma üzrə işlərin uğurla təşkil edilməsi və onun həyata keçirilməsinin əsas şərtlərindən biri də kənd təsərrüfatı məhsulu istehsalçıları arasında kütləvi maarifləndirmə işlərinin vaxtında və yüksək səviyyədə təşkil olunmasıdır. Əvvəlki siyahıyaalmaların təcrübəsi və beynəlxalq tövsiyələr də göstərir ki, bu mürəkkəb və irihəcmli işin uğurla həyata keçirilməsi istehsalçıların siyahıyaalmanın məqsəd və vəzifələri, onun zəruriliyi, ölkə və əhali üçün əhəmiyyəti, bu prosesdə kənd təsərrüfatı məhsulu istehsalçılarının üzərinə düşən vəzifələr barədə vaxtında məlumatlandırılmasından, siyahıyaalmaya cəlb edilən işçilərin peşəkarlığından, habelə siyahıyaalma vərəqəsindəki suallara alınan cavabların keyfiyyətindən çox asılıdır.

2025-ci ildə keçiriləcək kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunda kənd təsərrüfatının sınaq siyahıyaalınması keçirilmişdir. Tədbir rayonun üç inzibati ərazi dairəsi üzrə səkkiz yaşayış məntəqəsində ümumilikdə 1942 təsərrüfatı əhatə etmişdir.

Sınaq siyahıyaalma zamanı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının “2020-ci il Ümumdünya kənd təsərrüfatı siyahıyaalınması proqramı”nın tövsiyələri, əvvəlki siyahıyaalmaların təcrübəsi, kənd təsərrüfatının yerli xüsusiyyətləri, aidiyyəti dövlət qurumlarının, beynəlxalq ekspertin rəy və təklifləri nəzərə alınmaqla hazırlanmış siyahıyaalma vərəqəsi və onun doldurulması qaydaları, CAPI (Computer Assisted Personal Interviewing – kоmpüter vasitəsilə şəxsi müsahibə) üsulu ilə əldə ediləcək məlumatların elektron formada daxil edilməsi üçün metodoloji əsasları və praktiki aspektləri özündə ehtiva edən xüsusi proqram təminatları təcrübi olaraq planşet tipli kompüterlərdə uğurla sınaqdan çıxarıldı. Hazırlıq işləri davam etdirilir.

Ümumilikdə, 2025-ci ildə keçiriləcək kənd təsərrüfatının siyahıyaalınması nəticəsində təsərrüfatların istehsal fəaliyyəti, o cümlədən torpaqlardan istifadə və onların suvarılması vəziyyəti, istifadə edilən toxumların mənbəyi, gübrə və pestisidlərdən istifadə, cins heyvan və quşların sayı, istifadə olunan yemin növləri, akvakultura, kənd təsərrüfatı təyinatlı tikililər, işçi qüvvəsi və s. barədə aktual məlumatların əldə edilməsinə imkan yaranacaqdır. Bütün bunlar müvafiq qərarların qəbul edilməsində mühüm informasiya mənbəyi kimi çıxış etməklə, bu sahədə statistik müşahidə və tədqiqatların, elmi araşdırmaların aparılmasında baza rolunu oynayacaq, eyni zamanda müvafiq statistik məlumatların beynəlxalq müqayisəliliyi təmin ediləcəkdir.

Vaqif Rəsul,
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kənd təsərrüfatı statistikası şöbəsinin müdiri