Türkiyənin Milli Təhsil Nazirliyi Suriyada təhsil və təhsil fəaliyyətlərinin həyata keçirilməsinə dəstək verəcək.
“İki sahil” xəbər verir ki, bu çərçivədə xeyriyyəçilərin töhfəsi ilə qəzalı məktəblər təmir olunacaq, yeni məktəblər tikiləcək, sinif otaqları təchiz ediləcək.
Nazirlik həmçinin Suriyanın yeni təhsil kurikulumunun yaradılması və dərsliklərin hazırlanması üzərində işləyir. Tədris proqramı elmi və texnoloji inkişaflara, tələbələrin ehtiyaclarına və Suriya xalqının tələblərinə uyğun olaraq yenilənəcək. İqtisadiyyatın inkişafı və həyat səviyyəsinin yüksəldilməsi üçün peşə təhsilinin inkişafına, peşə məktəblərinin açılmasına töhfələr veriləcəkdir.
Məlumata görə, Suriyada uzun müddətdir davam edən müharibədən təsirlənən şagirdlərin məktəbə qayıtmalarında yaşaya biləcəkləri çətinliklərin aradan qaldırılması üçün də addımlar atılacaq. Ailələrə və uşaqlara psixososial dəstək göstəriləcək.
Milli Təhsil Nazirliyi Azad Suriyada müəllim və məktəb rəhbərlərinə də dəstək verəcək, hərtərəfli ixtisasartırma işləri aparılacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”