28 dekabr 2024 23:58
120

Qəhrəmanlığı dillərdə dastan olan Ramil

44 günlük haqq savaşımızda  Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda odlu səngərlərdən keçərək qanı bahasına tarix yazan qəhrəman oğullardan bir də  şəhid  mayor  Ramil  Ağayevdir.  Hünəri dillərdə dastan olan Lerikin qartal balası  şərəfli ölümü ilə  milyonların qəlbində özünə əzəmətli adidə ucaltmaqla, həm də dövlət tərəfindən   3-cü dərəcəli "Vətənə xidmətə  görə" ordeninə, "İgidliyə görə", "Döyüşdə fərqlənməyə görə", “Vətən uğrunda" və Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda medallarına layiq görülüb.  Ramil cismən aramızdan getsə də, hər dəfə adı çəkiləndə dağlar diyarında böyük də, kiçik də qürur duyur.  Ölümsüzlüyə qovuşan qəhrəman Ramil leriklilərin gözündə  dağlar qədər mətin, bayram kimi ucadır.

Vətən sevdalısının  40 yaşı tamam   oldu.  Bu münasibətlə Lerik Rayon İcra Hakimiyyətinin, YAP Lerik rayon təşkilatının , idarə müəssisə rəhbərləri və şəhidin ailə üzvləri qəhrəmanın uyuduğu müqəddəs  məzarını ziyarət edib önünə gül-çiçək dəstələri düzərək əziz xatirəsini ehtiramla andılar.  Çıxışlar zamanı  bildirildi ki,  mayor Ramil Vətən naminə, bizim xoş gələcəyimiz üçün  özünü qurban verdi.  Onun həyat yolu qısa olsa da, fədakarlıqla, mərdliklə doludur.  Çətin məqamda sinəsini  Vətənə  sipər edən Ramil kimi mərd igidlər hər zaman sonsuz ehtirama,  sevgi və məhəbbətə layiqdirlər.  Qərinələr ötəcək   şəhid Ramil Ağayev  heç vaxt unudulmaz.

Xatırladaq ki,  Ramil Mərdan oğlu  Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində dünyaya göz açıb. Azərbaycan Ordusunun mayoru kimi 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Cəbrayılın və Füzulinin azadlığı uğrunda döyüşüb. Oktyabrın 8-də Füzuli döyüşləri zamanı  ölüm-dirim  savaşında  böyük şücaət göstərərək  şəhadətə yetib.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü