Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində böyük qürurla qeyd etdi ki, qalib ölkənin rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir
Son dörd ilin reallıqları Azərbaycanın dünəninin, bugününün və onların əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatıdır. Bu günlərdə yerli televiziya kanallarına müsahibəsində cənab İlham Əliyev Azərbaycanın addım-addım nail olduğu hədəflərdən, müstəqil siyasətimizin uğurlarından, ədalətin və beynəlxalq hüququn yanında olmaqla tariximizə yazdığımız uğur səhifələrindən, ölkəmizin sözünün imzası qədər artan əhəmiyyətindən, dünya güclərinin dövlətimizlə hesablaşmasından və sair kimi sadalamaqla bitməyən reallıqlardan geniş bəhs edərək bunların əsasında düşünülmüş siyasətin dayandığını əsaslı şəkildə diqqətə çatdırdı. Son dörd ilin mühüm qürurverici reallıqlarından biri də Qarabağın və Şərqi Zəngəzurun cənnət məkana çevrilməsi istiqamətində göstərilən səylər, hazırda beş şəhərimizin-Füzuli, Laçın, Şuşa, Xocalı və Cəbrayılın, dörd kəndin-Ağalı, Talış, Zabux və Suc kəndlərinin sakinlərinə qovuşaraq yeni həyata başlamasıdır.
Yerli televiziya kanallarına müsahibəsində jurnalistin bu reallıqlara söykənərək “Coğrafi cəhətdən kiçik, amma qalib və güclü bir dövlətin Prezidenti olmaq necə hissdir” sualına dövlət başçısı İlham Əliyevin cavabı hər birimizi qürurlandırdı, xalq-Prezident birliyinin yol açdığı uğurların ümumiləşdirilmiş ifadəsi oldu. Cənab İlham Əliyev bildirdi ki, necə deyim sizə, birincisi, böyük məsuliyyətdir: “İlk növbədə, mən öz vəzifəmə bax, belə yanaşıram, hər gün, hər saat, gecə-gündüz. İkincisi, böyük şərəfdir. Əlbəttə ki, mən xüsusilə son vaxtlar çox sevinirəm. Son dörd ildir ki, mənim həyatım tam fərqlidir. Hamımızın həyatı fərqlidir, hamımız tamamilə başqa əhvali-ruhiyyə ilə yaşayırıq, oyanırıq, xaricə gedirik. Qalib ölkənin nümayəndəsi kimi, xüsusilə rəhbəri kimi yaşamaq, işləmək, beynəlxalq təmaslarda olmaq tamamilə fərqli hissdir. Xüsusilə nəzərə alsaq ki, 17 il ərzində biz tam fərqli bir vəziyyətdə idik, haqlı olduğumuza baxmayaraq, bizi haqsız hesab edirdilər. Bütün bu 17 il ərzində ictimaiyyətin diqqətindən kənar bir çox məqamlar olub ki, insanı dərindən həm hiddətləndirirdi, həm üzürdü, həm də incidirdi. Ədalətsizlik – çünki, necə deyim, ən böyük ədalətsizlik elə ədalətsizlikdir.”
Prezident İlham Əliyev suala cavabında bu məqamı da xüsusi qeyd etdi ki, bu gün hər yerdə və hər sahədə gedən inkişafın təməlində məhz xoş əhvali-ruhiyyə, xoş ovqat, cəmiyyətimizin rahat yaşaması, özünə əminlik hissləri dayanır. Mən də bilirəm ki, arxamda Azərbaycan xalqı dayanır. Azərbaycan xalqı da bilir ki, mən onun arxasında dayanıram. Yəni, bu, xüsusi bir hissdir. Bunu yəqin ki, bir çoxları yaşamayıb. Xüsusilə hər iki dövrdə ölkəyə rəhbərlik edən şəxs kimi bəlkə də bu, unikal təcrübədir. Dörd il keçməsinə baxmayaraq, hələ ki, bunu tam anlamaq çətindir: “Mən azad edilmiş torpaqlarda bəlkə də 100 dəfədən çox olmuşam və hər dəfə gedəndə özümə eyni sözləri deyirəm, eyni sevinci bölüşürəm. Sanki birinci dəfə gəlmişəm oraya. Yəni, siz necə, mən də elə. Əlbəttə ki, məsuliyyət və qürur hissi. Biz elə ölkədə yaşayırıq ki, doğrudan da ilk növbədə ölkəmizlə, xalqımızla fəxr edə bilərik.”
Azərbaycanın bugünkü reallıqları xalq-Prezident birliyinin, həmrəyliyinin nümayişidir. Müstəqilliyimizin bərpasının ilk illərində yaşananlar lider və düşünülmüş siyasət amillərinin hər bir ölkənin inkişafında əsas faktor olduğunu təsdiqləyir. Bu baxımdan ki, həmin dövrün iqtidarının yarıtmaz siyasəti, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutması Azərbaycanı hansı faciələrlə, təhlükələrlə üz-üzə qoyduğu yaddaşlarda, eyni zamanda, müstəqillik tariximizin faciəli səhifələri kimi vərəqlənməkdədir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev dövlətə, xalqa sevginin, bağlılığın nümunəsini təqdim etdi. Düşünülmüş siyasət və bu xəttin 2003-cü ildən başlayaraq Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı tarixi Zəfərə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurdu. Cənab İlham Əliyevin sözügedən müsahibəsində də qeyd etdiyi kimi, 17 il, 2003-2020-ci illər tam fərqli bir vəziyyət idi.
Müstəqillik tariximizi vərəqlədikcə Azərbaycanın hər zaman dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qaldığını görürük. Lakin bu yanaşma ölkəmizi ruhdan salmadı, əksinə daha da gücləndirdi, haqq səsini daha yüksək tribunalardan çatdırmağa stimul verdi. Torpaqları işğal altında, soydaşları qaçqın-köçkün vəziyyətində yaşayan Azərbaycan idi. Dünya gücləri həqiqətlərə maraqlarının arxasından baxsa da xalqımız ədalətin zəfər çalacağına əmin idi. Dövlətimizin qətiyyəti, xalqımızın iradəsi, birliyi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimiz, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun gücü, qüdrəti və sair kimi amillər əminliyimizə əsas verdi. Nəhayət, 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizlə keçilən yolun təqdimatını etdik. Cənab İlham Əliyev şanlı Qələbəmizin reallıqlarından olan Vaqif Poeziya Günlərinin bərpa edildiyi 2021-ci ilin avqustunda Şuşadan, Cıdır düzündən bu çağırışı etdi ki, işğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik: “Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.” Dövlətimizin başçısı Azərbaycan xalqına Şuşa müjdəsini verərkən söylədiyi fikirlərin də həqiqət olduğunu bir daha tədbir iştirakçılarının diqqətinə çatdırmışdı: “Demişdim ki, Şuşa artıq azaddır, bu, həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər və bir çox başqa tədbirlər artıq keçirilir və keçiriləcəkdir. Demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bu da baş verir, biz Şuşanı dirçəldirik.”
Əvvəldə də qeyd etdiyimiz kimi, azad edilmiş torpaqlarımız dirçəlməklə yanaşı, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qovuşurlar. Son üç ildə 10 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar. Bu il üçün planda daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. Bir çox kəndlərdə, şəhərlərdə indi inşaat işləri gedir və bu ilin sonuna qədər 30-a yaxın yaşayış məntəqəsində keçmiş köçkünlər məskunlaşacaqlar. Təqribən 2-3 ildən sonra əsas infrastruktur layihələri başa çatacaq və ondan sonra yaşayış fondunun yaranmasına istiqamətləndiriləcək məbləğ daha böyük olacaq. Dövlətimizin başçısı bildirir ki, əgər biz dünya tarixinə nəzər salsaq görərik ki, işğaldan və dağıntıdan əziyyət çəkmiş heç bir ölkə öz ərazilərini bu templə və bu keyfiyyətlə bərpa etməyib. Yəni, biz burada da həm peşəkarlıq, həm də çox ciddi yanaşma göstəririk.
Təbii ki, uğurlarımız xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda ölkədə sabitliyin, xoş əhval-ruhiyyənin mövcudluğuna əsaslanır. Sabitlik olmasa, təbii ki, iqtisadi tərəqqidən söhbət gedə bilməz. İqtisadi inkişaf isə bütün sahələrdə uğurların əsasıdır. Azərbaycanın sabitlik məkanı kimi nüfuz qazanması iqtisadi əlaqələrinin coğrafiyasının genişlənməsində, beynəlxalq nüfuzunun artmasında özünün aydın ifadəsini tapır. Belə ki, ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın sabitlik məkanı kimi özünü təsdiqləməsi xüsusi qeyd edilir. Dövlətimizin başçısı İlham Əliyev sözügedən müsahibəsində Azərbaycanın əvəzolunmaz ölkə olduğunu əsaslı şəkildə vurğuladı. Yeni dünya nizamının formalaşmasına ölkəmizin böyük töhfələr vermək imkanlarını diqqətə çatdırdı. “Azərbaycan bu bölgənin aparıcı ölkəsi kimi, əlbəttə ki, məsuliyyət nöqteyi-nəzərindən də xüsusi çəkiyə malikdir” söyləyən cənab İlham Əliyev bildirdi ki, biz heç kimin işinə qarışmırıq, öz işimizlə məşğuluq. Kim bizə müraciət edir, çalışırıq ki, o müraciətləri cavabsız qoymayaq. Öz siyasətimizlə, sərmayə qoyuluşumuzla Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışıq: “Bir tərəfimiz Xəzər üzərindən Orta Asiyaya uzanır, bir tərəfimiz Avropaya və bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Sadəcə olaraq, xəritəyə baxmaq kifayətdir, hər kəs görsün ki, Orta Asiya və Qərb dünyası ilə birləşmək, bağlantılar yaratmaq istəyən Azərbaycandan yan keçə bilməz. Yəni, bunu bizsiz edə bilməzlər və müasir infrastruktur, sabitlik, düşünülmüş siyasət və dünyaya açıqlıq.”
Azərbaycan yeni dünya nizamına öz töhfəsini əməlləri ilə verir. Ölkəmizin son illərdəki addımları çox ciddi təhlil edilir. Çünki yaxın və orta keçmişə nəzər salsaq görərik ki, dünya tarixində öz ərazi bütövlüyünü öz gücü ilə bərpa edən ikinci ölkə olmayıb. Bunu Azərbaycan bütün təzyiqlərə, təhdidlərə və təhlükələrə rəğmən etdi. Müstəqil siyasət aparmaq iqtidarında olan ölkələrin sayı o qədər də çox deyil.
Azərbaycan çoxtərəfli diplomatiyada zəngin təcrübəyə malik olduğunu atdığı addımları ilə təsdiqləyir. Buna əmin olmaq üçün ölkəmizin Qoşulmama Hərəkatına 4 illik sədrlik dövrünü yada salmaq kifayətdir. Daim ədalətin və beynəlxalq hüququn yanında olan Azərbaycana üzv dövlətlərin göstərdiyi etimadın və inamın nəticəsi idi ki, ölkəmizin quruma sədrlik dövrü bir il uzadıldı. Azərbaycan bu illər ərzində Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artmasına böyük töhfələr verdi. Ölkəmizin ötən il dünyanı Bakıya toplayan COP29 iqlim konfransına ev sahibliyi də çoxtərəfliliyin tərəfdarı olduğunu nümayiş etdirdi. Tədbir çərçivəsində Liderlərin, həmçinin inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitinin keçirilməsi, yekun qərarlar özündə bütün məqamları açıqladı. COP29-u iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirən cənab İlham Əliyev bildirir ki, Bakı nailiyyəti çoxtərəfliliyin təntənəsidir. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu.
Dövlət başçısı İlham Əliyevin bu günlərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbay ilə görüşündə də bu məsələlərə xüsusi diqqət yönəldildi. Kayrat Sarıbay Bakıya Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə gəlməsindən məmnunluğunu ifadə edərək bildirdi ki, Azərbaycanın çoxtərəfli diplomatiyada zəngin təcrübəsi vardır. Bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və digər beynəlxalq təşkilatlarda uğurlu sədrliyi diqqətə çatdırıldı. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin də bu müstəvidə aparıldığı xüsusi vurğulandı. Qonaq Azərbaycan tərəfindən konseptual sənədin təqdim olunduğu və bu sənəddə təşkilatın gələcək inkişafı ilə bağlı, həmçinin ölkələr arasında əməkdaşlığın və etimadın gücləndirilməsi üçün geniş sahəni əhatə edən təkliflərin əksini tapmasından məmnunluğunu ifadə etdi. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə COP29-un yüksək səviyyədə keçirildiyini, bu tədbirə hazırlıqla bağlı qısa müddət ərzində Azərbaycan tərəfindən böyük işlərin görüldüyünü və COP29 nəticəsində qlobal iqlim gündəliyi ilə əlaqədar çox vacib qərarların qəbul edildiyini vurğuladı. Prezident İlham Əliyev üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi, təşkilatın institusional inkişafı və təşkilat çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin bundan sonra da göstəriləcəyini bildirdi.
Azərbaycanın beynəlxalq nüfuzunun artdığını təsdiqləyən çoxlu sayda faktlar sadalaya bilərik. Azərbaycanın qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan kimi özünü dünyaya təqdim etməsi növbəti uğurlarının əsasıdır. Azərbaycan hədəflərinə ardıcıllıqla nail olur. Bütün sahələrdə təkmilləşmə, yeniləşmə, yeni hədəflər dayanıqlı inkişafı qaçılmaz edir. Bu inkişaf bundan sonra da davamlı olacaq. Xalq-iqidar birliyinin möhkəmliyi, sarsılmazlığı buna əsas verir. Prezident İlham Əliyevin hər bir təşəbbüsü, qəbul etdiyi qərarlar xalqımız tərəfindən dəstəklənir. Daim özünə diqqət və qayğının, ölkənin davamlı inkişafının şahidinə çevrilən xalqın Prezidentinə inamı sonsuzdur. İnsan amili dövlət siyasətinin əsasında dayanır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritetdir. Artıq beşinci sosial paketin icrasına başlanılıb. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması, vətəndaş məmnunluğunun artırılmasına göstərilən diqqət beynəlxalq maliyyə qurumlarının hesabatlarında da təqdir edilir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük: “Halbuki mən hesab edirəm ki, bizim beynəlxalq reytinqimiz indikindən daha yüksək səviyyəyə layiqdir və müəyyən səbəblər üzündən hələ ki, aparıcı reytinq agentlikləri daha da təvazökar yanaşmanı sərgiləyirlər. Yəni, bütün bunlar onu deməyə əsas verir ki, biz iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik və əminəm ki, bu il və gələn illərdə bu dinamika saxlanılacaq.”
Qeyd etdiklərimizin fonunda belə bir ümumiləşdirməni apara bilərik ki, bugünkü Azərbaycan, sözün əsl mənasında, dünya miqyasında güclü ölkələr sırasındadır. Həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün müəyyənləşdirilməsində nümunədir.
Yeganə Əliyeva, “İki sahil”