Azərbaycanın bu istiqamətdə reallaşdırmaqda olduğu layihələr onu deməyə əsas verir ki, yaxın zamanlarda ölkəmiz təkcə neft-qaz ixracatçısı kimi deyil, həm də Avropaya yaşıl enerji ixrac edən bir dövlət kimi tanınacaq
Ölkəmizdə energetika sahəsində bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi Prezident İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürülüb və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerjinin payının 30 faizə çatdırılması hədəf kimi müəyyənləşdirilib. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası”na çevrilməsi, həmin ərazilərin 2050-ci ilə qədər “karbon neytral” statusuna qovuşması üçün böyük layihələr həyata keçirilir. Bu strategiya çərçivəsində dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhər və kəndlərin yaradılması, eləcə də minlərlə hektar ərazidə meşələrin bərpası kimi innovativ yanaşmalar nəzərdə tutulub.
Rəsmi məlumatlara əsasən, külək enerjisinin illik potensialı 800 MVt (təxminən 4 milyard kVt/saat) təşkil edir. Bu isə 1 milyon ton şərti yanacağa qənaət və 3,7 milyon ton karbon emissiyasının qarşısını almaq deməkdir. Hazırkı inkişaf templəri qorunarsa, 2027-ci ildə yaşıl enerjinin ümumi enerji istehsalında payı 32,6 faizə, 2030-cu ildə isə 35 faizə çata bilər. Qeyd edək ki, 2024-cü ildə Bakı Enerji Həftəsi çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə ümumi qoyuluş gücü 1 000 MVt olan layihələr üzrə mühüm müqavilələr imzalanıb. Bu müqavilələrə Biləsuvarda 445 MVt, Neftçalada 315 MVt gücündə günəş, Abşeron-Qaradağda isə 240 MVt gücündə külək elektrik stansiyalarının tikintisi daxildir. Həmçinin, COP29 çərçivəsində Azərbaycanın “SOCAR Green” MMC-si, “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Biləsuvar və Neftçalada yerləşəcək iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalanıb. Ümumi dəyəri 670 milyon ABŞ dolları olan bu layihələr 2027-ci ildə istismara veriləcək və illik 1,7 milyard kilovat/saatdan çox yaşıl enerji istehsal edəcək. Bu həcm, illik 380 milyon kubmetr təbii qazın qənaət edilməsinə şərait yaradacaq. Eyni zamanda, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsinə Səudiyyə Ərəbistanının qoşulmasını təmin edən bir neçə vacib sənəd imzalanıb. Bu sənədlər Azərbaycanla Səudiyyə Ərəbistanı arasında enerji əməkdaşlığını daha da genişləndirəcək. İmzalanma mərasimində Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri, eləcə də ölkələrin energetika nazirləri iştirak ediblər. Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud ilə birlikdə imzalanan sənədlər arasında “Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl enerji sahəsində İcra Proqramı” xüsusi əhəmiyyət kəsb edir. İmzalanan digər sənədlər sırasında “Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu” da yer alır. Azərbaycanın yaşıl enerji sahəsində əldə etdiyi bu nailiyyətlər ölkənin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, onun ekoloji məqsədlərinə də töhfə verir. Ötən ilin əsas nailiyyətlərindən biri də COP29 çərçivəsində Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) və BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) ilə birgə İƏT regionu üçün Təmiz Enerji Mərkəzinin (CECECO) təsis edilməsi olub. Bakıda yaradılan ECO-UNIDO Təmiz Enerji Mərkəzi yalnız Azərbaycan üçün deyil, İƏT-in bütün üzv dövlətləri üçün strateji əhəmiyyət daşıyır.
2024-cü ilin ən mühüm hadisələrindən biri isə COP29 çərçivəsində SOCAR, BƏƏ-nin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavat (GVt) gücündə külək elektrik enerjisi istehsalına dair Anlaşma Memorandumunun imzalanması oldu. Layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək elektrik stansiyalarının inşası planlaşdırılır. Həmçinin bu əməkdaşlıq tərəflər arasında Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı başlanmış tərəfdaşlığın genişləndirilməsinə xidmət edir. SOCAR-ın bu addımları şirkətin bərpa olunan enerji sahəsində qlobal standartlara uyğun fəaliyyət göstərmək məqsədini gücləndirir və Azərbaycanın yaşıl enerji hədəflərinə töhfə verir.
Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji mənbələrindən 7 QVt enerji istehsal etməyi planlaşdırır ki, bunun 5 QVt-ı ixrac olunacaq. Bu, ölkənin yaşıl enerji sahəsində ixrac potensialını əhəmiyyətli dərəcədə artıracaq. Bu məqsədə çatmaq üçün Azərbaycan bərpaolunan enerji mənbələrinin inkişafı strategiyasının bir hissəsi kimi yaşıl enerji dəhlizlərinin yaradılması üzərində fəal çalışır. Hazırda Azərbaycan-Gürcüstan-Avropa dəhlizinin (Qara Dəniz Enerjisi) texniki-iqtisadi əsaslandırması hazırlanır. Həmçinin 1,5 QVt gücündə Azərbaycan-Türkiyə yaşıl enerji dəhlizinin yaradılması layihəsi də planlaşdırılır. Qara Dəniz Enerji layihəsi Xəzər dənizinin Azərbaycan sektorunda hasil edilən yaşıl enerjinin Gürcüstana, oradan isə Qara dənizin dibi ilə çəkiləcək kabel vasitəsilə Avropaya nəqlini nəzərdə tutur. Layihə çərçivəsində Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanın enerji operatorları arasında Buxarestdə fəaliyyət göstərəcək birgə müəssisənin yaradılması üçün “Səhmdar müqaviləsi” imzalanıb. Avropaya 4 QVt enerji ixracını nəzərdə tutan bu layihə üzrə texniki-iqtisadi əsaslandırmanın tamamlanması, həmçinin Fiber Optik Kabel Xətti (FOC) və Bolqarıstanın inteqrasiyası ilə bağlı məsələlər də planlaşdırılır. Naxçıvan-Türkiyə dəhlizi isə 1 QVt yaşıl enerjinin Naxçıvan üzərindən Türkiyəyə və daha sonra Avropaya ixracını hədəfləyir. Bu istiqamətdə “Azərenerji” ASC və Türkiyənin TEİAŞ şirkəti arasında yol xəritəsi imzalanıb. Şərqi Zəngəzur, Qarabağ və Naxçıvanda bərpa olunan enerji sahəsində yeni layihələr üzərində iş aparılır.
Azərbaycan Mərkəzi Asiya ölkələri ilə də enerji sahəsində əməkdaşlığı genişləndirir. Qazaxıstan və Özbəkistan müvafiq olaraq 7 QVt və 5 QVt-a qədər “yaşıl enerji” ixrac etməyi planlaşdırır. İlin sonunda Azərbaycan, Qazaxıstan və Özbəkistan “Yaşıl Dəhliz Birliyi” adlı Birgə Müəssisənin Bakıda təsis edilməsi ilə bağlı sənədlər imzalayıblar. Bu qurum Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi layihəsi çərçivəsində yaşıl enerjinin Avropaya ixracı və regionda bərpaolunan enerji layihələrinin inkişafını dəstəkləmək məqsədilə yaradılıb. Bu enerji Azərbaycanın Qara dəniz kabeli vasitəsilə Avropaya çatdırılacaq. Azərbaycan bu layihə ilə üç regionu birləşdirərək mühüm regional enerji mərkəzinə çevrilməyi hədəfləyir.
Bir sözlə, yaşıl enerji sahəsində görülən işlər Azərbaycanın bu istiqamətdəki ciddi məqsədlərinin sübutudur. Layihələrin uğurla həyata keçirilməsi ölkəni beynəlxalq enerji bazarında daha güclü mövqeyə sahib edəcək və qarşıya qoyulan hədəflərə nail olunmasına zəmin yaradacaq.
Sevinc Azadi, “İki sahil”