21 yanvar 2025 15:32
117

Əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur, özünüməşğulluq təşəbbüsləri dəstəklənir - Adil Vəliyev

Ölkəmizdə son illər ərzində sığorta-pensiya sisteminin özünəməxsus xüsusiyyətlərinin qorunması ilə yanaşı, ilk növbədə vətəndaşların sosial rifahının üstün tutulması bu sahədə görülən işlərin təməl prinsipini təşkil edir.

“İki sahil” xəbər verir ki, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.

Şöbə müdiri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən "Əmək pensiyaları haqqında" qanunda nəzərdə tutulan dəyişiklik də qeyd olunan müsbət proseslər çərçivəsində hazırlanıb. Layihədə təklif edilən dəyişikliyə əsasən əmək pensiyasının minimum məbləği 2025-ci il fevralın 1-dən 320 manat məbləğində müəyyən olunur.

Adil Vəliyev əlavə edib ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planı”nın icrası çərçivəsində hazırlanıb. Layihənin əsas məqsədi əlilliyi olan şəxslərin vergi inzibatçılığının sadələşdirilməsi və onların özünüməşğulluq təşəbbüslərinin dəstəklənməsidir. Şöbə müdiri vurğulayıb ki, layihə ilə əl işlərinin satışını həyata keçirən əlilliyi olan şəxslər üçün yeni vergilər müəyyən olunmur: “Hazırda Vergi Məcəlləsində mövcud vergi rejimləri bu kateqoriyadan olan şəxslərin vergi orqanlarında qeydiyyata alınması şərti ilə tətbiq olunacaq”.