Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva 2025-ci il üçün İstanbul Konsullar Korpusunun (İstanbul Consular Corps-İCC) yeni dövr sədri seçilib. Baş konsulumuzun sədrliyi ilə İCC-nin ilk tədbiri olaraq İstanbulda ağacəkmə aksiyası keçirilib.
“İki sahil” xəbər verir ki, tədbir İstanbul Konsullar Korpusu-İCC və Bizim Dünyamız Fondunun əməkdaşlığı, İstanbul Meşəçilik Bölgə Müdirliyinin ev sahibliyi ilə təşkil olunub.
Şəhərin Arnavurköy rayonunda yerləşən meşəlik ərazidə təşkil edilən tədbirdə Avstraliya, Niderland, Hindistan, Sudan kimi bir sıra ölkədən İstanbulda akkreditə olunmuş baş konsullar iştirak ediblər.
Ağacəkmə aksiyasında Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Bizim Dünyamız Fondunun rəhbəri Kahraman Halisçelik, İstanbul Meşəçilik Bölgə müdirinin müavini Erdal Şahan, diplomatik korpusun nümayəndələri və digərləri iştirak ediblər.
Tədbirdə çıxış edən Nərminə Mustafayeva iştirakçı ölkələrin nümayəndələrinə təşəkkürünü ifadə edib, aksiyanın bəşəri ekoloji problemlər baxımından bütün dünya adına böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Kahraman Halisçelik çıxışında Azərbaycanda keçirilən COP29-u xatırladaraq, baş konsulumuzun təşəbbüsü ilə keçirilən bu tədbirin qlobal ekoloji problemlərlə mübarizədə əhəmiyyətini vurğulayıb.
Sonra baş konsulları tərəfindən təmsil olunan hər ölkə adına bir ting əkilib. Aksiya çərçivəsində ümumilikdə təxminən 51 hektar ərazidə 78 minə yaxın ting əkiləcək.