22 yanvar 2025 15:49
99

Azərbaycana meymunçiçəyi virusuna qarşı lazımi dərman preparatları gətirilib - Nazirlik

Meymunçiçəyi virusuna qarşı peyvəndlər ümumiyyətlə çiçək xəstəliyinə qarşı hazırlanan peyvəndlərdən alınır, çünki iki virus genetik cəhətdən çox oxşardır.

“İki sahil” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda nazirliyin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb.

Onun sözlərinə görə, Beynəlxalq səhiyyə təşkilatları tərəfindən aparılan araşdırmalar göstərir ki, çiçək xəstəliyinə qarşı hazırlanan vaksinlər həm də meymunçiçəyi xəstəliyinə qarşı effektiv qorunmanı təmin edir:

“Bu çiçək peyvəndləri eyni ailədən olan ortopoksvirusları hədəf aldığından, meymun çiçəyi virusuna qarşı immun reaksiyası da yarada bilər. Bu vaksinlər epidemiya riski olan ərazilərdə və ya virusa məruz qalma ehtimalı olan insanlarda qorunmanı təmin etmək üçün istifadə olunur. Peyvəndlər həm xəstəliyin yayılmasının qarşısını almaqda, həm də yoluxma halında xəstəliyin şiddətini azaltmaqda mühüm rol oynayır”.

Mütəxəssis-ekspert bildirib ki, ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib:

“Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə isə, vaksinlər istehsal olunur və yalnız bu virusa endemik ölkələrə paylanılır. Qeyd etmək lazımdır ki, Azərbaycan endemik ölkələr siyahısına daxil deyil”.