22 yanvar 2025 19:05
109

Adını tarixə əbədi həkk etdirən qəhrəman

Xətai rayonundan olan şəhid zabit Elvin Şükürlünün xatirəsi ehtiramla anıldı

Yanvarın 22-də 2 saylı Fəxri və Şəhidlər xiyabanında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunu, Bakının Xətai rayonundan olan şəhid leytenant Elvin Azad oğlu Şükürlünün anım tədbiri keçirildi.

Anım tədbirində iştirak edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev,  Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, Xətai rayon ictimaiyyətinin nümayəndələri, Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları, Elvin Şükürlünün xidmət etdiyi hərbi hissənin zabitləri və ailə üzvləri qəhrəman zabitin məzarını ziyarət etdilər,  şəhidin  ruhuna dualar oxudular, valideynlərinə və ailə üzvlərinə minnətdarlıq ifadə etdilər.

Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək diqqətə çatdırdı ki, qırx dörd günlük İkinci Qarabağ müharibəsi dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın dəmir yumruq şəklində birliyi sayəsində Azərbaycanın hərbi və siyasi Qələbəsi ilə başa çatdı. Bu Zəfərimiz dünyaya haqqın, ədalətin, beynəlxalq hüququn kimin tərəfində olduğunu çatdırmaqla yanaşı, bu torpaqların əsl sahibinin kimliyini nümayiş etdirdi. Bu Qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi, yeni tarix yazıldı. 
R.Quluyev ölkəmizdə şəhidlərin xatirəsinin əziz tutulduğunu, şəhid ailələrinə dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini vurğuladı: ”Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirik”.

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki,  İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı Anar Mirzəyev bildirdi ki, Vətən müharibəsi xalqımızın kimliyini, Azərbaycan dövlətinin gücünü təsdiqlədi, nüfuzunu artırdı: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Sərkərdəliyi ilə rəşadətli ordumuz işğalçı Ermənistan üzərində möhtəşəm Qələbə qazandı. Ali Baş Komandanımızın düşünülmüş strategiyası, siyasi iradəsi və qətiyyəti sayəsində ordu ilə xalqın sarsılmaz birliyi sayəsində qazanılan tarixi Zəfərimiz heç vaxt unudulmayacaq.”

Çıxış edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov Vətən üçün igid zabitlər tərbiyə etdiklərinə görə şəhidin valideynlərinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, şəhidlərimizin yaxınları üçün ən böyük təsəlli onların öz canlarını Vətən uğrunda qurban vermələridir: “Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi, eyni zamanda, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı".

Xətai Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov qeyd etdi ki, tarixi Zəfər nəticəsində torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin bu tarixi Qələbənin qazanılmasında nümayiş etdirdiyi qətiyyətli mövqe xalqımıza, o cümlədən hər birimizə böyük qürur hissi yaşatdı. Bu Qələbənin qazanılmasında şanlı və qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu danılmazdır. Ona görə də bütün Azərbaycan xalqı Vətənin xilaskarı olan bu insanları və Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizi həmişə minnətdarlıq hissi ilə xatırlayacaq. Eyni zamanda, qalib dövlət olaraq Azərbaycanın qarşısında yeni hədəflər dayanır. Ölkəmiz bu hədəflərə çatmaq üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə inamlı addımlar atır və bundan sonra da atacaq.

Elvin Şükürlünün atası  Azad Şəkərov ölkəmizdə şəhidlərin xatirəsinə və şəhid ailələrinə göstərilən ehtiram, diqqət və qayğı üçün Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Müdafiə Nazirliyinin və Xətai Rayon İcra Hakimiyyətinin rəhbərliyinə ailələri adından minnətdarlığını bildirdi.

Xətai rayonundakı 221 nömrəli  məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirdilər.

Din xadiminin şəhidlərin ruhuna oxuduğu dualarla anım tədbiri sona yetdi.

Leytenant Elvin Şükürlünün qısa, lakin şərəfli ömür yoluna nəzər salaq. O, 1997-ci il iyunun 14-də Füzuli rayonunda anadan olub. Əslən Cəlilabad rayonundan olsalar da, atası Füzulidəki hərbi hissələrdən birində xidmət edib.  Ona görə də ailə Füzuli rayonunda yaşamalı  olub. Elvinin hərbi sahədə ilk addımı 2011-2014-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil almaqla başlayır. 2014-2018-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində "motoatıcı" ixtisası üzrə təhsil alır. Leytenant hərbi rütbəsini aldıqdan sonra "N" hərbi hissəsində taqım komandiri kimi xidmətə başlayır. Vətən müharibəsinin ilk günündən ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə Kəlbəcər istiqamətində döyüş postlarından birinin alınmasında iştirak edir. Vətən müharibəsinin ilk günündən ön sıralarda olan Elvin Şükürlü döyüş yoldaşları ilə birlikdə Kəlbəcər istiqamətində döyüş postlarından birinin alınmasında iştirak edir. İki gündən sonra savaşçılarımız sentyabrın 28-də postu geri almağa cəhd edən düşmənin əks-hücumu ilə üzləşirlər. Yüksəklik uğrunda gedən qızğın döyüşlər zamanı Elvin Şükürlü aldığı güllə yarasından şəhidlik zirvəsinə ucalır. Şəhid leytenant yanvarın 22-də II Fəxri xiyabanda torpağa tapşırılır.

Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə Elvin Şükürlü ölümündən sonra “Rəşadət" orden”, "Vətən uğrunda" və "Kəlbəcərin azad olunmasına", “İgidliyə görə” medalları ilə təltif edilib.

Atası Azad Şəkərov, ehtiyatda olan kapitandır, Qarabağ müharibəsi iştirakçısı və veteranıdır.

Qardaşı Elnur Şükürlü Azərbaycan Ordusunun zabitidir.

Allah rəhmət eləsin!

Yaqut Ağaşahqızı, "İki sahil"