23 yanvar 2025 00:57
93

Azərbaycan dünya liderləri səviyyəsində - Davos-2025

Prezident İlham Əliyev Forumda ölkəmizin gələcək inkişafı üçün məhsuldar danışıqlar aparır

Azərbaycan 55-ci Davos Forumuna hansı nailiyyətlərlə gedib və ondan gözləntisi nədir? Bu suala qısa cavab vermək mümkün deyil. Ancaq lap yığcam tərzdə belə ifadə etmək olar ki, Forum Azərbaycan üçün həm beynəlxalq əməkdaşlıq platforması, həm də strateji hədəfləri reallaşdırmaq nöqteyi-nəzərindən ən yaxşı fürsətdir. Bu qlobal tədbirdə irəli sürülən təşəbbüslər və layihələr Azərbaycanın gələcək inkişafına mühüm töhfələr verə bilər.

Bu mənada deyə bilərik ki, forum sadəcə dünya liderlərinin bir araya gəldiyi görüş yeri deyil. O, enerji, logistika, ekologiya, iqtisadiyyt və texnologiya sahələrində əsas oyunçu kimi öz mövqeyini gücləndirmək üçün meydandır. Qlobal dəyişikliklər və qeyri-sabitlik dövründə Azərbaycan göstərir ki, hətta nisbətən kiçik bir ölkə belə dünya arenasında mühüm rol oynaya bilər. Bunun üçün sabit inkişaf və gələcəyə real baxış, dünya öıkələri ilə  faydalı əməkdaşlıq və məqsədli addımlar atılması  əsas şərtdir. Yoxsa Davos yalnız boş müzakirələr aparmaq üçün bir məkan deyil, əsasən təşəbbüsləri, yenilikləri, iqtisadi-mədəni layihələri reallığa çevirmək üçün böyük və unikal bir imkandır.

Artıq illərdir ki, Azərbaycan terrorçuluğa öz qarşı barışmaz mübarizəsini və  öz sülhməramlı niyyətini nümayiş etdirir. Bir çox dövlətlərin başçıları Azərbaycanın bu addımlarını yüksək qiymətləndiriblər və indi də qiymətləndirirlər. Ermənistanın işğalından azad edilmiş Qarabağın uğurla reinteqrasiyası, dağıdılmış infrastrukturun bərpası və sülh təşəbbüslərinin irəli sürülməsi bir çoxları üçün nümunə olub. Ukraynaya humanitar yardım göstərilməsi və ya münaqişə nəticəsində dağıntıya məruz qalmış bölgələrin bərpasında iştirak kimi vasitəçilik missiyalarına qatılmaq Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini daha da gücləndirir. Məsələn, Fransanın müstəmləkə əsarəti altında əzilən Cənubi Afrikanın məzlum xalqları Azərbaycana öz xilaskarı kimi baxırlar. Çünki Azərbaycan bu xalqlara təmənnasız maddi və mənəvi yardım göstərir.

Avropanın enerji təhlükəsizliyində də Azərbaycanın mövqeyi getdikcə güclənir. 2024-cü ildə Cənubi Qaz Dəhlizi vasitəsi ilə 12 milyard kubmetr qaz ixrac edən Azərbaycan Avropa İttifaqı ölkələrinin Rusiyanın enerji mənbələrindən asılılığını azaltmaq üçün əsas vasitəyə çevrilib. Davosda müzakirə edilən yeni razılaşmalar, qaz təchizatını artırmaqla yanaşı, ixrac coğrafiyasını genişləndirə bilər ki, bu da Azərbaycanı Avropa üçün əvəzolunmaz tərəfdaşa çevirəcək. Çünki dünya ölkələri yanacaq qıtlığı ilə qətiyyən qarşılaşmaq istəməz və enerji çatışmazlığını böyük problem hesab edirlər. Azərbaycan isə on Avropa ölkəsini bu problemdən xilas edir. Təbii ki, bu sahədə Azərbaycan Prezidenti İlham Əliyevin mövqeyi beynəlxalq səviyyədə dəstəklənir və ölkəmizə hörmət qazandırır.

Beynəlxalq təşkilatların məlumatına görə, ekstremal hava şəraiti və iqlim dəyişikliyi 2025-ci ilin əsas qlobal təhdidlərindən biridir. Quraqlıq və səhralaşmanın kənd təsərrüfatı istehsalına təhlükə yaratdığına görə Azərbaycanda da bu məsələlər xüsusilə aktuallıq kəsb edir. Son illər Xəzər dənizində suyun səviyyəsinin getdikcə aşağı düşməsi barədə həyəcan təbili çalınmaqdadır. Min hektarlarla torpağımız şoranlaşma səbəbindən əkinə yarasız vəziyyətə düşüb.  Yaşıl İqlim Fondundan (Green Climate Fund) maliyyə resurslarının cəlb edilməsi Qarabağ və Şirvan regionlarında meşələrin bərpası və su ehtiyatlarının idarə olunması layihələrini reallaşdırmağa kömək edə bilər. Eyni zamanda, Azərbaycan Xəzər dənizinin ekosisteminin qorunması və transsərhəd su ehtiyatlarının idarə olunması kimi regional ekoloji təşəbbüslərdə də əsas rol oynaya bilər. Bu, regionda ölkəmizin ekoloji sahədə məsul və fəal bir oyunçu kimi beynəlxalq nüfuzunu daha da gücləndirəcək.

Forum Azərbaycan üçün öz potensialını nümayiş etdirmək və beynəlxalq tərəfdaşlıq əlaqələrini genişləndirmək üçün bir meydandır. Hazırda dünyada çox müzakirə edilən yaşıl enerji, tranzit və texnologiyalar sahəsindəki nailiyyətlərin vurğulanması Azərbaycanın beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasının göstəricisidir. Bu sahədə Azərbaycan dünya ölkələrinə nümunə olan dövlətdir. Azərbaycanın Davos-2025-də fəal iştirakı, qlobal əməkdaşlıq platformasına çevrilərək ölkənin strateji hədəflərinin reallaşması üçün mühüm bir qapı açır. Bu Forumda irəli sürülən təşəbbüslər yalnız Azərbaycanın iqtisadi inkişafına deyil, həm də beynəlxalq aləmdə siyasi-ictimai mövqeyinin güclənməsinə əhəmiyyətli təkan verəcək.

Davos Forumu həm də Azərbaycanın zəngin mədəni irsini dünyaya təqdim etmək üçün əlverişli imkandır. Milli incəsənətimizin, musiqimizin, folklorumuzun, mətbəximizin və digər ənənələrimizin nümayiş etdirilməsi, ölkənin beynəlxalq arenada mədəni imicinin formalaşmasına xidmət edir. Bu cür təşəbbüslər təkcə diplomatik əlaqələri gücləndirməklə kifayətlənmir, həm də Azərbaycanı mədəni və turizm mərkəzi kimi tanıdaraq onun cazibədarlığını artırır. Qarabağın və Şərqi Zəngəzurun bərpası fonunda qədim Azərbaycan tarixinin, ədəbiyyatının, qədim ənənələrimizin, mədəniyyətimizin dünyaya tanıdılması, Cənubi Qafqazda ölkənin regional lider kimi mövqeyini daha da möhkəmləndirir.

Avropada və Cənubi Qafqaz regionunda enerji liderliyi, Qarabağın uğurlu inteqrasiyası və Asiya, Afrika və Avropa ilə tərəfdaşlıqların genişləndirilməsi uzunmüddətli inkişaf üçün möhkəm zəmin yaradır. Azərbaycan bu platformadan istifadə edərək, etibarlı tərəfdaş və regional lider kimi özünü təqdim etməyə tam hazırdır. Bu ölkə yalnız öz problemlərini həll etməklə kifayətlənmir, həm də qlobal sabitliyə və rifaha töhfə verməyə qadir olduğunu göstərir. Azərbaycan dünyanın bir çox kasıb ölkələrinə 140 milyon manat yardım etməsi xalqımızın humanizmini bütün dünyaya sübut edir. Qeyd etdyimiz faktlar göstərir ki, əldə edilən böyük qələbələr Prezident İlham Əliyevin düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Ancaq ölkəmizin inkişaf sürəti deməyə əsas verir ki, Azərbaycan hələ çox nailiyyətlərə imza atacaq, öz inkişafının ən yüksək pilləsinə yüksələcək. Məhz bu məqsədlə dövlətimizin rəhbəri Davosda  dünyada tanınmış transmilli şirkətlərin prezidentləri, dövlət xadimləri və nazirlərlə bir sıra görüşlər keçirir, danışıqlar aparır. Dediyimiz kimi, bütün bunlar ölkəmizin dayanıqlı inkişafına, Azərbaycan xalqının rifahına və təhlükəsiz həyatına zəmin yaradacaqdır.

Vəli İlyasov, “İki sahil”