22 yanvar 2025 23:11
86

Alim olmaq asandır, adam olmaq çətin, Cəmil Həsənli!

“Milli Şura”nın rəhbəri Cəmil  Həsənli sosial mediadakı növbəti “nağılı” ilə ictimai rəylə manipulyasiya etməyə cəhd göstərsə də  növbəti dəfə uğursuzluğa düçar olub. O, XX əsrin 50-80-ci illərində respublikamızda baş verən hadisələrlə bağlı cəfəngiyyat dolu cızma-qarasında tarixi faktları təhrif etməklə öz saxtakar mahiyyətini bir daha ortaya qoyub.

Əlbəttə, biz C.Həsənlinin tarixi reallıqdan uzaq, hadisələrə şəxsi prizmasından yanaşaraq onları təhrif etməsinə, ağa qara deməsinə bundan əvvəl də dəfələrlə şahidlik etmişik. Buna görə də onun dünən sosial şəbəkə seqmnetlərindəki yazısı heç birimizi təəccübləndirmədi. Nəinki tarixçi alimlər, hətta tarixlə uzaqdan-yaxından az-çox maraqlananlar bilirlər ki, bu başabəla milli şuraçı-“alim” fantastik uydurmaları, faktlarla manipulyasiyaları çox sevir. Bu “sevginin” təsirindəndir ki, C. Həsənli durub-dayanmadan, davamlı olaraq tariximizin qürur duyduğumuz səhifələrini mənəviyyatsızcasına qaralayır, üzdəniraq “tədqiqatları” ilə tarixçi alimə yaraşmayan addımlar atır.

Başqalarını yalan danışmaqda ittiham edən, saxtakarlıqda mahir olan C.Həsənlinin məlum  cızma-qarasında 1978-ci ildə Azərbaycan SSR-in Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsini inkar etməsi, faktları qərəzli uydurmalarla əvəzləməsi, sözün əsl mənasında nihilizmin, mənəvi iflasın, məkrin və vicdansızlığın növbəti nümayişidir.  Həşəmətli “alim” yazır: “Bir “ziyalı” ağzı köpüklənə köpüklənə televiziya ekranından xalqa yalan püskürüb deyir ki, Ulu Öndər öz karyerasını risk altında qoyaraq 1978-ci ildə Azərbaycan SSR-in konstitusiyasına Azərbaycan dilini dövlət dili kimi daxil edib. Gedib sənədləri qaldırıb görürsən ki, 1978-ci konstitusiyası qəbul olunanda Azərbaycan dili 22 il idi ki, (1956-cı ildən), Respublika konstitusiyasına əlavə edilmişdi. SSRİ-də 1977-ci Konstitusiyası hazırlananda respublikalarda yerli konstitusiyaları hazırlayan komissiyalar yaradıldı.  O cümlədn 1977-ci ilin iyul ayının 7-də Heydər Əliyev başda olmaqla 43 nəfərdən ibarət belə bir komissiya Azərbaycanda da yarandı. Komissiyanın hazırladığı Konstitusiya layihəsi 1978-ci ilin mart ayının 24-də Respublika mətbuatında dərc edilib “ümumxalq” müzakirəsinə verildi. Respublika Ali Sovetinin sessiyasında Heydər Əliyev bildirdi ki, “Azərbaycan SSR-in milli dövlət və inzibati-ərazi quruluşu” fəslinə dil haqqında xüsusi maddə əlavə etmək məqsədəuyğun sayılır. Yeni əlavə edilən 73-cü maddədə deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”.

Belə yerdə deyiblər: “Alim olmaq asandır, adam olmaq çətin”. C.Həsənli kimilər yaxşı bilirlər ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə dilimizin inkişafına xüsusi önəm verilib, bu istiqamətdə müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul olunub. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Lider deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.

Tarixi gerçəklik isə ondan ibarətdir ki, Azərbaycanda Sovet hakimiyyəti yaradıldıqdan sonra, yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə əlavə edilsə də, bu qərar uğurlu olmayıb. Nəhayət, respublikanın 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil edilib.

Əsl gerçəklik budur. C.Həsənliyə isə bir daha xatırltmaq istərdik ki, tarixi həqiqətləri danmaq, ona qara yaxmaq, gerçəkləri olduğu kimi yazmamaq iyrənc, saxtakarlıq olduğu qədər, həm də tarixə xəyanətdir. Tarix isə çirkabı, saxtakarlığı, yalanı sevmir, xəyanəti qəbul etmir və bağışlamır.

Zahid Rza, “İki sahil”