22 yanvar 2025 23:47
100

Britaniya NATO-nun Baltik dənizindəki missiyası üçün iki təyyarə göndərəcək

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin (HHQ) sualtı qayıq əleyhinə və kəşfiyyat təyyarələri NATO-nun Baltik dənizində keçirdiyi “Baltic Sentry” (“Baltik keşikçi”) missiyasında iştirak edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin İcmalar Palatasında çıxışı zamanı ölkənin müdafiə naziri Con Hili bildirib.

“Bu gün təsdiq edə bilərəm ki, Britaniya HHQ “P-8 Poseidon” sualtı qayıq əleyhinə və “RC-135W Rivet Joint” kəşfiyyat təyyarələrini Baltik dənizində sualtı infrastrukturun qorunması üçün nəzərdə tutulmuş NATO-nun “Baltic Sentry” missiyasına göndərəcək”, - Hili deyib.

Daha əvvəl NATO Baş katibi Mark Rutte alyansın Baltikyanı ölkələrinin Helsinkidə keçirilən sammitinin yekunlarına dair mətbuat konfransında “Baltic Sentry” missiyasının başladıldığını elan etmişdi. Əməliyyatda həmçinin alyans ölkələrindən olan freqatlar və dəniz patrul təyyarələri də iştirak edəcək. Missiya dekabrın 25-də Finlandiya və Estoniya arasında sualtı kabelin zədələnməsinə cavab olaraq başladılıb.