Cənubi Koreyanın hərbi kəşfiyyatı Koreya Xalq Demokratik Respublikasının (KXDR) Rusiyaya əlavə qoşunlar göndərmək üçün hazırlığı sürətləndirdiyini bəyan edib.
“İki sahil” “Yonhap” agentliyinə istinadla xəbər verir ki, Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahı məsələyə dair açıqlama yayaraq, Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfdən vuruşmaq üçün 4 ay əvvəl göndərilmiş ilk hərbçilər arasında çoxsaylı itkilər və əsirlərin olmasına baxmayaraq, Pxenyanın yenidən Rusiyaya hərbçilər göndərməyə hazırlaşdığını açıqlayıb.
Qeyd edək ki, Seul və Vaşinqton Şimali Koreyanı Rusiyaya təxminən 11 min nəfərlik qoşun göndərməkdə ittiham edir. Cənubi Koreya kəşfiyyatı döyüşlərə cəlb olunan şimali koreyalı hərbçilərdən ən azı 300-nün öldüyünü, 2700 nəfərinin isə yaralandığını düşünür.
Ukrayna tərəfi döyüşlər zamanı 2 koreyalı əsgərin əsir götürüldüyünü açıqlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski əsir götürülən əsgərləri Şimali Koreyaya təhvil verməyə hazır olduğunu bildirib. O, əsirlərin qaytarılmasına şərt olaraq KXDR lideri Kim Çen Inın Rusiyada əsirlikdə olan ukraynalı hərbçilərin dəyişdirilməsinə nail olmasını istəyib.