Yanvarın 31-də Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iclasda qonaq qismində iştirak edib.
İclasda çıxış edən Ə.Əsədov AZAL-a məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra axtarış-xilasetmə əməliyyatının aparılmasında operativ reaksiyaya, həmçinin fəlakətin səbəblərinin araşdırılmasında göstərdiyi köməyə görə Qazaxıstan hökumətinə minnətdarlığını bildirib.
Baş nazir qeyd edib ki, Azərbaycanın Avrasiya İqtisadi İttifaqının (Aİİ) üzvü olan tərəfdaşları ilə əlaqələri artıq 30 ildən çoxdur möhkəm dostluq və qarşılıqlı hörmət ənənələri əsasında uğurla inkişaf edir.
Vurğulanıb ki, qarşılıqlı səfərlərin və təmasların intensivliyi müxtəlif səviyyələrdə ikitərəfli dialoqun müsbət dinamikasından xəbər verir.
Ə.Əsədov bildirib: “Bu gün qarşılıqlı fəaliyyətimiz müxtəlif sahələrdə çoxsaylı qarşılıqlı faydalı layihələrlə zəngindir. İqtisadi-ticari əməkdaşlığın müsbət dinamikası xüsusi məmnunluq doğurur. Ötən il Azərbaycanın Aİİ ölkələri ilə ticarət dövriyyəsi 14 faizdən çox artıb”.
İnvestisiya əməkdaşlığının yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. “Ölkələrimiz arasında böyük investisiya layihələri paketi həyata keçirilir. Bəzi tərəfdaşlarımızla iqtisadiyyatın müxtəlif sahələrinə qarşılıqlı investisiyaları səfərbər etmək üçün birgə investisiya fondları yaratmışıq. Bu təşəbbüs artıq öz bəhrəsini verməkdədir”, - deyə Baş nazir əlavə edib.
Bildirilib ki, Azərbaycan ənənəvi olaraq nəqliyyat-tranzit sektorunda əməkdaşlığa böyük əhəmiyyət verir. “Avropa və Asiyanın qovşağında yerləşən əlverişli coğrafi mövqeyi, eləcə də müasir infrastrukturu sayəsində Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika hablarından birinə çevrilib”, - deyə Ə.Əsədov qeyd edib.
Vurğulanıb ki, Azərbaycan ərazisindən yük axını sabit templə artır, ötən il tranzit daşımaların həcmi 8 faiz artıb.
Qeyd olunub ki, yükdaşımalarının artım dinamikasını nəzərə alaraq, Azərbaycan öz ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarının genişləndirilməsi istiqamətində fəal addımlar atır.
İclas iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan ərazisində ölkənin Aİİ-dəki tərəfdaşlarına onların tranzit ehtiyaclarını ödəmək üçün həvəslə təqdim etdiyi dəmir yolu və avtomobil yolları infrastrukturunun təkmilləşdirilməsi istiqamətində mütəmadi əsasda iş aparılır.
Baş nazir çıxışının sonunda Azərbaycanın Aİİ üzvü olan tərəfdaşları ilə bütün sahələrdə əməkdaşlığı artırmaq üçün bundan sonra da bütün lazımi səyləri göstərməyə hazır olduğunu bildirib.