31 yanvar 2025 23:16
95

Dünyada nümunə göstəriləcək yol infrastrukturu

İşğaldan azad edilmiş ərazilərdə modern yol-nəqliyyat şəbəkəsi yaradılır

Son illər reallaşdırılan inkişaf göstəricilərindən və mühüm nailiyyətlərdən biri modern və ən qabaqcıl standartlara cavab verən kompleks yol-nəqliyyat infastrukturunun formalaşdırılmasıdır. Yol-nəqliyyat kompleksinin mühüm əsas tərkib hissəsi kimi avtomobil yollarında da böyük dəyişikliklər baş verib. Təsadüfi deyil ki, yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramları çərçivəsində aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanın yol infrastrukturu dünyada nümunə göstəriləcək səviyyəyə qalxıb.

Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev bildirib ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib: “Bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyil. Hazırda bizim ərazimizdən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri keçir. Bu dəhlizlər üzrə daşınan yüklərin həcmi ildən-ilə artır. Yüklərin daha səmərəli daşınması üçün fiziki infrastrukturla yanaşı, digər addımlar da atılır, o cümlədən rəqəmsallaşma məsələlərinə diqqət göstərilir. Qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaradılmışdır və ortaq müəssisələr, müştərək müəssisələr qurulmuşdur. Bir sözlə, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir.”

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) “İki sahil”ə verilən məlumata görə, son 20 il ərzində ölkədə 6593,7 km respublika əhəmiyyətli, 11643,6 km yerli əhəmiyyətli, 2529,8 km Bakı şəhər yolları olmaqla 20 767,1 km uzunluğunda  yeni yollar salınıb və təmir edilib. Beynəlxalq standartlara cavab verən, müasir texnologiyalar əsasında, orijinal dizaynda 335 körpü və yol ötürücüsü tikilib, 56-sı təmir edilib, 163 yeraltı və yerüstü piyada keçidi və 45 tunel inşa edilib.

Yol-nəqliyyat infrastrukturunun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində aparılan kompleks tədbirlər nəticəsində həm ölkə əhəmiyyətli, həm də şəhər, rayon, qəsəbə və kənddaxili yollar müasir səviyyədə yenidən qurulur. Sözsüz ki, bu da öz növbəsində, rahat gediş-gəlişi təmin etmək, yük və sərnişin daşınmasını asanlaşdırmaqla vətəndaşların həyat şəraitini daha da yaxşılaşdırır. Yeni salınan yol qurğuların istismara verilməsi nəqliyyat sistemində sıxlıq və tıxacların aradan qaldırılması, vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsinin təmin edilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.

Bu gün işğaldan azad edilmiş ərazilərdə ən modern yol infrastrukturu yaradılır. Dövlətimizin başçısı adıçəkilən müşavirədə vurğulayıb ki, azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir: “3400 kilometrə yaxın avtomobil yolu - hələlik cəmi 44 avtomobil yolu layihəsi icra edilib, ya da ki, icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Bu, sadəcə olaraq, əsas layihələrdir ki, mən ictimaiyyətin diqqətinə çatdırıram və bu rəqəmlər hər şeyi deyir, hər şeyi göstərir. Göstərir ki, hansı ölçüdə biz nəqliyyat layihələrini icra etmişik. Əgər biz bunları icra etməsəydik, bu gün həm Bakı şəhəri, həm digər şəhərlər, həm də ümumiyyətlə, ölkə şəhərləri arasındakı bağlantılar bizim nəqliyyat imkanlarımızı tamamilə iflic vəziyyətinə sala bilərdi.”

AAYDA-dan “İki sahil”ə verilən məlumatda, həmçinin bildirilir ki,  2020-2024-cü illərdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, həmçinin dövlət başçısının sərəncamları əsasında 44 avtomobil yolu layihəsinin tikintisi yerinə yetirilir. Sözügedən Dövlət Proqramına uyğun olaraq indiyədək reallaşdırılan layihələr üzrə ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39.7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb:

1. Tərtər-Suqovuşan-Talış avtomobil yolu - 28,5 km;

2. “Zəfər Yolu” - 101 km;

3. Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu - 22 km;

4. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu - 22 km;

5. Bərdə-Ağdam avtomobil yolu - 44,5 km;

6. Füzuli-Hadrut avtomobil yolu - 12,3 km;

7. Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 km-lik hissəsi - 61,4 km.

Dövlət Proqramının icrası çərçivəsində tikintisi davam edən bir sıra layihələrin 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulur:

1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu - 81,7 km, 4 hərəkət zolaqlı;

2. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu - 39,7 km, 4 hərəkət zolaqlı;

3. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu - 70,4 km, 4 hərəkət zolaqlı;

4. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu - 81,8 km, 2-4 hərəkət zolaqlı;

5. Kəlbəcər-Laçın avtomobil yolu - 75,6 km, 2-4 hərəkət zolaqlı;

6. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu - 123,6 km, 4-6 hərəkət zolaqlı;

7. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (112 km) - İranla dövlət sərhədi avtomobil yolunun (7,7 km) və Araz çayı üzərində avtomobil körpülərinin tikintisi;

8. Ağdam-Füzuli avtomobil yolu - 65,7km, 4 hərəkət zolaqlı;

9. R-33, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu - 44,8 km, 2 hərəkət zolaqlı;

10. Qubadlı-Eyvazlı avtomobil yolu - 28,5 km, 2 hərəkət zolaqlı;

11. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu - 22,3 km, 2 hərəkət zolaqlı;

12. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolu – 25.2 km;

13. Hadrut-Tuğ-Azıx avtomobil yolu - 19 km, 2 hərəkət zolaqlı;

14. Kəlbəcər və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları -1274,6 km, 2 hərəkət zolaqlı;

15. Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları – 297 km;

Dövlət Proqramına uyğun olaraq, Agentlik tərəfindən 8 şəhərin - Şuşa, Ağdam, Füzulu, Qubadlı, Zəngilan, Kəlbəcər, Cəbrayıl və Laçının daxili yollarının tikintisi işləri də icra olunur. Bundan əlavə, Prezidentin Sərəncamına əsasən, 8 kəndə gedən avtomobil yollarının və 6 rayonlararası avtomobil yollarının tikintisi işləri də aparılır.

Orxan Vahidoğlu, “İki sahil”