Prezident İlham Əliyev bildirir ki, sülh müqaviləsi ilə bağlı bütün şərtlərimiz qəbul ediləcək
"Ümid edirəm ki, sülh müqaviləsi ilə bağlı bizim bütün şərtlərimiz də qəbul ediləcək. Çünki bu şərtlərdə hər hansı bir fövqəladə məsələ yoxdur. Minsk qrupunun ləğv edilməsi, konstitusiyanın dəyişdirilməsi – bunlarsız sülh müqaviləsi mümkün deyil. Əgər Ermənistana sülh müqaviləsi lazım deyilsə, bizə də lazım deyil. Bu imzalanmadan da biz yaşaya və öz siyasətimizi apara bilərik. Yəni, mən yenə də Ermənistan tərəfinə məsləhət görərdim ki, hər şeyi yaxşı ölçüb-biçsin, o cümlədən dünyadakı geosiyasi dəyişiklikləri. Onların yaxın dostları siyasi səhnədən biabırçılıqla silinirlər.» Dövlət başçısı İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söylədiyi bu fikirlər son dörd ildə sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olan amillərin təqdimatı oldu. Düşünürük ki, Ermənistan sülh müqaviləsinin imzalanmasını istsəydi, Minsk qrupunun ləğv edilməsinə tərəfdar olduğunu anında təsdiqləyə bilər. 30 illik işğal dövründə bu qurumun fəaliyyəti görünmədisə, postmünaqişə mərhələsində yenidən dirçəldilməsinə nə ehtiyac olması sual doğurmaya bilməz. Təbii ki, Ermənistan üçün məqbuldur. Bu baxımdan ki, qurum tarixə qovuşan Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılsa da bu günədək missiyasının nədər ibarət olduğunu anlamayıb desək, səhv etmərik. Vasitəçiliyi Ermənistana dəstəkdən başqa bir şey olmayan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri problemin həllində əsas məsuliyyətin tərəflərin özünün üzərinə düşdüyünü bildirərək özlərinə qarşı bir inamsızlıq mühiti yaratdılar. Tərəflər özü çözə biləcəkdilərsə, onda Minsk qrupunun yaradılmasına ehtiyac var idimi? İlk gündən neytrallığı qorumayan Minsk qrupunun həmsədrləri sonadək bu yanlış, ən əsası Ermənistana dəstək mövqelərində qaldılar ki, işğalçının adı ilə çağırılması məsələnin həllinə mənfi təsir göstərə bilər. Bu, bitərəflilik kimi dəyərləndirilir. Amma maraqlıdır, istər işğal, istərsə də postmünaqişə mərhələsində Ermənistanın qurumun həmsədr ölkələri olan Fransa və ABŞ tərəfindən maddi və mənəvi dəstək alması, silahlandırılması birtərəflilik deyil, beynəlxalq hüququn «norma və prinsipidir"mi?
Ədalətin və beynəlxalq hüququn maraqların arxasında əriməsi dünyada etimadsızlıq mühitinin yaranmasına səbəb oldu. Azərbaycan dövləti ən yüksək tribunalardan bəyan etdi ki, beynəlxalq hüququn norma və prinsiplərinin, BMT qətnamələrinin tətbiqi üçün vahid mexanizm olmalıdır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu qəbul etdirən Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğu günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanla münasibətlərində yeni səhifənin açılmasına səy göstərən Azərbaycan tarixi Zəfərimizin ilk günündən işğalçı dövlətə sülh müqaviləsinin imzalanmasını təklif etdi. Dövlət başçısı İlham Əliyev bu çağırışla çıxış etdi ki, Azərbaycanla Ermənistan arasında sülhə doğru irəliləməliyik, mümkün olduğu qədər qısa müddətdə sülh sazişini imzalamalıyıq.
Bu gün işğaldan azad edilmiş ərazilərimiz erməni vəhşiliklərinin, vandalizminin göstəricisidir. 30 ildə bu ərazilərimizi yerlə-yeksan edən, bütün tikililəri dağıdan ermənilər bu gün həmin torpaqlarda aparılan bərpa-quruculuq işlərini böyük narahatlıq hissi ilə izləyirlər. Bir sözlə, 30 il dağıntı həyatını yaşayan ərazilərimiz dörd ildir ki, quruculuq mərhələsinə qədəm qoyub. Ermənilərin zaman-zaman Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı və deportasiya siyasəti də tarixin yaddaşlığı, zamanın hakimliyi əsasında geniş təhlil olunur, illərdir necə vəhşi millətlə üz-üzə olduğumuzu bütün dünya görür. Ermənilərin hətta tarixi Zəfərimizdən sonra Kəlbəcəri, Laçını boşaldan zaman hansı vəhşilikləri törətdikləri də dünyanın gözü qarşısında baş verdi. Erməni vəhşiliyinin dünyaya təqdimatı olan Xocalı soyqırımını unuda bilərikmi? Eyni zamanda, çox da uzaq olmayan tarixi, 44 günlük İkinci Qarabağ müharibəsində canları, qanları ilə tarix yazan şəhidlərimizi unutmağa haqqımız varmı? Ermənilərin bu vəhşiliklərinə rəğmən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təklif etdi. İlk gündən bu çağırış edildi ki, bu təklif masa üzərində uzun müddət qala bilməz. İstəmirlər heç lazım da deyil.
Dövlət başçısı İlham Əliyevin çıxışlarında bu reallıq xüsusi yer tutur ki, ermənilər ümumiyyətlə, hesab edirlər ki, bütün dünya bunlara borcludur: «Onlar bu ziyanlı və xəstə təfəkkürlə öz ölkəsini idarə etmək istəyirlər ki, kimsə gəlməlidir, bunlara mütləq kömək göstərməlidir. Bəs, siz özünüz nəyə qadirsiniz? Əgər hər zaman kiminsə ətəyindən yapışıb hansısa imtiyaz umursunuzsa, bəs, özünüz nəyə qadirsiniz? Bax, bu təfəkkür onların cəmiyyətini də demək olar ki, yanlış istiqamətə aparıb.»
İkinci Qarabağ müharibəsi onların bu yanlış düşüncələrini bir daha dünyaya çatdırdı. Ermənistanın baş naziri Nikol Paşinyanın müharibə dövründə havadarlarından necə incik düşdüyü sərsəm bəyanatlarından da aydın göründü. Hər kəsə qarşı iddialarla çıxış etməklə sanki bugünədək beynəlxalq hüququ kobud şəkildə pozan, hətta müsahibələrində açıq-aşkar onun mövcudluğunu inkar edən Nikol Paşinyan deyil, başqası idi. Paşinyan elə düşünürdü ki, müstəqilliyi formal xarakter daşıyan Ermənistanı maraqlarının icrasında bir vasitəçi kimi qəbul edən dövlətlər bütün hallarda onu dəstəkləmək imkanındadırlar.
Günümüzün reallıqları hər zaman tarixin müəyyən səhifələrini vərəqləməyə çağırış edir. Beynəlxalq hüquq, tarixi faktlar, real həqiqətlər deyilən məfhumlar vardır. Tarixi inkar edib saxta tarix yazmaq, qonşu dövlətlərə qarşı əsassız torpaq iddiası ilə çıxış edib buna nail olmaq əbədi qalib olmaq demək deyil. Ermənistan hakimiyyəti də çox yaxşı bilirdi ki, torpaqlarımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Həmin illərdə ölkəmizə rəhbərlik edən AXC-Müsavat cütlüyünün ölkədə yaratdığı ağır durum ordu quruculuğunda da özünü qabarıq şəkildə büruzə verirdi. Ordu torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəsinə xidmət edirdi. Ermənistan bu vəziyyətdən istifadə edərək torpaqlarımızı işğal etmişdi. Dövlət başçısı İlham Əliyev xalqa bütün müraciətlərində bu məqamı xüsusi qeyd edir ki, bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir. Çünki əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Bu tarixi xatırlamaqda məqsədimiz budur ki, 20 faiz torpağımız döyüş meydanında məğlub olmaqla düşmənə verilməyib. Azərbaycan xalqı daim məğrurluğu, yenilməzliyi, torpaqlarına, tarixinə sahib çıxan xalq kimi tanınıb və bu gün də tanınır. 44 günlük tarixi Zəfərimiz, bir günlük antiterror tədbirləri bir daha bu reallığa işıq saldı.
Tarixi Zəfərimizdən ötən dövrdə hadisələrin gedişinə diqqət yetirdikdə Ermənistanın tez-tez təxribatlar törətdiyi, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müxtəlif formatlarda və məkanlarda görüşlərin keçirildiyi ərəfələrdə, yaxud başa çatdıqdan sonra təxribatlara daha çox can atdıqları diqqətdən kənarda qalmayıb. Bunun üçün «Qisas», «Qətiyyətli cavab» əməliyyatlarını yada salmaq kifayətdir. Ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə qarşı hər bir addımın qarşısı qətiyyətlə alınır. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, «dəmir yumruq» yerindədir. Ermənistanda revanşist qüvvələr baş qaldırarsa 44 günlük İkinci Qarabağ müharibəsində aldıqları dərsi unutmamalıdırlar. Ermənistan və ona havadarlıq edən dövlətlər Azərbaycan Ordusunun gücünü, qüdrətini, hər zaman ərazi bütövlüyümüzün, suverenliyimizin qarantı kimi torpaqlarımızın müdafiəsinin keşiyində ayıq-sayıq dayandığının şahidi olurlar. Azərbaycanın Ermənistana sülh müqaviləsini təklif etməklə ona son şans verdiyi işğalçı dövlətə və onun dəstəkçilərinə çox yaxşı bəllidir. Sülh müqaviləsinin imzalanması ilə yeni əməkdaşlıq formatları yaranacaq ki, işğalçı dövlət bundan bəhrələnərək öz iqtisadi durumunu yaxşılaşdıra bilər.
30 ilin işğalına 44 gündə son qoymaq və bu gün Zəfərin reallıqları fonunda Qarabağda, Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işlərini, soydaşlarımızın qayıdışını görmək böyük xoşbəxtlikdir. Müzəffər Ali Baş Komandan İlham Əliyev «Azad edilmiş ərazilərə hər gələn insan öz gözləri ilə erməni vəhşiliyinin təzahürlərini görür. Əgər bu torpaq onlara məxsus idisə, nə üçün şəhərlər, kəndlər viran qoyulub, nə üçün bütün tarixi abidələr dağıdılıb? Onlar da bilirdilər ki, gec-tez biz gələcəyik, biz də bilirdik ki, gec-tez biz gələcəyik. İşğal dövründə keçmiş köçkünlərlə çoxsaylı görüşlərdə mən deyirdim ki, gün gələcək biz öz bayrağımızı Laçında, Şuşada, o vaxt işğal olunan digər şəhərlərdə qaldıracağıq» söyləməklə hər bir məsələnin həllində zaman amilini xüsusi qeyd edir.
Ermənistan hakimiyyəti Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri ciddi şəkildə diqqətə almalı və birmənalı şəkildə bilməlidirlər ki, həmin şərtlər yerinə yetirilməyəcəyi təqdirdə, sülh müqaviləsi imzalanmayacaq. Şərtlər isə sadədir. Birincisi, Ermənistan Konstitusiyasına dəyişikliyin edilməsi. İkincisi, ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi. Dövlətimizin başçısı bildirir ki, bu məsələ konsensusla həll edildiyinə görə, formal olaraq bunu Ermənistanın razılığı olmadan etmək mümkün deyil. Hərçənd ATƏT-in Minsk qrupu artıq çoxdandır fəaliyyətsizdir, amma formal olaraq mövcuddur və bizim məsələmiz ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıbsa, Minsk qrupu isə Qarabağ məsələsinin həlli üçün yaradılıbsa, onda o nəyə lazımdır? Yəni, Ermənistanın onun ləğv edilməsini, ATƏT-in Minsk qrupunun ləğv edilməsi üçün bizimlə birlikdə ATƏT-ə müraciət etməyi istəməməsi onu göstərir ki, revanşistlərin planları kifayət qədər ciddidir”.
İkinci Qarabağ müharibəsini şanlı tariximiz kimi dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev bu çağırışı da edir ki, ancaq müharibə olmaya bilərdi. Əgər Ermənistan və onun rəhbərliyi, işğalçının arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa, onların işğalçılıq siyasətini pisləsəydilər, bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkinlilik, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə bizim ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Hesab edirdi ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlaya bilər: «Mən dəfələrlə müxtəlif tədbirlərdə, eyni zamanda, Ermənistan rəhbərliyi ilə, onlara dəstək verən böyük dövlətlərin rəhbərləri ilə söhbətlər əsnasında deyirdim ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. Deyirdim ki, nə qədər gec deyil, Ermənistanı inandırın və özünüz də lazımi addımlar atın ki, bu işğala son qoyulsun. Ancaq əfsuslar olsun ki, bütün çağırışlarım, bütün xəbərdarlıqlarım havada qaldı. Sanki kimsə hesab edirdi ki, Azərbaycan xalqı bu işğalla barışmalı olacaq. Biz isə döyüş meydanında göstərdik ki, nəyə qadirik.» 44 günlük Vətən müharibəsi əyilməz ruhumuzu, Azərbaycan xalqının iradəsini, dövlətin gücünü göstərdi. Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. 2023-cü ilin sentyabrında isə suverenliyimizi bərpa etdik. Bütün bunlar dövlətimizin başçısı İlham Əliyevin «Cənubi Qafqazda Azərbaycan aparıcı iqtisadiyyatdır, aparıcı hərbi gücdür və aparıcı dövlətdir» fikirlərinin təsdiqidir.
Ölkə Prezidenti bu günlərdə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə diqqəti İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən sonra beynəlxalq gündəliyə salının Zəngəzur dəhlizinə yönəldərək bildirdi ki, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur: «Ermənistan rəhbərliyinə bir daha məsləhət görərdim ki, 10 noyabr kapitulyasiya aktını diqqətlə oxusun və orada xüsusilə dediyim o bəndə diqqət yetirsin. Yenə də deyirəm, onların dırnaqarası layihəsi Azərbaycansız tamamilə əhəmiyyətsizdir. Sadəcə olaraq, vaxt uzatmaqla məşğuldurlar, beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldurlar. Yenə də Azərbaycana qarşı müxtəlif dairələrdə çirkin kampaniyaların aparılmasına rəvac veriblər. Bunun nəticəsində faktiki olaraq bu günə qədər Azərbaycanın ayrılmaz hissəsi - Naxçıvan Muxtar Respublikası ilə bizim ən qısa və ən rahat bağlantımız yoxdur.» Cənab İlham Əliyev bu məsələyə yerli televiziya kanallarına müsahibəsində də xüsusi diqqət yönəltmişdir. «Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır» söyləyərək onu da bildirmişdir ki, onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır. Biz belə vəziyyətdə qala bilmərik. Biz Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana niyə müxtəlif, başqa yollarla getməliyik? Bizim birbaşa əlaqəmiz olmalıdır və bu əlaqə Ermənistanın suverenliyini şübhə altına qoymur. Sadəcə olaraq, onlar 10 noyabr Bəyanatının müddəalarını yerinə yetirməlidirlər: «Orada hər şey açıq-aydın göstərilib. Biz dörd ildən çoxdur ki, səbir göstəririk. Dörd ildən çoxdur istəyirik ki, bu, danışıqlar yolu ilə həll olunsun. Biz nə qədər gözləməli olacağıq və nə üçün gözləməliyik? Yəni, onlar bütün bunları nəzərə almalıdırlar. Mən bir dəfə demişəm, onlar gərək bizi əsəbləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik.»
Göründüyü kimi, Ermənistanın himayədarlarının tapşırığı ilə addım atması, daha dəqiq desək, gündə dayı axtarışı, onların maraqlarının ifadəçisinə çevrilməsi sülh müqaviləsinin imzalanması prosesinin uzanmasına səbəb olur. Dövlətimizin başçısının bəyan etdiyi kimi, Ermənistanın havadarları daim bu məsələni müzakirə etmək, öz səylərini göstərmək, deməli, yorğanı öz tərəflərinə çəkmək, vasitəçi olmaq istəyirlər. Birincisi, vasitəçi olmaq üçün sən gərək heç olmasa üzdə bitərəf olasan. Sənin qəlbində nə var, bilirik. Amma heç olmasa üzdə, diplomatik qaydalara riayət etməlisən. Bizə bu məsələdə vasitəçi lazım deyil. Biz öz məsələmizi həll etmişik. Ermənistanla sülh müqaviləsinin imzalanmasının da təşəbbüskarı biz olmuşuq. Beş məlum prinsipin də müəllifi biz olmuşuq. Sülh müqaviləsinin mətnini də biz yazmışıq, Ermənistan tərəfinə göndərmişik. İndi Ermənistan beynəlxalq hüququn normalarına riayət etmək istəyirsə, bu müqavilə imzalanacaq. İstəmirsə, yenə də bizə qarşı əsassız iddialar irəli sürüləcəksə, bu müqavilə imzalanmayacaq, ancaq Azərbaycan üçün heç nə dəyişməyəcək.
Yeganə Əliyeva, "İki sahil"