Gənclər hər bir millətin genefondunun daşıyıcısı, milli dəyərlərinin qoruyucusu, tarixi ənənələrinin davamçısı, gələcəyinin isə ən böyük dayağıdırlar.Ona görə də, savadlı,intellektual, istedadlı, sağlam düşüncəli, fəal, müasir dünyagörüşlü gənclərin yetişməsi dövlətin qarşısında duran mühüm məsələlərdəndir.
Azərbaycan gəncləri hər zaman ölkəmizin inkişafında və modernləşməsində mühüm rol oynayıblar. 2 Fevral – Azərbaycan Gəncləri Günü, cəmiyyətin enerjili və yaradıcı təbəqəsinə verilən dəyərin simvoludur. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə təsis etdiyi bu gün, gənclərin potensialını üzə çıxarmaq, onların hüquq və imkanlarını genişləndirmək, cəmiyyətə verdikləri faydaları artırmaq məqsədi daşıyırdı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafına xüsusi əhəmiyyət vermiş, onların fiziki sağlamlığı, yüksək şüuru, biliyi, əxlaqı və elmi ilə bağlı fikirlərini belə ifadə etmişdir: “Bizim xalqımızın gələcəyi gənclərdir. Gənclər isə gərək həm fiziki cəhətdən sağlam olsunlar, həm də yüksək şüura, yüksək biliyə, yüksək əxlaqa, yüksək tərbiyəyə, yüksək elmə malik olsunlar. Bunlar hamısı bir-birinə sıx bağlıdır.”
1993 – cü il, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə gənclərə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. O, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıraraq, gənc nəslə qayğını heç vaxt əsirgəmirdi.
Ümumilli Lider ölkənin gənclərinin inkişafı üçün bir çox mühüm islahatlar həyata keçirdi. Gənclərlə iş sahəsində müxtəlif dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək məqsədilə, 1994-cü il 26 iyul tarixində Heydər Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradıldı.
Ümummilli Liderin təşəbbüsü ilə 1996-cı ildən etibarən Azərbaycan gənclərinin forumları keçirilməyə başlandı. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.”
1996-cı il 22 iyun tarixində imzalanmış “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Fərmana əsasən, istedadlı gənclərə dövlət qayğısını təmin etmək məqsədilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı” yaradıldı və bu kitaba adları yazılmış gənclərə xüsusi təqaüd təsis edildi.
1999-cu il iyulun 29-da imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərmanla gənclərin inkişafı üçün daha əlverişli şərait yaradıldı. Fərmana müvafiq olaraq, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi və 9 aprel 2002-ci il tarixində Heydər Əliyev tərəfindən imzalandı. Bu qanun gənclər siyasətinin məqsədlərini, prinsiplərini, istiqamətlərini və təşkilati-hüquqi əsaslarını müəyyən edir.
Azərbaycan gənclərinin Vətənə sədaqət ruhunda tərbiyə edilməsi Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir.”
Dövlətimizin yeritdiyi strateji proqrama əsasən artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən çox azərbaycanlı gənc təhsil alırdı. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını artırmaq və dəstəkləmək üçün Heydər Əliyev ali məktəblərə qəbul imtahanlarında ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşərək, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərar qəbul etdi.
Ölkəmizdə aparılan məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə və milli düşüncəyə malik gənc nəsil formalaşmış, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində, ölkənin ictimai-siyasi həyatında gənclər aparıcı qüvvəyə çevrilmişdir.
Cənab Prezident İlham Əliyevin siyasi kursunda da xüsusi yer tutan və daim təkmilləşdirilən gənclər siyasəti gənclərin potensialından səmərəli istifadə olunmasına, milli-mənəvi dəyərlərə hörmət edən, vətənpərvər ruhda yetişən gəncliyin formalaşmasına şərait yaratmışdır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi, Gənc kadrların irəli çəkilməsi üçün “Yüksəliş” müsabiqəsinin keçirilməsi, Könüllülər hərəkatının formalaşması, 2007-ci ilin “Gənclər ili”, 2020-ci ilin “Könüllülər ili” elan edilməsi bu gün də ölkəmizdə gənclərə böyük dövlət qayğısının olmasının göstəricisidir.
Ölkəmizdə keçirilmiş və gənclərin böyük fəallıqla iştirak etdiyi tədbirlər, musiqi müsabiqələri, Birinci Avropa Oyunları başda olmaqla təşkil edilmiş idman yarışları, “Texnofest” festivalı da xüsusi qeyd olunmalıdır. “Texnofest” festivalının məqsədi milli texnologiyaların inkişaf etdirilməsinə gənclərin marağının artırılması, gənclər üçün uğurlu nümunələr təqdim edilməsi idi. Qeyd etməliyəm ki, gənclərimizin festivala axını olduqca sevindirici məqam idi. Azərbaycan gəncliyi Vətən Müharibəsində öz gücünü-qüdrətini, vətən sevgisini layiqincə sübut etmişdir, gənclərimizin həm də elmə, biliyə, müasir texnologiyalara artan marağı bizi gələcəyə daha da ümidlə baxmağa ruhlandırır.
Dövlətin gənclərə göstərdiyi dəstək və diqqət nəticəsində Azərbaycan gəncliyində öz gücünə və istedadına inam hissi artmışdır. Prezident İlham Əliyevin gənclərin potensialının reallaşmasına, onların vətənpərvər və savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn fəaliyyəti dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatda rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə və kreativ gəncliyin formalaşmasına şərait yaratmışdır.
Azərbaycan dövləti gənclərin hərtərəfli inkişafına və cəmiyyətin fəal üzvləri kimi formalaşmasına xüsusi diqqət yetirir. Bu istiqamətdə həyata keçirilən siyasət və proqramlar gənclərin potensialının üzə çıxarılmasına və onların ölkənin inkişafına töhfə verməsinə şərait yaradır.
Azərbaycanın ərazi bütövlüyünün bərpasında da gənclərimiz mühüm rol oynamışdır. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər, ölkəmizin ərazi bütövlüyünü təmin etmişdir. Müstəqillik dövründə yetişən və vətənpərvərlik ruhunda tərbiyə olunan gənclər bu tarixi hadisəni xalqımıza bəxş etmişlər.
Vətən müharibəsi dövründə gənclərimiz sosial şəbəkələrdə fəal iştirak edərək, bizə yalnız cəbhədə yox, eyni zamanda informasiya müharibəsində də üstünlük qazandırdılar.
Gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar, Azərbaycanı idman ölkəsi kimi bütün dünyada tanıdır. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev, gənclərin idmana cəlb olunmasına xüsusi diqqət ayırır.
Vətənə bağlılıq və dövlət maraqlarını hər şeydən üstün tutmaq, hər bir gəncin borcudur. Yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması və asudə vaxtlarının səmərəli təşkili məqsədilə kompleks tədbirlər həyata keçirilir.
Dövlətimiz gənclərin inkişafına və onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə xüsusi önəm verir. Gənclərimiz də öz növbəsində, dövlətin onlara göstərdiyi etimadı doğruldaraq, ölkənin inkişafına və tərəqqisinə töhfə verməyə davam edirlər.
Dövlət başçımızın təşəbbüsü ilə həyata keçirilən proqramlar gənclərin dünya səviyyəli təhsil almasını təmin edir. Bu məqsədlə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000-dən çox gənc dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil almış, “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 200 milyon manatlıq büdcə ayrılmışdır. Bu vəsaitlə 32 ölkənin 370-dən çox Universitetində Azərbaycan gənclərinin təhsil alması təmin edilmişdir.
“2022-2028-ci illər üçün Dövlət Proqramı” əsasında hər il 500 – ə yaxın gənc xarici ölkələrin nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyələrində təhsil alır.
Ötən il gənclərin inkişafı üçün genişmiqyaslı fəaliyyətlər həyata keçirilmişdir. Belə ki, hərbi vətənpərvərlik, yaradıcılıq, robototexnika və digər sahələri əhatə edən 43 düşərgə təşkil olunmuş, 3 395 gənc bu tədbirlərdə iştirak etmişdir. “Şahin” hərbi-idman oyunları, Beynəlxalq Elm Olimpiadası və “Mən Cazmenəm” Bakı Caz Festivalı kimi 182 tədbirə 23 844 gənc qatılmışdır.
Bununla yanaşı, Lənkəran şəhərində keçirilmiş 41 tədbirə 15 000-dən çox gənc qoşulmuşdur. Gənclərin ekoloji maarifləndirməsi üçün də bir sıra tədbirlər həyata keçirilmişdir. “Gənc İqlim Elçiləri” proqramı və “İqlim Həftələri” çərçivəsində 45 000 gənc maarifləndirici tədbirlərdə iştirak etmiş, 5 592 ağac əkilmişdir.
2024-cü ildə Azərbaycanda və xaricdə keçirilmiş 54 beynəlxalq tədbirə 650 yerli və xarici nümayəndə qatılmışdır. Ölkənin müxtəlif bölgələrində 132 639 gəncin iştirakı ilə 4 773 tədbir həyata keçirilmişdir.
Azərbaycan gəncləri daim ölkənin inkişafında mühüm rol oynayıb və bu gün də öz bilikləri, bacarıqları və vətənpərvərlik ruhu ilə ölkəmizin parlaq gələcəyini formalaşdırırlar. 2 Fevral – Azərbaycan Gəncləri Günü təkcə bir bayram deyil, həm də gənclərin cəmiyyətin hər sahəsində oynadığı əhəmiyyətli rolu vurğulayan bir gündür. Bu əhəmiyyətli gün, gənclərimizin uğurlarını qeyd etməklə yanaşı, onların inkişafı və rifahı üçün daha çox imkanlar yaradılmasının vacibliyini bir daha xatırladır. İnanıram ki, Azərbaycan gəncləri öz zəhmətləri və ideyaları ilə ölkəmizi daha da irəli aparacaq, milli dəyərlərimizi qoruyaraq müasir dünyaya uğurla inteqrasiya edəcəklər. Bu yolda hər bir gəncə uğurlar və yeni nailiyyətlər arzulayırıq!
Ziyafət Əsgərov,
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini