01 fevral 2025 17:22
119

Gənclər siyasəti: milli maraqlarla mənəvi dəyərlərin vəhdəti

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə gənclər sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Ulu Öndər gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən edən bir çox fərman və sərəncamlar imzalamışdır.

Heydər Əliyev çıxışlarında vurğulayırdı ki, gənclər millətin irsini, mədəniyyətini və dövlətçiliyini qoruyub inkişaf etdirmək üçün əsas sütundur. Ümummilli Liderin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması gənclər siyasətinin institusional əsaslarını möhkəmləndirdi. 1997-ci il 2 fevral tarixində Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Gəncləri Günü elan edildi. Bu qərar gənclərin dövlət siyasətində nə qədər vacib yer tutduğunu və onlara göstərilən diqqəti bir daha təcəssüm etdirirdi.

Heydər Əliyevin gənclər siyasəti təkcə təhsil və məşğulluq deyil, həm də gənclərin milli-mənəvi dəyərlərə bağlılığını və onların cəmiyyətdə fəal iştirakını təmin etmişdir. Məhz bu yanaşma nəticəsində Azərbaycan gəncləri müasir dövrün tələblərinə uyğun olaraq yeni bilik və bacarıqlara yiyələnirlər.

Ulu Öndərin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən daha geniş və əhatəli şəkildə davam etdirilir. Dövlət başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi dəyərləndirilir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb.

2009-cu il iyunun 9-da “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Gənclərin ictimai fəallığını artırmaq və dövlət idarəetməsinə inteqrasiyasını təmin etmək məqsədilə könüllülük hərəkatı qısa müddətdə geniş vüsət almışdır. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında Sərəncam imzalayıb.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyulub. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

Gənclər siyasətinin mühüm istiqamətlərindən biri də Azərbaycan gənclərinin beynəlxalq təcrübəyə inteqrasiyası və cəmiyyətdə rəqabətədavamlı fərdlər kimi yetişdirilməsidir. “Qara qızıl”ın insan kapitalına çevrilməsi strategiyasının icrası çərçivəsində gənclərin qabaqcıl xarici təhsil proqramlarına cəlb edilməsi təşkil olunmuşdur. Dövlət Proqramı çərçivəsində hər il 500 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulmuşdur. Xaricdə təhsil alan və beynəlxalq arenada təcrübə qazanan gənclər ölkəmizin qlobal miqyasda mövqeyinin gücləndirilməsinə töhfə verir.

Həmçinin, gənclərin startaplar, innovativ texnologiyalar və sahibkarlıq sahələrinə cəlb olunması iqtisadiyyatın modernləşməsinə təkan verir. Gənclərin məşğulluğu və sosial təminatının gücləndirilməsi onların sosial müdafiəsini təmin edir.

2020-ci ilin Vətən müharibəsində və 2023-cü ildə keçirilən lokal xarakterli antiterror əməliyyatlarında gənclərimiz şanlı zəfərlərin əldə olunmasında mühüm rol oynamışdır. Azərbaycan gəncliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar edilməsində böyük şücaət göstərib, vətənpərvərlik və qələbə əzmini bütün dünyaya nümayiş etdirmişdir.

Azərbaycanda gənclər siyasəti ölkənin strateji inkişaf planlarının əsas komponentlərindən biridir. Gənclərə göstərilən diqqət onların təhsilindən, məşğulluğundan tutmuş, sosial inkişafına və beynəlxalq inteqrasiyasına qədər hərtərəfli dəstəyi əhatə edir. Bu siyasət gəncləri gələcəkdə cəmiyyətin fəal iştirakçıları kimi yetişdirməyi hədəfləyir. Dövlət gənclər siyasəti həm milli, həm də qlobal miqyasda rəqabətədavamlı bir cəmiyyətin qurulmasına xidmət edir. Bu, dövlətin uzunmüddətli inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir.

Nurlan Həsənov,

Milli Məclisin deputatı